Qabil Hüseynli: “550 min dollara zirehli avtomobil almaqdansa, “Lifan” avtomobili alsınlar”

Azərbaycanda yerli istehsalın möhkəmlənməsi, qeyri-neft və özəl sektorun daha surətlə inkişaf etməsi ilə bağlı son aylar ərzində bir sıra mühüm addımlar atılıb. Dövlət başçısı tərəfindən qeyd edilən sahələrlə bağlı çox vacib sərəncamlar imzalanıb. Manatın devalvasiyası, dünya bazarlarında neftin ucuzlaşması və iqtisadi böhran yerli istehsala üstünlük verilməsini zəruri edir. Başqa sözlə, yerli malların alınması ölkədə pul vəsaitinin də artması deməkdir.

Qeyd edək ki, yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı Prezident İlham Əliyev məmurlara göstəriş verib ki, yerli istehsallara üstünlük versinlər: "Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır". Azərbaycan Prezidenti məmurlara yerli istehsal olan "NAZ-Lifan" avtomobili almağı tövsiyə edib: "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm". Prezidentin yerli istehsala üstünlük verilməsi ilə bağlı tövsiyəsinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, doğurdan da ölkədə dünya standartlarına uyğun olan mebel istehsal edilir. Onun sözlərinə görə,  istər ofis, istərsə də məişət mebelleri istehsal  edən şirkətlər var: "Vətəndaşlara biz deyə bilmərik ki, get nəyi al, amma dövlət, hakimiyyət orqanları yerli mal almalıdır ki, xeyri də özümüzə qalsın. İndiyə kimi alınan alınıb, bundan sonra isə mütləq yerli istehsala üstünlük verilməlidir. Yerli avtomobillər də həmçinin. Məsələn, 550 min dollara zirehli avtomobil alan icra başçısı var, onun əvəzinə "Lifan" avtomobili almaq tövsiyə edilir. Əlbəttə ki, yerli istehsal olan avtomobilin alınması daha yaxşıdır. Bütün bu qeyd edilənlər çox müsbət haldır və həyata keçirilsə, ölkədə xeyli maliyyə vəsaitinə qənaət edilmiş olar. Prezidentin müxtəlif yoxlama orqanları var. Onlar bu tövsiyələrin necə yerinə yetirilməsini yoxlayıb, məlumat verə bilərlər". Politoloq hesab edir ki, məmurların yerli istehsala üstünlük verməsinin böyük əhəmiyyəti ola bilər: "Bu bir qənaət sistemdir. Yerli malların alınması ölkəyə əlavə gəlir gətirəcək və iqtisadi islahatların formalarından biri kimi ölkə büdcəsinə gəlir gətirən maddələrdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00