“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində...
2 Fevral 2016 16:02 Siyasət"Azadlıq" qəzetinin 2 fevral 2016-cı il tarixli sayında "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır".- bu başlıqla çıxan yazını oxuyan oxucu sizcə nə düşünməlidir? Ölkədə sosial gərginliyin son həddə olmasını, işsizliyin kütləvi hal aldığını, əmək hüquqlarının qorunmadığını... bir sözlə, yalnız mənfi assosiasiyalar. Yazı xüsusən də jurnalistikanın "canlı janrı"nda-reportaj janrında qələmə alınıbsa, məhz belə assosiasiyalar da doğurur. "Reportaj" fevralın ilk günü sosial şəbəkələrdə paylaşıldıqdan sonra ona verilən şərhlər də onun sırf siyasi məqsədlə, sosial narazıları qızışdırmaq məqsəd ilə hazırlanmasına buna sübutdur. Amma siyasi qarayaxma kampaniyasına xidmət edən yazının "canlı" olmaması, 6 il əvvəl "Yeni Müsavat"da hazırlanmış reportajın plagiat edilməsi daha iyrəncdir. 6 il əvvəl olmuş və ya o zamanda hansı siyasi məqsədlər naminə yazılmış reportajı "manatın devalvasiyasından sonrakı Azərbaycan reallığı" kimi təqdim etməyin necə qiymətləndirməyi oxucuların öhdəsinə buraxırıq.
"Yeni Müsavat" qəzetimizdə olaraq, 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsini və müəlliflik hüququnun niyə tanınmamasını araşdırmaq üçün öncə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladıq.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı isə məsələyə facebook statusunda aydınlıq gətirib. O, bildirib ki, bu yazı facebook istifadəçiləri tərəfindən onlara göndərilib: "Bu yazını dünən dostlar "facebook"da görüb və dərc olunmaq üçün bizə göndəriblər. Bizim uşaqlar da olduğu kimi dərc ediblər. Bəzi saytlar da yazını bizə istinadən təkrar tirajlayıblar. Sağ olsun, Azər Ayxanın xatırlatmasından sonra məsələni araşdırdıq və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində Günay Musayeva tərəfindən yazıldığı məlum oldu. Saytımızda düzəliş etdik..."
Yazının müəllifi, jurnalist Günay Musayeva isə, bildirib ki, yazının yenidən gündəmə gəlməsi müsbət hal olsa da, müəllif hüququnun pozulması arzuolunan deyil: "Xural.com saytının mənim 2010-cu ildə dərc olunan yazımı yenidən gündəmə gətirməsi müsbət bir haldır. Çünki, bu problem indi də qalmaqdadır".
Nərgiz Liftiyeva,
Musavat.com