Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədr müavini, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyan vəzifəsindən kənarlaşdırılaraq istefaya göndəriləcək.

Səbəb ötən ilin noyabrında AŞPA-nın komitələrində Ermənistanın işğalçı dövlət kimi göstərildiyi iki qətnamə layihəsinin hazırlanması və bu qətnamələrdən birinin AŞPA tərəfindən qəbul olunmasıdır.
Söhbət AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı AŞPA-nın Bosniya və Herseqovinadan olan deputatı Militsa Markoviçin "Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi" və Böyük Britaniyadan olan deputat Robert Uolterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi" hesabatlarından gedir.

Markoviçin layihəsi qəbul olundu, Uolterin hazırladığı sənəd isə çox cüzi səs çatışmazlığı ilə qəbul edilmədi.
Rəsmi Yerevanda AŞPA-da qəbul olunan və Ermənistan mediasında "Sərsəng zərbəsi" adlandırılan "Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnaməsini sözügedən qurumdakı erməni nümayəndə heyətinin yarıtmaz fəaliyyəti sayıb. Bu səbəbdən də E.Nağdalyanın istefaya göndərilməsinə qərar verilib.
Onun yerinə iqtidardakı Ermənistan Respublika Partiyasının üzvü, ölkə parlamentinin deputatı Samvel Farmanyanın təyinatı gözlənilir.
Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat xidmətinin rəhbəri olmuş S.Farmanyan ötən ilin sentyabrında AŞPA-dakı nümayəndə heyətində Arpine Hovannisyanı əvəzləmişdi.

A.Hovannisyan Ermənistanın ədliyyə naziri təyin ediləndən sonra Yerevandakı rejim AŞPA-da "mümkün qədər yaxşı danışan" adam axtarırdı.
Əslində Ermənistan mediası hələ ötən ayın əvvəllərində bildirmişdi ki, əgər Militsa Markoviç və Robert Uolterin hazırladıqları qətnamə layihələri AŞPA-da qəbul olunarsa, Ermine Nağdalyan nümayəndə heyətinin rəhbəri vəzifəsindən mütləq şəkildə kənarlaşdırılacaq.
Ötən ilin noyabr ayında E.Nağdalyan bəhs etdiyimiz sənədlərin AŞPA komitələrində müzakirələrinə mane ola bilmədiyi üçün erməni mediasında sərt tənqid olunmuşdu. İqtidar mənsubları ilə bahəm, erməni müxalifətinin liderləri də Nağdalyanı "biveclik, bacarıqsızlıq"da suçlamışdılar.
Həmin vaxtlarda Ermine Nağdalyan özünə bəraət qazandırmağa çalışmış, AŞPA-dakı nümayəndə heyətində yer almış müxalifətçi deputatları suçlamışdı: "Müxalifətin fərqli, özünəməxsus davranış tərzi var. Beynəlxalq qurumlarda həmrəy oluruq, eyni mövqedən çıxış edirik. Evə qayıdan kimi hərə barrikadanın bir tərəfinə çəkilir, qarşılıqlı ittihamlar başlanır".
Ötən ilin noyabrında E.Nağdalyanı istefadan bəraətləri yox, "hami"si xilas etdi.

Serj Sarkisyan sədri olduğu Ermənistan Respublika Partiyasının İcraiyyə Komitəsinin ötən il son iclasında deputat E.Nağdalyana qəzəblənərək demişdi: "Rəfiqələrinizi yanıma danışıqlara yollamağınız yetər!"
Ermənistan prezidenti "rəfiqələr" dedikdə arvadı Rita Sarkisyanı nəzərdə tuturdu.
Sarkisyan əslində özünü suçlamalı, özünə qəzəblənməliydi. Çünki Ermine Nağdalyanın Ermənistan parlamentinin sədr müavini postuna təyinatı bilavasitə Rita Sarkisyanın "təqdimat"ı sayəsində mümkün olmuşdu.
Parlamentin sədri, yəni spikeri Ovik Abramyan isə Rita Sarkisyanın nəzarətindəki oliqarxlardan biri olduğundan, bu təyinat sürətlə reallaşmışdı.
Serj Sarkisyan təyinatdan sonra E.Nağdalyanı yanına çağırmış, "Hə, Ermine, indi get, işlə" demişdi.
Ermine Nağdalyan da işlədi.
Sonuc isə bəlli: Ermənistan parlamentinin vitse-spikeri və ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri yeganə "istedad və bacarığı" prezidentin arvadının rəfiqəsi "status"u olan qadın, primitiv təfəkkürlü və qüsurlu şüurlu insandır.
Üstəlik o, Rita Sarkisyanın biznes imperiyasının "mühasib"i kimi də tanınır. Ermənistanda tamahkarlığı, kobudluğu və aqressivliyi ilə ad çıxarmış bu qadın hər sahədə gəlir əldə etmək istəyir. Məsələn, Yerevan-Sisyan marşrutu ilə hərəkət edən avtobuslara nəzarəti ələ keçirəndə o, maliyyə nazirini hədələmiş, "sənin dərini soydurub özünə verərəm" demişdi.
Özünü "incəsənət duyumlu, mədəniyyət və tarixə bələd ziyalı" kimi göstərməyə çalışan E.Nağdalyan bir ara Rusiyanın Yerevanda yaratdığı, erməni üzvlərinin əksəriyyəti məmurlardan və oliqarxların xanımlarından ibarət "Qriboyedov Klubu"nun üzvü idi.

Amma bu klubdakı çıxışlarından birində E.Nağdalyan Sergey Yeseninlə Mixail Lermontovu səhv salanda lağa qoyulmuşdu və Ermənistan prezidentinin arvadı Rita Sarkisyan da rəfiqəsinə daha çox biabır olmamaq üçün klubu tərk etməyi "məsləhət" bilmişdi.
E.Nağdalyan AŞPA-da da Sarkisyanın ümidlərini doğrultmayıb.
Əcəba, bu dəfə Rita rəfiqəsi Erminenin dadına çata biləcəkmi?
Elçin Alıoğlu
Milli.Az