İlham Əliyevdən mühüm mesajlar

“Məmurlar məsuliyyətlərini dərk etməlidirlər”

Yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir sıra həlli vacib məsələlərə toxunub. Ölkədə kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə toxunan dövlət başçısı bildirib ki, keçən il ölkədə "Kənd Təsərrüfatı ili" olub: "Əslində isə hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. İlk növbədə torpaq uçotu dəqiq aparılmalıdır. Sənəddə bir sahədir, fermer başqa ölçüdə sahədə işləyir. Düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu il bu istiqamətdə ciddi işlər görülməlidir". Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb, Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb: "Beləliklə, Azərbaycanda on minlərlə hektar suvarılacaq, suvarılmalıdır. Şimal rayonlarında və Şəmkirdə tezliklə fermer təsərrüfatları yaradılmalıdır. Heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi təkliflər təqdim edib. Biz əvvəllər cins mallar alırdıq, yenə alınacaq. Ancaq süni mayalandırma inkişaf etdirilməlidir". Dövlət başçısı qeyd edib ki, bitkiçilikdə də böyük inkişaf var: "Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq". İ. Əliyev bildirib ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir: "Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik. Quş ətinin istehsalında son illər böyük artım var, çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar da bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilindən xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik". Dövlət başçısı qeyd edib ki, taxılçılıqda inkişaf var: "2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var, bu asılılıq da gübrə və dərmanla bağlıdır". Etiraf edilməlidir ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kifayət qədər imkanlar mövcuddur. Əgər bu imkanlardan səmərəli şəkildə istifadə edilsə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi problemi həllinin tapmış olar. Məlumdur ki, Azərbaycan bəzi məhsullar baxımından xarici dövlətlərdən asılı ölkədir. Belə halda kənd təsərrüfatı məhsulları bütövlükdə milli istehsala əsaslansa bu asılılıq aradan qalxa bilər. Bu həm də qiymətlərin ucuzlaşmasına birbaşa təsir edə bilər. Hətta bununla Azərbaycan kənd təsərrüfatı məhsullarını ixrac edən ölkəyə çevrilə bilər. 

Sahibkarlar sosial məsuliyyətlərini dərk etməlidirlər

Dövlət başçısı devalvasiya nəticəsində iş yerlərini itirmək ehtimalı olan vətəndaşların işlə təminatı məsələsinə də toxunub. Hətta bu kateqoriyadan olan vətəndaşların yeni işlə təmin olunması yollarını da göstərib. Təbii ki, bu kimi addımlar əhalinin devalvasiyanın təsirindən qurtulmasına hesablanıb. Prezident bildirib ki, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: "Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər". Göründüyü kimi dövlət başçısının tapşırıqları indiki şəraitdə sahibkarların sosial korporativ məsuliyyət məsələsini önə çəkir, məmurların isə öz vəzifələrini vicdanla icra etmələrinə sövq edir. Məlum olduğu kimi dövlət sahibkarların normal fəaliyyəti üçün hər cür imkanlar yaradır. Sahibkarlar isə bunun müqabilində yalnız şəxsi mənfətləri barədə düşünməməli, sosial öhdəliklərini də yerinə yetirməlidirlər. Dövlət başçısı çıxışında hətta sahibkarların mövcud problemlərinin həllinə təminat verib: "Sahibkarlığın inkişafı üçün böyük işlər görülüb. Ancaq yeni dövr yeni yanaşmalar tələb edir. Sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir. Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın". Bu fikirlər onu deməyə əsas verir ki, dövlət sahibkarların qayğısına qaldığı kimi, sahibkarlar da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. 

Hər bir məmur xalqın xidmətçisidir

Prezident İlham Əliyev çıxışında məmurları da insanlara diqqət və qayğı göstərməyə dəvət edib. Cəmiyyətimizdə rüşvətxir və korrupsioner məmurlara yer olmadığını xatırladıb. Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: "Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. "ASAN xidmət" mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur". Dövlət başçısı bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: "Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq". Məlumat üçün qeyd edək ki, vətəndaşların problemlərinin həll edilməsi dövlət məmurunun vəzifə, insanlarla səmimi və mehriban davranmaları isə onların mənəvi borcudur. Bunu həm də dövlət qulluqçularının əxlaq kodeksi tələb edir. Belə halda insanların problemlərinin təmənnasız həlli dövlətin imicini artırmış olur, vətəndaşların dövlətə etimadını artırır. 

Soaial proqramlara yaşıl işıq

Dövlət başçısı cari ildə sosial layihələrin tam şəkildə icra olunacağını da bəyan edib. Bildirilib ki, ölkədə çoxşaxəli islahatların aparılmasına baxmayaraq sosial priqramların icrasında məhdudiyyətlər yaranmayacaq: "Bu il bütün sosial proqramlar icra olunacaq". Bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı uğurla inkişaf edir, ancaq islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır: "Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq". Prezident İlham Əliyev deyib ki, bu il regionlarda nəzərdə tutulan infrastruktur layihələr davam etdirilməlidir: "Xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır". Bununla dövlət başçısı həmişə xalqın yanında olduğunu, vətəndaşların sosial problemlərinin həllinin dövlət üçün prioritet olduğunu bir daha bəyan edib. Odur ki, ictimaiyyət dərk etməlidir ki, nə qədər iqtisadi çətinlik yaşansa belə vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə bir o qədər diqqət artırılacaq. Düzdür neftin qiymətinin dünya bazarında enməsi müvəqqəti çətinlik yaradır. Ancaq qeyri-neft sektorunun inkişaf etdirilməsi imkanlara zəmanət berir ki, vətəndaşlar heç bir halda sosial problemlərlə üzləşməyəcəklər. Digər tərəfdən, ölkənin 40 milyard valyita ehtiyatı var ki, təkcə bununla Azərbaycan əhalisi 3-4 il problemsiz yaşaya bilər. Ancaq dövlət başçısı bu vəsaitin gələcək nəslə saxlanmasını vacib bildiyindən möcud imkanları işə salmağı tövsiyyə edib, qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: "Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir". Nəhayət dövlət başçısı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət qurumlarına konkret tapşırıqlarını verib: "Biz harada nə işlər görüldüyünü, harada hansı məhsullar istehsal edildiyini dəqiq bilməliyik. Biz yerli istehsalı qorumalı, bununla bərabər inhisarçılığa yol verməməliyik. Mən daxili istehsalın artmasını, ixrac qabiliyyətli məhsulların istehsalını istəyirəm. Ancaq idxala süni maneələr qoysaq, azad rəqabət olmayacaq. İnkişaf üçün isə azad rəqabət vacibdir. İdxal qarşısında duran bütün süni maneələr aradan götürülməli, eyni zamanda daxili istehsal qorunmalıdır. Dövlət qurumları bu iki amili təmin etməyə çalışmalıdırlar".


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00