Xələf Xələfov Almaniyada səfərdə olub
10 Fevral 2016 14:50 SiyasətCari ilin 9 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Berlinə işçi səfəri çərçivəsində Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke və Almaniya Federal Kansler Administrasiyasında Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Knut Abrahamla görüşlər keçirib.
Xələf Xələfov Azərbaycanın Almaniya şirkətləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və ölkəmizin Almaniyanın cari ildə ATƏT sədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid etdiyini bildirib. Nazir müavini ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında oynadığı fəal rolu və ölkə iqtisadiyyatının modernləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli islahatları vurğulayıb. Almaniya hökumətinin nümayəndələri Azərbaycanın Almaniyanın regionda mühüm siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd ediblər, ölkəmizin Asiya və Avropa arasında nəqliyyat-kommunikasiya qovşaqlarının əlaqələndirilməsi və inkişafında göstərdiyi səyləri yüksək qiymətləndiriblər.