Regionda müharibə riski artmaqdadır

Dağlıq Qarabağ münaqişəsi, Avropanın təhlükəsizliyi üçün ciddi bir təhdiddi

Son aylar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində istər diplomatik, istərsə də hərbi sahədə Azəbaycan tərəfinin üstünlüyü özünü büruzə verməkdədir. Xüsusilə, bir sıra beynəlxalq təşkilatlarla aparılan uğurlu diplomatik iş dünya birliyində Ermənistanın işğalçı, təcavüzkar bir ölkə kimi tanınması prosesini sürətləndirir. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən gündəmə gələn bir sıra mühüm məsələlər də Yerevanın bu mötəbər qurum tərəfindən bir daha işğalçı ölkə kimi tanınmasına xidmət edir. Belə ki, yanvarın 25- də öz işinə başlayan AŞ PA sessiyasında "Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın artması ", "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" və azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi qətnamə layihələrinin müzakirələrdən sonra qəbulu gözlənilir. Bu ərəfədə ciddi maraq kəsb edən məsələ isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdikləri bəyanatdır. Vasitəçilərin son bəyanatından anlaşılan oldur ki, AŞPA-da Azərbaycan tərəfinin qaldırdığı məsələlərin müzakirəsindən Ermənistan qədər də məhz həmsədrlər narahatdır. Ekspertlər hesab edirlər ki, həmsədrlərin narahatçılığı onların indiyə qədər ermənilərin maraqlarına xidmət etdiklərini söyləməyə əsas verir.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, məhz, erməniləri çox ciddi narahat edən AŞ PA gündəliyinə həmsədrlərdən də etiraz gəlməsi Minsk Qrupunun tam ermənipərəst mövqedən çıxış etməsinin təsdiqidir: "Minsk qrupunun Azərbaycanın təqdim etdiyi məlum qətnaməyə qarşı mövqe sərgiləməsi, münaqişə zonasında status-kvonın saxlanmasına və tərəflər arasında danışıqlar prosesin uzadılmasına hesablanıb. Təssüf ki, beynəlxalq siyasi arenada ABŞ və Rusiyanın ciddi fikir ayrılıqlarına rəğmən, Azərbaycanın ərazi bütövlüyü gündəmə gələndə bu ölkələrin mövqeləri üst-üstə düşür. Minsk qrupunun Ermənistanın işğalçı siyasəti ilə eyni mövqeyi, bir daha təsdiq edir ki, bu format uğurlu deyil və imitasiya xarakteri daşıyır". İnstitut rəhbəri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların nəzarətinə keçməsi, Azərbaycanın mövqeyinin güclənməsinə və hərb yolu ilə işğalın aradan qaldırımasına hüquqi zəmin yaradır: "Məhz, Minsk qrupu və Ermənistan bundan narahatdı və beynəlxalq təşkilatlarda bu problemin qaldırılmasını birmənalı qarşılamırlar. Minsk qrupu çalışır ki, münaqişəni öz

inhisarında saxlasın və yenilənmiş Madrid prinsiplərinin tətbiqini uzatsın. Nəzərə almaq lazımdır ki, 20 ildən artıqdır ki, Minsk qrupu danışıqlar prosesində heç bir irəliləyişə nail olmayıb, bundan sonar da bu qrumdan ciddi nəticə gözlənilmir. Həmçinin Minsk qrupu digər təşkilatların nizamlanma prosesində fəaliyyətlərinə də əngəllər yaradır. Dağlıq Qarabağ münaqişəsi, Avropanın təhlükəsizliyi üçün ciddi bir təhdiddi və bunu Avropanın problemi kimi dəyərləndirmək lazımdır. Rusiya və ABŞ isə Cənubi Qafqazda nüfuz uğrunda dondurulmuş münaqişələr siyasətində öz strateji hədəflərin müəyyənləşdirirlər. Və bu dövlətlərin təmsil olunduğu Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin uzadılmasını hədəfləyən və problemin həllinin qarşısını alan bir qrum kimi artıq xarakterizə olunur. Həmsədrlər ildə bir yaxud, iki dəfə münaqişə tərəflərinin prezidentlərinin görüşünü keçirməklə, işlərini bitmiş hesab edirlər və həmin ili "uğurlu" və "məhsuldar", münaqişənin həlli istiqamətində ciddi irələyiş olduğunu vurğulayırlar. Amma, nəticə etibarilə, cəbhə bölgəsində atəşkəsin mütəmadi pozulması və Ermənistanın təxribatçı hərəkətləri fonunda regionda hər ötən gün müharibə riski artmaqdadır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00