Fəzil Ağamalı: “Təzyiqlər artdıqca Azərbaycan daha da güclənib, müqavimət gücünü daha da artırıb”

Ermənipərəst anti-Azərbaycan dairələr tərəfindən Azərbaycana qarşı təzyiqlər hər zaman mövcud olub ki, bu da dövlətimizin tutduğu müstəqil siyasət, sürətli inkişaf yolu ilə bağlıdır. Bunu Gün.Az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı dilə gətirib. Onun sözlərinə görə, bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyevin gənclərlə keçirilən görüşündə də dövlət başçısı tərəfindən bir daha bu məqama toxunulub və bir daha Azərbaycan dövlətinin bu istiqamətdə qətiyyətli mövqeyi ortalığa qoyulub. "Ümumiyyətlə, bizə qarşı təzyiqlərin, ikili standartların nümunələrini çox görmüşük. İstər Avropa Parlamenti səviyyəsində, istər ATƏT və onun müxtəlif təsisatları səviyyəsində, istərsə də Avropa Şurası, onun Parlament Assambleyası səviyyəsində. Sizə də məlum olduğu kimi, elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı növbəti ədalətsizliyin şahidi olduq. Azərbaycanla bağlı qəntaməyə edilən təpki, yəni, orada iştirak edən həmkarlarımızın dediyi kimi, səslərin saxtalaşdırılmasına qədər addımların atılması, o cümlədən, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin öz deputatları üzərində təsiri, onlara təzyiq göstərməsi nəticəsində  məlum sənəd cüzi səs çoxluğu ilə qəbul olunmadı. Bütün bunlar var və eyni zamanda, əlbəttə, Azərbaycan da istənilən beynəlxalq təşkilatın, istənilən anti-Azərbaycan qüvvələrin qarşısında bir dövlət olaraq bu günə qədər öz iradəsini ortalığa qoymaqla onlara müqavimətini göstərib, onların təzyiqləri Azərbaycana hər hansı şəkildə mənfi təsirini göstərməyib. Onların Azərbaycana təzyiqlərinin-qərəzli mövqelərinin miqyası  artdıqca, Azərbaycanın da paralel şəkildə gücü, qüvvəsi, beynəlxalq aləmdə nüfuzu artıb.

Bu müqayisə bilmirəm nə qədər yerinə düşür - dəmir döyüldükcə bərkidiyi kimi, Azərbaycana təzyiqlər artdıqca Azərbaycan daha da  güclənib, müqavimət gücünü daha da artırıb. Burada da əsas məqam kimi iqtidarla xalqın vəhdəti böyük rol oynayıb. Bu gün Azərbaycanda İlham Əliyev-xalq vəhdəti var.

Heç şübhəsiz, bu vəhdət imkan verir ki, Azərbaycan bundan sonra da olacaq bütün təzyiqlərə güc gələcək, öz uğurlu inkişaf yolunu davam etdirəcək və heç bir qüvvə onu öz yolundan döndərə bilməyəcək" - deyə, F.Ağamalı daha sonra sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00