Azərbaycan Türkiyə və Rusiya arasında əməkdaşlığın bərpa olunması üçün səy göstərir
3 Fevral 2016 12:29 Siyasət"Əlbəttə, biz narahatçılıq keçiririk. Bu, bizim Türkiyə, eləcə də Rusiya rəsmiləri ilə müzakirələrimin tərkib hissəsi olub. Mən həm Türkiyənin, həm Rusiyanın xarici işlər nazirləri ilə bu məsələni müzakirə etmişəm". Bunu xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsində Azərbaycanın mövqeyi və Qafqaz regionuna təsiri ilə bağlı sualı cavablandırarkən deyib. Nazir deyib ki, biz çalışırıq ki, bu vəziyyət keçmişdə qalsın və təkcə Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri deyil, digər sahələrdə də əməkdaşlığı çətinləşdirməsin: "Bizim Türkiyə ilə strateji əlaqələrimiz vardır, bir sıra önəmli sənədlər imzalamışıq, həmçinin Rusiya ilə də strateji tərəfdaşlığımız vardır. Hər iki ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasındadır. Ölkələrimiz arasında iqtisadi əlaqələr, siyasi anlaşma yüksək səviyyədədir. Prezidentlər, xarici işlər nazirləri, digər hökumət üzvləri səviyyəsində qarşılıqlı səfərlərimiz olur. Azərbaycan bu ölkələr arasında əməkdaşlığın bərpa olunması üçün səy göstərir və yollar axtarmağa çalışır".