Ölkənin biznes mühiti yaxşılaşacaq
Prezidentin qeyd etdiyi kimi sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülməlidir
29 Yanvar 2016 12:58 SiyasətDünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra ölkə iqtisadiyyatında müşahidə edilən geriləmələr və yaranan böhran bir çox sahələri özündə ehtiva edən təxirəsalınmaz tədbirlərin görülməsini zərurətə çevirib. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən antiböhran tədbirləri tədricən öz müsbət effektini də verməkdədir. Amma bütün bunlara baxmayaraq hələ də əlavə tədbirlərin görülməsinə ciddi ehtiyac duyulur. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2014-2018-ci illər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrasının ikinci ilinə həsr olunmuş müşavirədə bunu qeyd edib. Müşavirədə çıxışı zamanı dövlət başçısı daxili istehsalın artırılması, bununla da xaricdən olan asılılığın aradan qaldırılmasının zəruriliyini ön plana çəkib. Prezident İlham Əliyev bunun üçün sahibkarlara lazımi şəraitin yaradılmasını da müvafiq qurumlardan tələb edib. Prezident bildirib ki, sahibkarlığın inkişafı üçün yeni yanaşmalar lazımdır: "Sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir"
Müşavirədə proqram xarakterli çıxışı, eləcə də investisiya qoyulması üçün əsas prioritet sahələri açıqlaması, eyni zamanda cəmiyyəti, iş adamları, ekspertləri təşəbbüskarlığa çağırması onu deməyə əsas verir ki, hakimiyyət, xüsusilə dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də mövcud vəziyyətdən xalqla əl-ələ verərək çıxmaq istəyir. Dövlət başçısının cəmiyyətə ünvanladığı mesajları təqdir edən bir sıra ekspertlər də antiböhran tədbirlərinə dəstək olaraq öz təkliflərini irəli sürüblər.
"Güzəran" Sosial Araşdırmalar Mərkəzi Azərbaycanda emal sənayesinin canlandırılmasını təklif edir. Mərkəz sədri, iqtisadçı Qadir İbrahimli hesab edir ki, yerli mebel, avtomobil istehsalını qorumaq da yaxşıdır: "Ancaq ölkəni böhrandan bu iki sektor xilas edə bilməyəcək. Böhrandan xilas olmağın əsas şərti emal sənayesini canlandırmaqdır. Azərbaycan hələ də aqrar ölkə olaraq qalır. Məşğul əhalinin 38 faizi aqrar sektorda çalışır. Ancaq ölkənin ərzaqla təminatı 65-70 faiz idxaldan asılıdır. Deməli, aqrar potensial var, ancaq bu potensialdan qətiyyən istifadə olunmur. Fermerlər məhsullarını sata bilmirlər. Çünki emal sənayesi monopolistlərin nəzarətindədir. Emal sənayesində birmənalı olaraq nəinki rəqabət mühiti, heç rəqabət elementləri də yoxdur". "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri hesab edir ki, monopolistlər əksər hallarda yerli xammaldan imtina edir və ucuz qiymətə xammal idxalına üstünlük verirlər: "Nəticədə
fermerlərin yetişdirdikləri məhsullar əllərində qalır, bu məhsulların cüzi bir qismi ən yaxşı halda Kənd Təsərrüfatı Nazirliyinin təışkil etdiyi yarmarkalarda satılır. Belə primitiv satış bazarları ilə təbii ki, aqrar sektor inkişaf edə bilməz. Aqrar sektorun dinamik inkişafı və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ən başlıcası isə məşğul probleminin davamlı həlli üşün emal sənayesi liberallaşdırılmalı, bərabər rəqabət mühiti yaradılmalıdır. Yalnız bu halda fermerlər məsullarını emalçılara sərfəli qiymətə sata bilər. Bunun üçün hökumətin maddi dəstəyinə də ehtiyac yoxdur". Bu arada bir məqama da diqqət çəkmək lazımdır ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son müşavirədə çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırıb. Prezident İlham Əliyev deyib ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülməlidir: "Daxili bazar, yerli istehsal qorunmalı, bununla bərabər, inhisarçılığa yol verilməməlidir. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir".
Mərkəz rəhbərliyinin qənaətincə emal sənayesi liberallaşdırılsa yerli iş adamları öz sərmayələri hesabına yaxın 2 il müddətində bu sektora sərmayələr yatıra bilər: "Rusiyada çalışan iş adamlarının sərmayələri bu sektora cəlb edilsə, bu sahədə ciddi canlanma baş verə bilər. Təbii ki, söhbət heç də emal sənayesində meqa şirkətlərin yaradılmasından getmir. İlkin mərhələdə bazar konyukturuna həssas reaksiya verməyi bacaran çevik kiçik emal müəssisələrinin yaradılmasına şərait yaradılmalıdır. Növbəti mərhələdə isə rəqabət mühitinin özü bu kiçik müəssisələrin fəaliyyətini tənzimləyəcək. Hökumətdən isə yalnız yerli investorların kapitallarının sərbəst hərəkətinə və təhlükəsizliyinə təminat verməlidir". Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də son müşavirədə çıxışı zamanı bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır: "İnvestisiyaların təşviqi sistemi artıq yaradılıb və tətbiq edilir. Xarici sərmayə qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldilməlidir". Mərkəz hesab edir ki, bundan başqa hökumətdən heç nə tələb edilmir: "Hökumət bu addımı atsa yaxın 2 ildə ölkənin biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq".
Kamal