Azərbaycan diplomatiyasının uğuru

AŞPA-nın qış sessiyası həm də qoca qitədə hələ erməni sevgisinin olduğunu bir daha sübuta yetirdi

Azərbaycan diplomatik sahədə daha bir uğura imza atıb. Xəbərlərdən də aydın olduğu kimi Azərbaycan tərəfinin Avropa Şurası Parlament Assambleyasına təqdim etdiyi iki qətnamə layihəsi qurumun qış sessiyasında müzakirəyə çıxarılıb. Düzdür, nəticə yüz faizlik bizim xeyrimizə olmasa da, ancaq bütövlükdə Azərbaycan tərəfinin təqdim etdiyi qətnamələrdən biri AŞPA-da müzakirə zamanı qəbul edilib. Məlumat üçün qeyd edək ki, AŞPA-da britaniyalı deputat Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması" və Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı iki mühüm qətnamə layihəsi üzrə səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən birinci sənəd qəbul edilməyib, ikincisi isə qəbul edilib. Qəbul edilmiş qətnamənin hər iksinə Ermənistan ciddi cəhdlə qarşı çıxsa da, lakin ermənilərin Avropadakı havadarları yalnız sənədlərdən birinin qəbulunu əngəlləyə biliblər. Bununla da Avropa strukturları, ayrı-ayrı siyasilərinin dərin Ermənistan sevgisinin olduğu bir daha təsdiqini tapıb. Bu eyni zamanda hələ də Qarabağ probleminin həllinə ikili standartlarla yanaşıldığını ortaya qoymuş olub. Elə əksər ekspertlərin də qənaəti ondan ibarətdir ki, beynəlxalq birliyin Dağlıq Qarabağ probleminə ikili standartlardan yanaşdığı və Avropada erməni sevgisinin olduğu AŞPA-nın qış sessiyası zamanı bir daha təsdiqini tapdı.

"Atlas" Araşdırmalar Qrupunun rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı məruzənin qəbulu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" məruzəsindən daha vacib idi: "Birinci məruzənin qəbuluna cəmi 4 səsimiz çatmadı. Təsüüf ki, keçmədi". Elxan Şahinoğlu deyib ki, həmin məruzənin qəbul olunmamasını iki səbəblə əlaqələndirir: "Birinci səbəb ATƏT Minsk Qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasına təzyiqidir. Həmsədrlər bir neçə gün öncə birgə bəyanat yayaraq faktiki bildirdilər ki, "AŞPA bizim işimizə qarışmasın, Dağlıq Qarabağ problemi ilə biz məşğuluq". Bu açıqlama ermənilərin əlini gücləndirdi". Politoloq hesab edir ki, digər qətnamənin qəbul edilməməsi istiqamətində erməni lobbisi də davamlı fəaliyyət göstərdi: "Ermənistanın xarici işlər naziri və müavini az qala Avropa ölkələrinin hər birinin xarici işlər nazirinə şəxsən zəng edərək, AŞPA-da qətnamələrin qəbul olunmaması üçün deputatlarına təsir etməyə çağırdı. Həmçinin Avropadakı erməni lobbisi də təzyiqlərini artırdı. Qətnamələrin taleyi yalnız bu sənədləri hazırlayan azərbaycanlı bir neçə deputatın işi oldu, lobbiçiliklə yalnız bir neçə nəfər məşğul oldu. Onlara Avropa ölkələrindəki səfirlərimizdən ciddi dəstək verilmədi. Hətta səfirlərimizdən biri açıq deyibmiş ki, "mən bu haqda xarici işlər nazirindən təlimat almamışam, ona görə də Sizə kömək edə bilmərəm". Elə bil ki, səfirin "kömək edə bilmərəm" ifadəsi xalqa və dövlətə deyil deputatın özünə lazımdır. Bu cür düçüncəli səfirlərlə uzağa gedə bilmərik".

Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, həmkarı Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər: "Bu məsələdə Bosn-Herseqovinadan olan məruzəçi xanım Mirça Markoviçin qətiyyetli mövqeyini xüsusi olaraq vurğulamaq istərdim. Bununla belə, Volterin hazırladığı Dağlıq Qarabağla bağlı qətnamənın qarşısının alınmasında əksər Avropa ölkələrinin prezidentləri, Minsk qrupuna həmsədrlik edən Rusiya Federasiyası, Birləşmiş Ştatlar və Fransanın bütün strukturlarının təhdid və tezyiqləri çox ciddi rol oynadı. Həmin ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu". Fazil Mustafa bildirib ki, səsvermə zamanı 18 nəfərlik Türkiyə nümayəndə heyətindən cəmi 12-si bizim xeyrimizə səs verib: "Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbii qarşılanmalıdır. Qaldı 16 nəfər. Məhz 16 nəfər hamısı səs versəydi bəraberlik olurdu və qətnamə qəbul edilərdi. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00