Həmsədrlərin vasitəçiliyindən imtina etmək çətin iş deyil

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək çətin bir iş deyil. Çətinlik bu qərardan sonra yaranacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "Atlas" Araşdırmalar Qrupunun rəhbəri Elxan Şahinoğlu səsləndirib. Bildirib ki, bu halda masadan qalxan tərəf olacağıq: "Bizim qərarın əksinə olaraq isə İrəvan Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən razı qaldığını bəyan edəcək və beynəlxalq aləmdə özünü "sülhpərvər" kimi sırımağa çalışacaq və istədiyi nəticəni əldə edəcək. Onsuz da həmsədrlər illərdir işğalla bağlı status-kvonu qoruyurlar. Bu da Ermənistanın xeyrinədir. Bilməliyik ki, həmsədrlərdən imtinamız sülh danışıqlarının nəticə vermədiyi və bizim güc yoluna hazırlaşdığımız mənasını verəcək. Əgər Avrasiya bölgəsində indiki gərgin geosiyasi durumda, böyük enerji və tranzit layihələrini reallaşdırmağa çalışdığımız dövrdə müharibəyə hazırıqsa, onda Allah bizə qüvvət versin. Yox əgər hələ buna hazır deyiliksə, onda hələ uzun illər həmsədrlərə dözməliyik. Çünki, həmsədrləri - ABŞ, Fransa və Rusiyanı danışıqlardan uzaqlaşdırmaq imkanımız xaricindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00