Vitse-spiker Minsk qrupunu qınayıb
“Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliyə doğru heç bir addım atmayıb”
26 Yanvar 2016 11:33 SiyasətMilli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri bu təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüş keçiriblər. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından ətraflı söhbət açıb. Bildirib ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır. O, Azərbaycanda beşinci çağırış Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatdığını bildirib, nümayəndə heyətinə yeni seçilmiş millət vəkilləri ilə qonaqları tanış edib. Sonra Bahar Muradova ATƏT-lə münasibətlərin hazırkı vəziyyətinə toxunaraq bildirib ki, AŞPA-da "Azərbaycanın işğal olunmuş ərazilərində və ətraf rayonlarda zorakılıq hallarının artması" və "Azərbaycan vətəndaşlarının su ehtiyatlarından (Sərsəng su anbarı) istifadə etməsinin məqsədli şəkildə məhrum edilməsi" ilə bağlı iki qətnamənin müzakirəsi gündəmdədir. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu bu məsələnin sırf onlara aid bir səlahiyyət olduğunu vurğulayır, digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan vətəndaşlarının düşdüyü durum, Dağlıq Qarabağ münaqişəsinə dair vəziyyətlə bağlı vacib sənədlərin qəbuluna qarşı çıxırlar. Minsk qrupu bu vəziyyətə dair müzakirələri normal qarşılamalıdır. Vitse-spiker münaqişənin mövcud olduğu illər ərzində Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliyə doğru heç bir addım atmadığını, əməkdaşlığımızın inkişafı və regionda təhlükəsizliyin təmin olunması üçün təşkilatın səylərini artırmasının zəruriliyini diqqətə çatdırıb.
ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirib. Qonaq gürcü xalqının nümayəndəsi kimi Bakıda özünü öz evindəki kimi hiss etdiyini xüsusi fərəh hissi ilə bəyan edib. Georgi Sereteli təşkilatın sədri İlkka Kanervanın salamlarını çatdırdi və səhhətində yaranan problemə görə bu səfərdə iştirak edə bilmədiyini təəssüf hissi ilə qeyd edib. ATƏT-in quruma üzv ölkələrdə seçkiləri izləyən başlıca təşkilatlardan olduğunu deyən qonaq bununla bağlı yaşanan xoşagəlməz hala - ATƏT-in Azərbaycanda seçkilərə müşahidəçilər göndərməməsi ilə bağlı vəziyyətə görə təəssüfləndiyini də vurğulayıb. Azərbaycanın ATƏT üçün ən dəyərli ölkələrdən biri olduğunu deyən qonaq hər iki tərəfin səyi nəticəsində bu səfərdən sonra münasibətlərimizin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. Görüşdə ATƏT-in Baş katibi Roberto Montella bu vəzifədə ilk səfərinin məhz ölkəmizə olduğunu və bundan məmnunluq hissi duyduğunu bildirib. Qonaq ötən ilin noyabrında Azərbaycan Milli Məclisinə beşinci çağırış seçkilərin uğurlu nəticələrinə görə təbriklərini bildirib. O, qurumla ölkəmiz arasında əməkdaşlığın dərinləşməsi üçün fəaliyyətində qərəzsizlik, ikili standartlardan kənar mövqe və ədalət prinsiplərini rəhbər tutacağını diqqətə çatdırıb.