“İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır”
İlham Əliyev: “Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”
1 Fevral 2016 13:07 SiyasətErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu ötən müddət ərzində sözügedən problemin həlli istiqamətində heç bir naliyyət əldə edə bilməyib. Üstəlik məsələyə digər beynəlxalq təşkilatların müdaxiləsinə qarşı çıxan qurum Qarabağ məsələsini inhisara alıb. Münaqişə tərəfi olan Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək verən istənilən beynəlxalq təşkilatın mövqeyi nəzərə alınmalıdır. Məhz bu səbədən Azərbaycan nümayəndə heyəti AŞPA-nı dəfələrlə bu məsələyə müdaxilə etməyə çağırıb və hətta bir neçə sənədin qəbuluna da nail olub. Qurumun nisbətən də olsa ədalətli mövqeyindən qıcıqlanan Minsk qrupu öz xislətini ortaya qoyaraq beynəlxalq ictimaiyyəti çaşdıran bəyənatla çıxış edib. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə də Minsk qrupunun fəliyyətini mnf qiymətləndirib: " Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə çatıb". Dövlət başçısı həmçinin bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: "Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır: "Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir". Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, 20 illik fəaliyyəti dövründə Minsk qrupunun həmsədrləri əslində Qarabağ münaqişəsinin həllinə deyil, həll olunmamağına çalışıblar: "Həmsədrlərin 20 illik fəaliyyəti artıq belə deməyə əsas verir ki, onlar Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlı deyillər və məsələnin "dondurulmuş münaqişə" formatında qalmasına, bu vəziyyətin hələ illərlə uzadılmasına çalışırlar". F.Muradovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ məsələsini monopoliyaya alıblar və hər yolla münaqişənin digər beynəlxalq təşkilatlar çərçivəsində müzakirə çıxarılmamasına cəhd göstərirlər. Bununla da onlar həm də Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdürlər. Deputatın sözlərinə görə, Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryunun (Fransa) yaydıqları son bəyanat da bunu bir daha təsdiqlədi: "Həmin bəyanatla həmsdərlər Qarabağ məsələsinin Avropa Şurası Parlament Assambleyanın (AŞPA) qış sessiyasında müzakirə olunmamasıma çalışdılar. Guya, AŞPA-da Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktından danışmaq Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bu, həmsədrləri narahat edib. Əslində Minsk Qrupunun məqsədi münaqişə ilə bağlı vasitəçilik missiyasının öz nəzarətindən çıxmasına mane olmaq, məsələni monopoliyada saxlamaqdır. Onların cəhdləri, apardıqları iş hələ ki bu "məqsəd"ə nail ola bildiklərini göstərir. Amma artıq buna son qoyulmalıdır". Millət vəkili bildirib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması və regionda davamlı sülhün bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların fəaliyyətindən yararlanmalıdır. F.Muradovun fikrincə, Azərbaycan Qarabağ məsələsini 20 ildir nəzarətində saxlamağa çalışan ATƏT-in Minsk qrupunun vasitəçilik formatından imtina etməlidir: "Azərbaycan bunun üçün ATƏT-in Minsk qrupunun üzvü olan bütün ölkələrə müraciət etməlidir ki, Minsk qrupu öz üzərinə düşən vasitəçilik missiyasını icra edə bilmir, həmsədrlərin fəaliyyəti onlara olan inamı sual altına qoyur". Millət vəkili Elman Məmmədov bildirib ki, prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının indiki Ermənistan torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı tam əsaslıdır: "Cənab prezident bu bəyanatı birinci dəfə səsləndirmir. Prezident İlham Əliyev bunu Avropa Şurasında və digər beynəlxalq qurumlarda da dəfələrlə səsləndirib ki, biz torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Yəni bu, xarici qüvvələrə bir mesajdır ki, ermənilər sizin köməkliyinizlə bizim dədə-baba torpaqlarımızda bir dövlətə malikdir. Prezident gənclərlə görüşündəki çıxışında da haqlı olaraq dedi ki, biz təkcə bu gün işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə kifayətlənməyəcəyik, eyni zamanda azərbaycanlılar tarixi dədə-baba yurdumuz olan indiki Ermənistan ərazisinə da qayıdacaq. Və cənab Prezident bunu gənclərimiz qarşısındakı çıxışında əminliklə qeyd etdi". Deputat bildirib ki, bu sözü demək üçün Prezident İlham Əliyevin kifayət qədər əsası var: "Çünki torpaq bizimdir, çünki biz bu gün güclüyük, işğal olunmuş torpaqlarımızı geri qaytaracağımıza əminik və ümidimiz var. Azərbaycanda daxili sabitlik mövcuddur, Azərbaycan güclü orduya malikdir və ən əsası, biz haqqın, ədalətin tərəfindəyik. Biz cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik, doğma yurd-yuvamıza qayıdacağıq və Ermənistandakı tarixi yerlərimizdə də daimi yaşamaq üçün qayıdacağıq". Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycanın haqq səsinin eşidilməməsi, Ermənistan tərəfindən torpaqlarının işğal edilməsinin etiraf olunmaması AŞPA-da Ermənistanın işğalını müdafiə edənlərin olduğunu bir daha göstərir: "Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Azərbaycanın orada dostları da çoxalıb. Gördüyünüz kimi, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı sənədin qəbulu üçün 5-6 səs çatmadı. İkinci məsələ - Sərsəng su anbarı ilə bağlı sənəd isə qəbul olundu və bu sənəddə Ermənistanın işğalçı olduğu bilavasitə əksini tapıb". Onun sözlərinə görə, birinci qətnamənin qəbul olunmaması bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu başda olmaqla, Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var: "Ümumiyyətlə, biz hesab edirik ki, Minsk Qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib. Məlum qətnamənin qəbul olunmaması da Minsk Qrupunun bir müddət əvvəl apardığı təbliğatın nəticəsi oldu. Amma biz ona ümid edirik ki, Avropa Şurasında Azərbaycanın dostları, səsimizi eşidən insanlar var. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu bunu bir daha sübut etdi".
Alim