ADP ABŞ səfirliyinə etiraz məktubu göndərəcək

“Freedom House”-un ədalətsiz mövqeyinə görə

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda son zamanlar Azərbaycan-Ermənistan sərhədində atəşkəsin tez-tez pozulmasından və ordumuzun itki verməsindən narahatçılıq ifadə edilib, bu hadisələr rus-erməni hərbi birləşmələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən təxribat kimi dəyərləndirilib. Partiya Azərbaycan hökumətini bu provakasiyaların qarşısını almaq üçün Rusiya dövlətinə öz iradlarını çatdırmağa çağırıb. İdarə Heyəti vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan "Freedom House"-un "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatında Dağlıq Qarabağı Azərbaycandan ayrı, müstəqil dövlət kimi təqdim edərək, "qismən azad olan ölkə"lər sırasında göstərməsini kəskin şəkildə pisləyib. ADP hesab edib ki, həmin təşkilatın separatçı Dağlıq Qarabağ rejimini dövlət kimi tanımaq cəhdi onun ədalətli mövqeyinə ciddi zərbə vurur. İdarə Heyəti "Freedom House" təşkilatının bu ədalətsiz mövqeyinə cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinə etiraz məktubunun göndərilməsini qərara alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00