Həmsədr dövlətlər Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırlar
Ona görə də, Azərbaycan hər cür vasitəçilikdən imtina etməlidir
4 Fevral 2016 15:00 SiyasətSon zamanlar bəzi KİV-də ABŞ və Avropanın aparıcı dövlətlərinin Qarabağ danışıqlarında Rusiyanın mövqeyinin zəiflədilməsinə yönəlmiş təşəbbüslər göstərmələrinə dair xəbərlər yayılmaqdadır. Məsələ bu xəbərlərin yayılmasında deyil, onların mahiyyətindədir. Belə xəbərlərdə, bilərəkdən və ya bilməyərəkdən, sətiraltı olaraq, güya ABŞ və Avropanın Qarabağ danışıqlarında Rusiyanın mövqeyinin zəiflədilməsinin Azərbaycanın xeyrinə olacağı fikrinin aşılanması cəhdi sezilir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının katibi Teyyub Qənioğlu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtondakı Kornegi Mərkəzində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ Dövlət Departamentinin rəsmi mövqeyinin nədən ibarət olduğunu açıqlamasını da unutmaq lazım deyil: "Ceyms Uorlikin ABŞ Dövlət Departamenti adından irəli sürdüyü 6 təklifə və onların doğura biləcəyi nəticələrə bir də nəzər salaq: Birinci təklif- Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdırlar ki, yekun statusun müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi qüvvəyə malik olacaq öz iradəsini ifadə etmə əsasında həyata keçiriləcək- Aralıq variantlar müvəqqəti olacaq. Əvvəla, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu sual altına alınır və qeyd edilir ki, Azərbaycan bununla razılaşmalıdır. İkinci, Dağlıq Qarabağa yekun statusunun Azərbaycanın razılığı ilə, öz iradəsini ifadə etmə əsasında, başqa sözlə referendum yolu ilə, müəyyən edilməsi şərti irəli sürülür ki, bu da Azərbaycan Konstitusiyasına ziddir. Üçüncü, bu təklif Azərbaycanın qeyd edilənlərə ciddi müqavimət göstərəcəyi halda bəzi güzəştlərə gedilməsini ehtiva edir, ancaq istənilən razılaşmanın müvəqqəti olacağını bəyan edir. İkinci təklif- Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir-. Biz bunu artıq görmüşük və nəticəsinin acısını yaşayırıq. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi yaranan ilk dövrlərdə onu SSRİ-nin və Azərbaycanın Konstitusiyaları əsasında həll etmək əvəzinə Sovet rəhbərliyi antiazərbaycan, ermənipərəst mövqe tutaraq, bu regionun tədricən Azərbaycandan ayrılması yolunu tutdu. Azərbaycanın hüquqlarını kobudcasına pozan və Azərbaycanın o zamankı rəhbərliyinin səriştəsizliyindən, acizliyindən istifadə edən SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də, Azərbaycan Konstitusiyasına zidd olaraq, ermənipərəst Arkadi Volskinin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaratdı. Sov.İKP MK Siyasi Bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi. Və sonrakı hadisələr göstərdi ki, Xüsusi İdarə Komitəsinin yaradılması regionun Azərbaycanın nəzarətindən de-fakto çıxarılmasının əsasını qoydu. İndi isə ABŞ Dqağlıq Qarabağın aralıq statusunun
müəəyən edilməsi təklifini irəli sürməklə onun həm də de-yüre Azərbaycanın tərkibindən çıxarılmasını-özü də Azərbaycanın razılığı ilə təklif edir". Teyyub Qənioğlu deyir ki, üçüncü təklif əsasən Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlıdır: " Ancaq Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır. Bu başdan ayağa riyakarlıqla dolu təklifdir. Fikir verin-Azərbaycanın yalnız Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş əraziləri üzərində suveren hüquqları tanınır, yəni ABŞ Daqlıq Qarabağ üzərində Azərbaycanın süveren hüququnu tanımır. Bu, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri kimi ABŞ-nın da, Dağlıq Qarabağın Azərbaycandan faktiki olaraq ayrılmsına çalışdığını sübut etmirmi? Dördüncü təklif- Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz- Bu təklifin mahiyyəti ondan ibarətdir ki, həmin dəhliz Azərbaycanın nəzarətində olmamalıdır və maraqlı tərəflərin əzəli Azərbaycan ərazisinə nəzarətsiz girişi təmin olunmalıdır! Bu dəhliz "bütün Laçın rayonunu əhatə edə bilməz" deməklə güya Azərbaycana güzəşt edirlər.Beşinci təklif- Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınmalıdır- Göründüyü kimi qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınmasından söhbət gedir, qayıtmalarından yox. Qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınması hələ onların öz doğma yurtlarına qayıtmasına icazə veriləcəyi anlamına gəlmir. Biz mehseti türklərinin Gürcüstana qayıtmaq hüququnun tanınmasının nəticələrini görürük. Nəhayət altıncı təklif- Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur. Bu təklifin mahiyyəti ondan ibarətdir ki, onun qəbul edilməsi gələcəkdə Azərbaycanın Dağlıq Qarabağ üzərində süveren hüququqlarının hərb yolu ilə bərpa ediləcəyini istisna edir. Başqa sözlə, Dağlıq Qarabağın əbədi itirilməsinə təminat verilir. Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, nə bütövlükdə ATƏT-in Minsk qrupu, nə də onun tərkibinə daxil olan həmsədr dövlətlər-ABŞ, Fransa və Rusiya- eləcə də, Avropa Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə deyil, onun Azərbaycandan ayrılmasına, bu de-yure mümkün deyilsə, hər vasitə ilə problemin dondurulmuş vəziyyətdə saxlanmasına çalışırlar. Ona görə də, Azərbaycan hər cür vasitəçilikdən imtina etməli, BMT-nın Nizamnaməsinə uyğun olaraq öz əzəli və əbədi torpaqlarını yağı düməndən hərb yolu ilə azad etməlidir".
Kamal