"Səlahiyyət sahibləri öz statuslarına adekvat vəziyyətdə deyildilər"

Elman Nəsirov: "Prezidentin 92-93-cü illərdəki hakimiyyətin simasını açıb göstərdiyi faktlar tam həqiqəti əks etdirir"

"Həqiqətən də heç kim üçün sirr deyil ki, 1992-93-cü illərdə hakimiyyətdə olan qüvvələr tam səriştəsiz idilər və bir çox hallarda da həmin iqtidarın yüksək çinli məmurları, səlahiyyət sahibləri öz statuslarına adekvat vəziyyətdə deyildilər". Bunu mətbuata açıqlamasında millət vəkili Elman Nəsirov ölkə Prezidenti İlham Əliyevin bu günlərdə gənclərlə keçirdiyi görüşdə AXC-Müsavat iqtidarı haqda səsləndirdiyi fikirlərə münasibətini bildirərkən deyib. "Məsələn, cənab Prezident o zamankı spikeri qeyd etdi ki, o insan doğrudan da, böyük bir ağıl, dərrakə sahibi olsaydı, elmi işini müdafiə edərdi, hansı ki, müdafiə edə bilməmişdi. Həmçinin, keçmiş dövlət katibi, daxili işlər naziri, xarici işlər naziri ilə bağlı fikirlərini söylədi, onların öz postlarına adekvat olmadığını vurğuladı. Yəni, həminki dövrdə Azərbaycanı idarə edən qüvvələr və onların təmsilçiləri bir çox parametrlər üzrə dövləti idarə etmək iqtidarında deyildilər"-deyən millət vəkilinin sözlərinə görə, ilk növbədə onların təcrübəsi yox idi, səriştəsiz idilər və eyni zamanda müxtəlif qüvvələrə xidmət edirdilər. "Belə olan vəziyyətdə də təbii ki, Azərbaycanın düşdüyü o ağır durum "labüd, qaçılmaz" idi. Onların səriştəsizliyi təəssüflər olsun ki, məhz belə açı sonluğa gətirib çıxarmalıydı. Yəni, onlar Azərbaycanı idarə etmək iqtidarında deyildilər və elə "nəticə də" məhz məlum nəticə oldu. Eyni zamanda, mən də o fikirlə tam şərikəm ki, Azərbaycan müstəqillik əldə edərkən, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etsəydi, heç başımıza həmin o müsibətlər, həmin o faciələr də gəlməzdi. O illərdə siyasi şərait çox mürəkkəb idi. SSRİ dağılıb, bütün iqtisadiyyat çöküb və eyni zamanda, Ermənistanın təcavüzkar hərəkətləri, paralel olaraq ölkədə vətəndaş müharibəsi reallığı və belə bir vəziyyətdə də səriştəsiz insanların hakimiyyəti zəbt etməsi fəlakətə aparıb çıxaracaqdı. Bu, labüd idi, bu da baş verdi. Ona görə hesab edirəm, cənab Prezidentin həmin çıxışı, orada qoyduğu yanaşmalar və 92-93-cü illərdəki hakimiyyətin simasını açıb göstərdiyi faktlar tam həqiqəti əks etdirir. Ən başlıcası isə odur ki, bunları biz özümüz də görmüşük, öz gözümüzlə bunların şahidi olmuşuq və bu baxımdan hesab edirəm ki, indiki gənc nəsil üçün də bunlar çox lazımlı məsələlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00