Qars müqaviləsinin pozulması Rusiyaya daha çox ziyan vuracaq

Rusiya parlamentində "Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir" çağırışlarından narahat olmağa dəyməz. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu müqavilə pozularsa yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq: "Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacaqsa Türkiyə üçün Cənubi Qafqazda istədiyi kimi hərəkət etmək üçün məhdudiyyət qalmayacaq. Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozulacaqsa Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa Ermənistan ora burnunu soxmağa risk etməyəcək.
Və nəhayət bu illərdə Qars müqaviləsinin varlığı Rusiyanı nədənsə çəkindirirmiş və ya Kreml bu müqavilənin bəndlərinə riayət edirmiş? Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır və Rusiya birbaşa işğalçı Ermənistana dəstək verdiyini gizlətmir. Bunun özü Qars müqaviləsinə ziddir. Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00