"Dövlət başçısının fikirləri tam reallığı və Azərbaycanın haqlı mövqeyini əks etdirir"

Jalə Əliyeva: "Həmsədrlər ermənilərin maraqlarının müdafiəçisi rolunda çıxış edirlər"

"Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərlə görüşdə Azərbaycana qarşı ikili standartlarla, təzyiqlərlə, xüsusilə də, ATƏT-in Minsk qrupunun qeyri-obyektiv, son dərəcədə ədalətsiz fəaliyyəti ilə bağlı səsləndirdiyi sərt tənqidi fikirlər hər birimizin ürəyincədir". Bunu mətbuata açıqlamasında millət vəkili Jalə Əliyeva dilə gətirib. Onun sözlərinə, bu fikirlər tam reallığı və Azərbaycanın haqlı mövqeyini əks etdirir.

"Müstəqlliyimizin 25 ili ərzində biz əksər beynəlxalq təşkilatlardan, xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu və onun həımsədrlərindən ölkəmizə qarşı çox ədalətsiz yanaşma görmüşük. Mən hələ təxminən 7-8 il öncə parlamentdə və mətbuatdakı çıxışlarımda ATƏT-in Minsk qrupu, həmsədrlərlə bağlı çox sərt fikirlərimi səsləndirmişdim, qeyd etmişdim ki, onların heç bir fəaliyyəti yoxdur, nə işlə məşğul olduqları bilinmir və əslində onlar təcavüzkar Ermənistanın, erməni lobbisi və diasporunun, bütövlükdə ermənilərin maraqlarının müdafiəçisi qismində, rolunda çıxış edirlər. Onlar təcavüzkara, işğalçıya real mexanizmlərlə təzyiq, təsir göstərmək əvəzinə, işğalçı ilə işğala, təcavüzə məruz qalanı eyniləşdirirlər, daha çox işğaldan, təcavüzdən əziyyət çəkən Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Bunlar isə olduqca yolverilməz və qəbuledilməz haldır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti ötən illər ərzində işğalla, təcavüzlə barışmadığı kimi, vasitəçilik missiyası pərdəsi altında bu missiya ilə daban-dabana zidd fəaliyyət sərgiləyən ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin də ədalətsiz, qərəzli mövqeyi ilə heç cür razılaşmır, barışmır, razılaşmayacaq və barışmayacaq. ATƏT-in Minsk qrupu və həmsədrlər ya münaqişənin ədalətli həllində nəhayət, öz üzərlərinə götürdükləri missiyanı obyektiv şəkildə yerinə yetirməlidirlər, ya da kənara çəkilməli, Azərbaycana qarşı ikili standartlar siyasətinə, təcavüzkarın stimullaşdırılmasına son verməlidirlər. Bu, bizim haqlı tələbimizdir. Bir sözlə, Azərbaycan dövləti və xalqı bu günə kimi ölkəmizə qarşı haqsız, ədalətsiz hücumların, təzyiqlərin qarşısını müvəffəqiyyətlə aldığı kimi, bundan sonra da İlham Əliyevin rəhbərliyi altında bu təzyiqləri, təhdidləri qətiyyətlə dəf, öz ərazi bütövlüyü və suverenliyini tam təmin edəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00