İşğalçıya havadarlıq edənlər
28 Yanvar 2016 14:37 SiyasətAzərbaycan hər zaman hansısa bir uğura imza atanda, yaxud beynəlxalq əhəmiyyətli bir mədəni-kütləvi tədbirə evsahibliyi edəndə Qərbdə və Avropadakı bəzi antiAzərbaycan şəbəkənin kürkünə sanki birə düşür. Dərhal bir şey fikirləşib "icad" edərək Azərbaycana qarşı növbəti hücum kampaniyasına start verirlər. Bu günlərdə də yenə eyni situasiya, eyni mənzərə müşahidə edilməkdədir. Xəbərlərdən də məlum olduğu kimi, Avropa Şurası Parlament Asambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi qətnamələrdən biri səsçoxluğu ilə qəbul edildi və bununla da Ermənistanın işğalçılıq faktı bir daha Avropa Şurası səviyyəsində təsdiq olundu. Təbii ki, bu Azərbaycanın dostlarını məmnun etdiyi halda, onun düşmənlərini hədsiz dərəcədə qıcıqlandırdı, məyus etdi. Bu məyusluğu aradan qaldırmaq üçünsə antiAzərbaycan şəbəkə ənənəvi metod və üsullardan yararlanaraq ölkəmizin imicinə zərbə vurmaq, beynəlxalq aləmdə onun nüfuzuna xələl gətirməyə çalışdı. Nəticə etibarilə yarandığı gündən erməni lobbisinin maraqlarına xidmət edən "Freedom House" təşkilatının yeni bir ədalətsiz, saxta, heç bir reallığı əks etdirməyən hesabatı gündəmi zəbt etdi. Gözlənildiyi kimi təşkilatın bu dəfəki hesabatında da Azərbaycan qeyri-azad ölkələr sırasında "qərarlaşdı" və hətta qəribədə olsa monoetnik, heç bir hüquq və azadlıqlara hörmət etməyən, 1 milyona yaxın azərbaycanlının haqq və hüquqlarını pozan işğalçı Ermənistan Azərbaycandan daha azad, demokratik bir ölkə kimi səciyyələndirildi.
Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Sahib Alıyev bildirib ki, "Freedom House" kimi qurumların ölkəmizlə bağlı hesabatları bir məqsədə xidmət edir: "O da hər nə yolla olursa-olsun erməni işğalına haqq qazandırmaqdır. İşğalçıya havadarlıq edənlər əvvəllər bizə "savaşı uduzmusunuz, ermənilər sizdən güclüdür, ona görə də yaranmış reallıqla barışmalısınız" deyirdilər. Reallıq dəyişəndən, Azərbaycan ordusu işğalçını cəmisi bir həftəyə torpaqlarımızdan silib-süpürəcək gücə yiyələnndən sonra indi də bizə "Dağlıq Qarabağ probleminin savaş yoluyla həlli yoxdur" mahnısını oxuyurlar. Yəni dolayısıyla çatdırırlar ki, müharibə apara bilməzsiniz, əks-təqdirdə qarşınızda bizi görəcəksiniz. Həmsədr ölkələrin Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öncəsi erməni işğalını pisləyən qətnamələrin əleyhinə çıxmaları da bir daha onların kimin yanında olduqlarını, vasitəçi deyil də əslində tərəf rolunda çıxış etdiklərini ortaya qoydu. Açıq danışmalı olsaq, biz indi belə bir reallıqla üz-üzəyik. Bir tərəfdən Minsk qrupuna həmsədrlik edənlər münaqişənin həllini, əslində həllinin ləngidilməsini öz inhisarlarında saxlamağa çalışırlar və bütün beynəlxalq
qurumlara da bu yöndə təzyiqlər edirlər. Digər tərəfdən bizim "nədən bəzi qətnamələr onların mürəkkəbi qurumamış yerinə yetirildiyi halda, Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı qətnamələrə illərdir əməl olunmur" deyərək səsləndirdiyimiz haqlı tələblərimizin qarşılığında Freedom House kimi qurumların saxta hesabatlarını yayırlar. O hesabat ki, orada Dağlıq Qarabağdakı hərbi xunta qismən azad rejim kimi göstərilir, Azərbaycan isə azad olmayan ölkələrin siyahısına salınır. Niyə başqa separatçı qurumların məsələn Donbasın, Abxaziyanın, Dnestryanı bölgənin adları bu siyahıya daxil edilməyib? Məqsəd nədir? Məqsəd "qismən azad rejimdə yaşamağa öyrəşmiş" ermənilərin "azad olmayan" ölkənin tərkibində qalmaq istəməmələrinə haqq qazandırmaqdır". Millət vəkilinin sözlərinı görə, "Freedom House" və onun bağlı olduğu güclər bilməlidirlər ki, bir halda vəziyyət belədirsə bunun çıxış yolu var: "Həmin o "qismən azad rejimdə yaşamağa öyrəşmiş ermənilər" "qismən azad" sayılan ölkəyə- Ermənistana üz tuta bilərlər. Kimsə onların yollarını kəsmir. Amerikadan yığılan ianələr hesabına artıq yaxşı asfalt yol da salınıb. Buyurub getsinlər. Onsuz da gedirlər. Bir-bir, iki-iki. Bəzən bir neçəsi birdən. Hara gedirlər bunu Ermənistandakı əsgər anaları yaxşı bilirlər, elə Freedom House kimi erməni havadarları da".
S.İsmayılbəyli