Azərbaycana qarşı təzyiqlər heç bir effekt verməyəcək
5 Fevral 2016 14:20 Siyasət"Ölkə Prezidenti cənab İlham Əliyev həm iqtisadi blokla keçirdiyi müşavirədə, həm regionlarla bağlı məlum dövlət proqramının icrasının iki illiyinə həsr olunmuş son konfransda, həm də gənclərlə olan görüşündə cox ciddi mesajlar səsləndirdi, çox əhəmiyyətli çağırışlar ortaya qoydu. Dövlət başçısı xüsusilə, dünyada yaşanan və hələ də sonu görünməyən qlobal maliyə-iqtisadi böhran fonunda, Azərbaycanın öz sürətli inkişaf xəttini qoruyub saxladığını, bu xəttin bundan sonra da qətiyyətlə, davam etdiriləcəyini, eyni zamanda, Azərbaycana qarşı səngiməyən təzyiqlərə, ikili standartlara baxmayaraq, ölkəmizin bu təzyiqlər qaşısında duruş gətirdiyini və gətirəcəyini bəyan etdi". Bu fikirləri millət vəkili Eldəniz Səlimov dilə gətirib. Millət vəkili bildirib ki, Azərbaycana qarşı təzyiqlər, ikili standartlar da heç kim üçün əslində sirr deyil və heç şübhəsiz ki, bunlar təsadüfi xarakter daşımır. E. Səlimovun qeyd etdiyinə görə, dövlət başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, dünyada davam edən böhrana, onun Azərbaycana müəyyən təsirlərinə baxmayaraq, ölkəmiz sürətli, dinamik inkişaf xəttini qoruyub saxlaya bilib, hətta, Ümumi Daxili Məhsulda 3 faizlik artım belə müşahidə olunub: "Bu, onun göstərir və onun göstəricisidir ki, Azərbaycan dövləti ölkə rəhbərliyinin, xüsusilə, dövlət başçısı İlham Əliyevin son dərəcədə düşünülmüş və uzaq gələcəyə hesablanmış iqtisadi-siyasi kursu nəticəsində buna nail olub. Özünü qlobal böhrandan, iqtisadi-siyasi kataklizmlərdən uzaq tuta bilib. Və bu xətt, bu kurs ardıcılıqla bundan sonra da davam etdiriləcək. Buna Azərbaycan dövlətinin həm əzmi, həm qüdrəti yetir. Bütün bunlar da təbii ki, beynəlxalq aləmdə dostlarımızı sevindirdiyi kimi, düşmənlərinmizi, ermənipərəst anti-Azərbaycan dairələri də möhkəm qıcıqlandırır, kədərləndirir. Onlar heç cür və heç bir vəchlə Azərbaycanın müstəqilliyini, onun müstəqil dövlət siyasətini, müstəqil inkişaf xəttini qəbul etmək istəmirlər. Onlar ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, Azərbaycanı son dərəcədə gücsüz, zəif görmək istəyirlər və bu baxımdan da, bütün vasitələrlə ölkəmizə qarşı təzyiqləri artırır, hər bir məsələyə qərəzli, ikili standartlar mövqeyindən yanaşırlar. Biz bunu Avropa Parlamentinin timsalında da, ATƏT-in Minsk qrupu və onun digət təsisatlarının timsalında da, Avropa Şurası Parlament Assambleyasının timsalında da açıq-aydın görürük. Bu təşkilatlar sanki ermənipərəst anti-Azərbaycan dairələrinin maraqların müdafiəçi rolunda çıxış edirlər. Bunu Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycanla bağlı qətnamənin qəbuluna mane olunmasında da bir daha aydın gördük. Xüsusilə də, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu sessiyadan öncə həmin qətnamə ilə bağlı səsləndirdikləri mövqe vasitəçilik missiyasına heç cür uyğun gəlmirdi, bu missiya ilə tamam daban-dabana zidd olan bir mövqe idi. Məhz həmin həmsədr dövlətlərin AŞPA-dakı nümayəndələri üzərində basqısı, təzyiqi nəticəsində də məlum qətnamə qəbul olunmadı. Bunlar ədalətsizliyin və qeyri-obyektivliyin növbəti əyani sübutu idi. Ancaq Azərbaycan bu illər ərzində çox təzyiqlər, haqsız hücumlar görüb və onların hər birinin qarşısını da zamanında qətiyyətlə, alıb. Azərbaycana təzyiqlər atrdıqca, ölkəmiz əksinə, daha da güclənib, dünyada daha da böyük nüfuz sahibinə çevrilib. Odur ki, bundan sonra da Azərbaycana qarşı təzyiqlər heç bir effekt verməyəcək, məlum dairələr növbəti dəfə fiaskoya uğrayacaqlar, ən əsası isə Azərbaycan dövləti cənab prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti uğurundan-uğuruna doğru inamla, əzmlə addımlayacaq". Millət vəkili Jalə Əliyeva qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu və onun həımsədrlərindən ölkəmizə qarşı çox ədalətsiz yanaşma görmüşük. Biz hələ təxminən 7-8 il öncə parlamentdə və mətbuatdakı çıxışlarımızda ATƏT-in Minsk qrupu, həmsədrlərlə bağlı çox sərt fikirlərimizi səsləndirmişdik, qeyd etmişdik ki, onların heç bir fəaliyyəti yoxdur, nə işlə məşğul olduqları bilinmir və əslində onlar təcavüzkar Ermənistanın, erməni lobbisi və diasporunun, bütövlükdə ermənilərin maraqlarının müdafiəçisi qismində, rolunda çıxış edirlər. Onlar təcavüzkara, işğalçıya real mexanizmlərlə təzyiq, təsir göstərmək əvəzinə, işğalçı ilə işğala, təcavüzə məruz qalanı eyniləşdirirlər, daha çox işğaldan, təcavüzdən əziyyət çəkən Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Bunlar isə olduqca yolverilməz və qəbuledilməz haldır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti ötən illər ərzində işğalla, təcavüzlə barışmadığı kimi, vasitəçilik missiyası pərdəsi altında bu missiya ilə daban-dabana zidd fəaliyyət sərgiləyən ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin də ədalətsiz, qərəzli mövqeyi ilə heç cür razılaşmır, barışmır, razılaşmayacaq və barışmayacaq. ATƏT-in Minsk qrupu və həmsədrlər ya münaqişənin ədalətli həllində nəhayət, öz üzərlərinə götürdükləri missiyanı obyektiv şəkildə yerinə yetirməlidirlər, ya da kənara çəkilməli, Azərbaycana qarşı ikili standartlar siyasətinə, təcavüzkarın stimullaşdırılmasına son verməlidirlər. Bu, bizim haqlı tələbimizdir. Bir sözlə, Azərbaycan dövləti və xalqı bu günə kimi ölkəmizə qarşı haqsız, ədalətsiz hücumların, təzyiqlərin qarşısını müvəffəqiyyətlə aldığı kimi, bundan sonra da İlham Əliyevin rəhbərliyi altında bu təzyiqləri, təhdidləri qətiyyətlə dəf, öz ərazi bütövlüyü və suverenliyini tam təmin edəcək". Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı qeyd edib ki, Minsk qrupunun bugünkü fəaliyyəti tamamilə mənasızdır: "Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar".
Alim