Oqtay Əsədov Yunanıstanın xarici işlər nazirini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin sədri bildirib ki, Azərbaycan Yunanıstanla əlaqələrin genişlənməsində maraqlıdır və ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir. Sədr Azərbaycanla Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolunu qeyd edib və bildirib ki, bu səfərlər zamanı iki ölkə arasında 21 mühüm sənəd imzalanmış, 9 sənəd isə baxılmaqdadır. İnanırıq ki, gələcəkdə iki ölkə arasında imzalanmış sənədlərin sayı daha da artacaqdır. Azərbaycanla Yunanıstan arasında parlamentlərarası münasibətlərdən danışan sədr ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin inkişafı üçün hər iki tərəfin geniş potensialı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, reallaşdırılan TAP layihəsi ölkələrimiz arasında ticarət dövriyyəsini daha da artıracaqdır. Azərbaycanın Milli Məclisində olmaqdan qürur duyduğunu deyən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias Yunanıstan parlamenti sədrinin salamlarını çatdırıb. Azərbaycanda olduğu müddətdə maraqlı görüşlər keçirdiyini vurğulayan qonaq xüsusilə Prezident İlham Əliyevlə keçirdiyi görüşü yüksək qiymətləndirib. Nikos Kotzias ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmlənməsinə hər zaman töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb. Qonaq xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və ticari, iqtisadi, həmçinin mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nikos Kotzias Yunanıstan parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının da parlamentlərarası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00