Azərbaycanın Avropa Şurasına üzv olmasından 15 il ötür

Bu gün Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinin 15 illiyidir. APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv olmaqla, hazırda 47 ölkədən ibarət təşkilatın sayca 43-cü üzv ölkəsi olub. Azərbaycanın İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasına qoşulması ilə 2002-ci ildən etibarən ölkə vətəndaşları fərdi şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququnu əldə ediblər. Azərbaycan ötən 15 il ərzində təşkilatın 62 sazişini imzalayaraq ratifikasiyadan keçirib və 7 başqa sənədə imza atıb.

Azərbaycan Avropa Şurasının bir çox təsisatı ilə sıx əməkdaşlıq edir. 2014-cü ildə Azərbaycanla Avropa Şurası arasında iki il müddətinə Fəaliyyət Planı təsdiq olunub.

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi fəaliyyət göstərir və ölkəni qurumun Nazirlər Komitəsində daimi nümayəndə təmsil edir. 2012-ci ildən bu vəzifəni səfir Emin Eyyubov icra edir. 2014-cü ilin 15 may - 15 noyabr tarixləri arasında Azərbaycan təşkilata üzvlük tarixində ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinə 6 ay müddətinə sədrliyi həyata keçirib.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasında, eləcə də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində 6 daimi və 6 əvəzedici millət vəkili və bələdiyyə üzvləri ilə təmsil olunur.

Azərbaycan Avropa Şurasının 2016-cı il üçün 442.255.900 avro təşkil edən büdcəsinə 1.277.189 avro məbləğində vəsait ayırıb.

15 ildir Azərbaycanın üçrəngli bayrağı Avropa Şurası binası qarşısında dalğalanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00