BMT Baş katibinin müavini UNEC-də
3 Fevral 2016 14:34 SiyasətBMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) içraçı katibi xanım Şamşad Axtar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Ş.Axtarın iştirakı ilə keçirilən sessiyada UNEC-in rektoru, professor Ədalət Muradov iştirakçılara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC ölkə xaricində filialı olan yeganə ali təhsil ocağıdır. Universitetin hədəflərinı açıqlayan rektor UNEC-in Webometrics reytinqə görə Azərbaycan universitetləri arasında birinci yerdə olduğu qeyd edib. Bu gün isə UNEC-in QS reytinqinə düşməsi istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb. İqtisad Universitetində olduğundan məmnunluğunu bildirən xanım Şamşad Axtar UNEC-dəki yenilikləri yüksək qiymətləndirib. Sessiyadan sonra xanım Ş.Axtarla UNEC rektoru Ə.Muradovun görüşü olub. Görüşdə birgə əməkdaşlıq, gələcək perspektivlər barədə danışılıb. UNEC-də UNESCAP-in beynəlxalq ticarət üzrə mərkəzinin yaradılması, tələbələrin UNESCAP Katibliyində, yaxud UNESCAP-ın Almatı şəhərində yerləşən Şimali və Mərkəzi Asiya üçün sub-regional ofisində təcrübə keçmələri, UNESCAP Katibliyi tərəfindən nəşrlərin UNEC-in kitabxanasına töhfə edilməsi və digər məsələlər müzakirə edilib.