20 Yanvar faciəsi Misir mətbuatında
20 Yanvar 2016 07:24 Siyasət20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin məqaləsi Misirin bir sıra nüfuzlu və geniş oxucu kütləsinə malik qəzet və internet saytlarında yayılmışdır.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə 1990-cı il 20 Yanvar tarixində Sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilmiş, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin yaddaşlara dərin kədər hissləri ilə həkk olunması qeyd olunmuşdur.
O vaxt sovet rejiminin rəhbərliyində olan M.Qarbaçovun əmri ilə həyata keçirilən və məqsədi Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumatları əks etdirən məqalədə qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qarbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğu xüsusilə qeyd edilmişdir.
"Human Rights Watch" təşkilatının 20 Yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılğın "kütləvi cəzalandırma" kimi qiymətləndirildiyi məqalədə ayrıca qeyd edilmişdir.
Məqalədə Sovet ordusunun törətdiyi dəhşətli 20 Yanvar faciəsinin ardınca Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunması xüsusi şəkildə vurğulanmışdır.
Qeyd edək ki, məqalənin cari ilin 20 Yanvar tarixində Misirin nüfuzlu "Ruzəl-Yusuf" qəzetində və digər mətbu orqanlarında çap olunması gözlənilir.