Azərbaycan ATƏT-lə əməkdaşlığı davam etdirmək niyyətindədir
Spiker: “Ancaq bu səylər qarşılıqlı olmalıdır”
26 Yanvar 2016 13:02 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədr müavinləri Georgi Seretelini və Kent Harstedti qəbul edib. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, sədr bildirib ki, ATƏT PA-nın hər iki sədr müavininin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Biz bu səfəri əlaqələrimizi möhkəmləndirmək baxımından yüksək qiymətləndiririk. Qeyd edilib ki, Azərbaycan ATƏT-lə 20 ildən çoxdur əməkdaşlıq edir: "Əməkdaşlığımızın müsbət məqamları ilə yanaşı, bizi narahat edən bir sıra məsələlər də vardır. Ümid edirik ki, dialoq nəticəsində sual doğuran bu məsələlərə aydınlıq gətiriləcəkdir". Spiker bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın işində daim fəal iştirak edir. Milli Məclisin yeni tərkibi formalaşdıqdan sonra ölkəmizin bu qurumdakı nümayəndə heyətinə yeni üzvlər seçilmişdir. Nümayəndə heyətinə ötən illərdə olduğu kimi, Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova başçılıq edir. Spiker V çağırış Milli Məclisə seçkilərdə qurumun nümayəndə heyətinin müşahidəçi qismində iştirak etməməsindən təəssüfləndiyini bildirərək, anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan tərəfi ATƏT-lə əməkdaşlığı davam etdirmək, ölkə ictimaiyyətində qurumun bəzi təsisatlarına olan inamsızlığı aradan qaldırmaq üçün səylər göstərmək niyyətindədir. Ancaq bu səylər qarşılıqlı olmalıdır. Sədr səfər çərçivəsində qonaqların keçirdiyi görüşlərin və aparılan danışıqların münasibətlərimizin inkişafına yeni töhfə verəcəyinə inamını ifadə edib. ATƏT PA-nın sədr müavini Georgi Sereteli nümayəndə heyəti adından səmimi qəbula görə minnətdarlığını bildirib. O, belə bir fikri söyləyib ki, təmsil etdiyi təşkilat müstəqil Azərbaycanla əməkdaşlıq sahəsində yeni səhifə açmaq niyyətindədir. Münasibətlərimizin uzun müddət davam etməsinə baxmayaraq, bəzi xoşagəlməz hallar da olmuşdur. Biz qarşıya çıxan sualları dialoq yolu ilə aradan qaldırmaq, Azərbaycanla həyatın bütün sahələrində konstruktiv əməkdaşlıq etmək fikrindəyik. Söhbətdə ikitərəfli əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.