AŞPA üzvlərinə: "Azərbaycan naminə yox, müharibəsiz Avropa və dünya naminə bu sənədlərə səs verin!"
25 Yanvar 2016 12:29 Siyasət"26 ildən çoxdur ki, Azərbaycan xalqı Ermənistan Respublikası tərəfindən işğal edilmiş 20 faiz ərazisinin qaytarılması uğrunda mübarizə aparır. Lakin, bu təkcə Azərbaycan xalqının torpaq uğrunda apardığı mübarizə deyil, bu, həmçinin, Xeyirlə Şərin, Həqiqətlə Yalanın mübarizəsidir!" Bu fikirlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ("AVCİYA")Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinə müraciətində əksini tapıb. Müraciətdə qeyd olunur ki, 26 yanvar bu mübarizənin dönüş nöqtəsi ola bilər. Yəni, AŞPA üzlərinin diqqətinə ingiltərəli deputat Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" və Bosniyalı deputat, xanım Miliça Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnamə layihələri təqdim olunacaq. "Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçisi kimi, sizin hər birinizi bu layihələrin qəbul edilməsinə səs verməyə çağırırıq! 26 il ərzində Yalanın qəbul edilməsi ona gətirib çıxardı ki, Avrasiya kontinentinin bir neçə nöqtəsində də separatçı qurumlar yarandı. Gürcüstan, Moldova, Ukrayna... Və, hər belə bir separatçı qurumun əsasını Azərbaycanın 26 ildir beynəlxalq təşkilatlarda ifşa etməyə çalışdığı Yalan təşkil etdi.Axır ki, qoca Avropa həqiqəti yalandan ayırmaq ərəfəsindədir. İki məruzəçi Azərbaycana səfər edərək işlədikləri məruzənin bütün incəliklərini araşdırmağa nail oldular. Onların belə bir missiyayla Ermənistana səfər etmək istəkləri isə bu ölkə tərəfindən rədd edildi. Çünki, işğalçı ölkə rəhbərliyinin məruzəçilərə deyə biləsi nəsə yox idi. Bu gün hər iki məruzə sizin qarşınızdadır. Onlara səs verin! Azərbaycan naminə yox, müharibəsiz Avropa və dünya naminə... İşğaldan əziyyət çəkən hər bir xalq naminə..."-deyə, daha sonra müraciətdə bildirilir.