Erməni lobbiçiliyini həyata keçirən təşkilat

“Freedom House” təşkilatının son hesabatı bunu bir daha təsdiqlədi

Öz fəaliyyətini daha çox Azərbaycana qarşı qərəz, nifrət üzərində quran "Freedom House" təşkilatı yenə də ənənəsinə sadiq qalıb. Təşkilatın bu günlərdə açıqladığı hesabatda ölkəmizə qarşı ədalətsiz, hətta düşməncəsinə bir yanaşma ortaya qoyulub. "Freedom House2 təşkilatının bu dəfəki hesabatını hazırlayan ermənipərərəst şəbəkə hesab edir ki, Qafqazda ən qeyri-azad ölkə məhz Azərbaycandır. Nə qədər qəribə də olsa qiymətləndirmədə hesabat müəllifləri Azərbaycanda azadlıq göstəricisini 16 xalla qeyd etdiyi halda Ermənistan 46 xalla mükafatlandırılıb. "Freedom House" təşkilatının ermənipərəst mövqeyini təsdiqləyən daha bir sübut isə hesabata "Dağlıq Qarabağ Respublikası"nın da daxil edilməsi olub. Qondarma rejimdə azadlıq göstəricisi hətta Azərbaycanı da üstələyib və 33 xalla qiymətləndirilib. "Freedom House" təşkilatının ənənəvi sayıqlamalarından biri olan bu dəfəki hesabatı Azərbaycan cəmiyyətində, onun müxtəlif təbəqələrində kəskin etirazla qarşılanıb.
Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, "Freedom House" qeyri-hökumət təşkilatının yaydığı sonuncu hesabat onun əsl mahiyyətini bir daha ortaya qoyur: "Bu mahiyyət də ondan ibarətdir ki, "Freedom House" qeyri-obyektiv, qərəzli mövqe tutan bir təşkilatdır. Təşkilatın bu günə qədər yaydığı bütün hesabatlar qeyri-obyektivliyi ilə seçilir. Bu, Azərbaycana münasibətdə özünü daha qabarıq biruzə verir. Dünyada guya azadlığın, demokratiyanın və insan hüquqlarının səviyyəsinin hesabatını verən bu təşkilat əslində xaosun, anarxiyanın və qeyri-demokratik elementlərin təbliği ilə məşğuldur". Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi uğurların olduğu halda, Ermənistanda hakimiyyətlə xalq arasında dərin uçurum mövcuddur: "Bütün dünya qəbul edir ki, Azərbaycan əsl tolerantlıq məkanıdır və digər ölkələr üçün yaxşı nümunədir. Ermənistan isə monomilli və təkdinli ölkəyə çevrilib. Bu baxımdan, "Freedom House" təşkilatının bütün hesabatlarından aydın görünür ki, o, həm də erməni lobbiçiliyini həyata keçirir. Qondarma "Dağlıq Qarabağ Respublikası"ndakı azadlığın səviyyəsini ayrıca qiymətləndirməsi təşkilatın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına aşkar hörmətsizliklə yanaşdığını dəqiq sübut edir. Bu, həm də ondan xəbər verir ki, "Freedom House" təşkilatının hesabatının əsasında obyektiv məqamlar deyil, sifarişli siyasi məqamlar dayanır. Ermənistanda hakimiyyətin vətəndaşlara qarşı sözün əsl mənasında siyasi terror həyata keçirdiyi halda, bu ölkə "qismən azad" kimi təqdim olunur. Bu, heç bir məntiqə sığmır. Ermənistan Azərbaycan vətəndaşları olan Dilqəm Əsgərovu, Şahbaz Quliyevi öz doğma yurdlarında əsr
alıb və qanunsuz həbsdə saxlayır. Belə bir ölkəni qismən azad hesab edən təşkilatın hesabatlarının təbii ki, heç bir əhəmiyyəti və mənası ola bilməz".
"XXI əsr İnsan Hüquqları Azərbaycan Fondu"nun rəhbəri Şahin Camalov isə bildirib ki, erməni lobbisi və ermənipərəst təşkilatlar yenə də öz fəaliyyətlərini davam etdirirlər: "Bu günlərdə AŞPA Ermənistanı işğalçı elan etdi. Bunun ardınca Freedom House Azərbaycanı qeyri-azad ölkə adlandırdı. Həm də Ermənistana və taninmamış, seperatçı Dağlıq Qarabağ Respublikasına daha çox xal verdi. Bütün bunlar Azərbaycanı sıxışdırmaq, dünyadakı imicinə xələl gətirmək, qeyri-demokratik dövlət kimi qələmə vermək cəhdləridir".
Hüquq müdafiəçisi Əhməd Şahidov deyir ki, "Freedom House" təşkilatı bu cür hesabatlarla özünün mahiyyətini, məqsədini və idarəetmə mərkəzini açıqlamış olur: "Mahiyyət yalan, məqsəd isə hədəf ölkələri qaralamaqdır. Onun idarəetmə mərkəzi imperialist ölkələrdir. Konkret olaraq, Azərbaycanla bağlı hissə isə saxtakarlığın pik həddidir. Hesabat müəllifləri Qafqazda ən qeyri-azad ölkə kimi Azərbaycanı göstərir və 16 xal verir. Ermənistana 46, Gürcüstana 64 və mövcud olmayan "Dağlıq Qarabağ Respublikasına" isə 33 xal verir. Bu, saxtakarlıq, əxlaqsızlıq və riyakarlıqdır. Dünyanın heç bir dövlətinin, hətta Ermənistanın belə tanımadığı bir ərazini müstəqil dövlət kimi təqdim etmək açıq qərəzin nümayişidir. Hərçənd ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir və Dağlıq Qarabağa verilən 33 xalın üstünə Azərbaycana verilən 16 xalı toplasaq, Azərbaycan üçün 49 xal olur. Odur ki, Freedom House təşkilatının qərəzi yenə özünə qalır".
Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov hesab edir ki, sözügedən qüvvələrin Azərbaycanı Ermənistanla müqayisə etməsi və ölkəmizi daha geridə olan ölkə kimi göstərməsi, bu qurumların və ya qüvvələrin ikili standartlardan çıxış etməsi kimi dəyərləndirilə bilər: Artıq aydındır ki, Azərbaycanı xaricdə sevməyən qüvvələr var. Bu qüvvələr hər zaman Azərbaycanın müstəqil xarici və daxili siyasətini, dövlətçilik prinsiplərini zədələmək istəyirlər. Amma, cənab Prezidentin apardığı siyasət və xalqımızın Prezidentin yanında olmasl bu qüvvələrə öz məqsədlərinə çatmağa imkan verməyəcəkdir2. Elvin Aslanov deyib ki, bu cür ikili standartlara artıq öyrənmişik və bundan sonra da bu cür hadisələrə qarşı dövlətçilik prinsiplərindən cavab verəcəyik: " Eləcə də cənab Prezidentin siyasətini dəstəkləyərək müqavimət göstərəcəyik".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00