Azərbaycanın müstəqil siyasəti
AntiAzərbaycan qüvvələrinin “kürkünə birə salıb”
2 Fevral 2016 13:52 SiyasətMüstəqillik əldə etdikdən sonra Azərbaycanın yürütdüyü daxili və xarici siyasət bir sıra ölkələr üçün sözün əsil mənasında başağrısına çevrilib. Bu illər ərzində ölkəmizin əldə etdiyi iqtisadi və siyasi uğurlari heç cür antiAzərbaycan qüvvələri tərəfindən həzm oluna bilmir. Məhz bu səbədən mütəmadi olaraq ölkəmizə qarşı təzyiq kampaniyaları aparılır. Ancaq bütün təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan tam müstəqil siyasət yürüdür. Xüsusən, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ölkə başçısı Azərbaycanı qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib. Artıq müasir iqtisadi böhran şəraitində bu iqtisadi müstəqillik daha qabarıq şəkildə büruzə verməkdədir. Belə ki, dünya ölkələri iqtisadi tənəzzül şəraitində yaşadıqları bir məqamda Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr icra edilməkdədir. Məhz bu kimi uğurları gözü götürməyən bəxah qüvvələr bütün gücünü Azərbaycanın imicinə xələl gətirməyə yönəldib. Təəssüflər olsun ki, Azərbaycanı istəməyən qüvvələr öz çirkin niyyətlərini reallaşdırmaqdan ötrü müxtəlif kütləvi informasiya vasitələrini bu işə cəlb ediblər. Özünü azad söz, fikir plüralizmi daşıyıcısı elan etmiş bəzi media qurumları xüsusi canfəşanlıqla verilən sifarişləri icra etməkdədirlər. Sirr deyil ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünya siyasətinə təsir imkanları artmaqdadır. Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha aydın görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır.
Azərbaycan diplomatiyasının dünya siyasətinə təsir imkanlarının artığını dərk edən erməni lobbisinin təsiri altında olan qüvvələr müxtəlif yollarla ölkəmizə təzyiq etməyə çalışırlar. Onu da qeyd edək ki, həmin qüvvələrin ölkəmizə qarşı təzyiq vasitələrinə əl atmaları yeni bir hərəkat deyil. Uzun illərdən bəri həmin qüvvələr gizli, yaxud açıq şəkildə öz məkirli xislətlərini ortaya qoyublar. Ölkəmizə düşmən mövqeyi ilə fərqlənən müəyyən xarici və daxili qüvvələr davamlı uğurlarımıza qısqanclıqla yanaşaraq zaman-zaman çirkin təbliğat kampaniyaları aparıblar. Xüsusən, Azərbaycanda hər hansı beynəlxalq tədbir öncəsi fəallaşan bu qüvvələr ölkəmizə qarşı əsassız iftiralar yağdırmaqdan belə çəkinmirlər. Biz bu çirkin kampaniyanın ilk Avropa Oyunları ərəfəsində də şahidi olduq. Məqsədyönlü şəkildə kampaniya aparan antiazərbaycançı şəbəkə əvvəlcə "İdman və İnsan Haqları Alyansı" adlı koalisiya yaratmaqla ölkəmiz barədə mənfi rəy formalaşdırmağa uğursuz cəhdlər etdi. Qondarma alyansda "Human Rights Watch", "Amnesty International", "Transparency International" təşkilatının Almaniya bölməsinin yer alması qərəzli kampaniyanın detallarını üzə çıxarmağa imkan verdi. Avropa Oyunlarının açılışına iki gün qalmış isə Avropa Parlamenti antiazərbaycan qətnaməsini müzakirəyə çıxarsa da, qətnamə qəbul edilmədi. Erməni lobbisinin təsiri altında olan həmin dairələr Azərbaycanın nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək məqsədi güdürdülər.
İndi də antiAzərbaycan qüvvələr dünya bazarında neftin ucuzlaşmasından sonra ölkəmizdə yaranmış müvəqqəti çətinliklərə sevinir və uydurmalar yayırlar. Məsələ orasındadır ki, nəinki Cənubi Qafqazda, eləcə də bütövlükdə dünya ölkələri sırasında neftin ucuzlaşmasından ən az əziyyət çəkən ölkələrdən birinin də Azərbaycan olmasına baxmayaraq maraqlı qüvvələr olmayan hadisələri boynumuza yazmaqdan belə çəkinmirlər. Hətta Azərbaycanın guya beynəlxalq maliiyə qurumlarından yardım istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkəmizi gözdən salmağa cəhd edirlər. Məsələn, "Financial Times" qəzeti məqalə dərc edib ki, guya Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardım istəmişdir. Ancaq dövlət başçısı İlham Əliyev gənclərlə görüşündə birmənalı şəkildə bəyan etdi ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Bu, yalandır. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər möhkəmdir. Beynəlxalq aləmdə nüfuzlu mətbu orqan belə yalanlar dərc etməsi bizə qarşı növbəti bir kampaniyadır. Xarici mətbuat qabardır ki, Azərbaycanda kütləvi etirazlar baş veribdir. İndi sual olunur - cəmi bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər?" Baş verənlərin müqayisəsini aparsaq açıq-aydın görərik ki, bəzi xarici mətbuat əksər məslələrdə ikili standartlarla çıxış edir. Məlum olduğu kimi Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Lakin bir dənə də olsun xarici mətbu orqanı bunu işıqlandırmadı. Belə mövqe isə sözün həqiqi mənasında ikili standartın təzahürüdür. Bütün bunlara baxmayaraq Azərbaycan dövlərin və xalqın maraqlarına uyğun siyasətini yürütməkdə davam edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev bildirib ki, ölkəmizdə həyata keçirilən siyasət Azərbaycan maraqları üzərində qurulub: "Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda "beşinci kolon"un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər". Onu da qeyd edək ki, Azərbaycan xalqı dəfələrlə belə hücumlara məruz qalıb və hər dəfə də bu mübarizədən qalıb çıxıb. Növbəti hücumlardan da alnı açıq, üzü ağ çıxacağına heç kim şübhə edə bilməz. Baxmayaraq ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət antiAzərbaycan qüvvələrinin "kürkünə birə salıb".
Alim