Milli Məclis növbədənkənar iclas keçirdi
Oqtay Əsədov: “ Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”
19 Yanvar 2016 15:39 SiyasətYanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçirilib. İclası açıq elan edən spiker Oqtay Əsədov cənab prezidentin iqtisadi blokla keçirdiyi iclasından sonra növbədənkanar sessiya çağırmaq qərarına gəldik: "Mən bu iclasdan sonra bir daha əmin oldum ki, iqtisadiyyatımızı daha yaxşı bilən bir şəxs var, o da cənab Prezidentdir". Sonra dövlət başçısı tərəfindən təqdim edilən qanunvericilik zərfini deputat, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Ziyad Səmədzadə bildirib ki, cənab Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı aidiyyatı qurumlarla görüş keçirib: "Cənab Prezident Azərbaycan iqtisadiyyatının gələcəyi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması naminə konkret tapşırıqlar verdi. Qlobal dünya böhranından sonra dünyada böhran yaşanır. Artıq bəzi ölkələrdə sosial proqramların ixtisarı baş verir. Qlobal maliyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün sistemli tədbirlər görülür. Prezidentin atdığı addımlar sübut edir ki, Azərbaycan öz dinamikliyini qoruyub saxlamaq əzmindədir. Müəyyən hay-küy edənlər var. Amma buna lüzum yoxdur. Ailə də sıxıntı olanda öz xərclərini tarazlayır. Biz milli iqtisadiyyatın inkişafına yönəlinən tədbirləri artırmalıyıq. Yerli istehsalın artırılması, sahibkarlığın inkişafına şərait yaratmaq, təqdim edilən qanunlar sistemli bir fəaliyyətin ayrı-ayrı tərkib hissəsidir. Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər keçirmir. Əmanətlərin sığortalanması haqqında qanunla başlayaq . Bu qanunun təşəbbüskarı cənab Prezident olub. Əmanətlərin qorunması sistemi heç vaxt olmayıb. Amma bu gün Azərbaycan xalqı bu sistemə malikdir. 6,5 milyona yaxın əmanətçi var. İndi qanuna əsasən əmanətlərə görə olan dividentlərdən faiz tutulmayacaq. Bu bir ildə 90-100 milyon manata yaxın pul deməkdir. Digər vacib qanun ikinci dəfə MDB-də analoqu olmayan, əmanətlərin tam sığortalanması qanunudur. Bu insanların sakit şəkildə öz əmanətlərinə sahib olmasına gətirib çıxardır. Əmanətlərin sığortalanması haqqında qanunda göstərilib ki, dividentlərdən vergi tutlmayacaq. Cənab Prezidentin sistemli baxışı var. Vergi Məcəlləsində edilən dəyişiklər də vacib dəyişiklikdir". Qanun layihələrinin müzakirələri zamanı deputat Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: "Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Buna baxmayaraq, problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər". Deputat Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: "Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir". Millət vəkili Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: "Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur". F. Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir". Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq". MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov isə son vaxtlar iqtisadi məsələlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: "Cənab prezidentin bu istiqamətdə çox dəqiq planları, proqramları var. Banklarla bağlı olan məsələ gündəmə gəlib. Biz gözləyirik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərə bağlı ictimaiyyətə məlumat verəcək. Banklardakı vəziyyət, problemlər barədə məlumat vermək lazımdır ki, insanlar bilsinlər. Yoxsa, heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar var. Heç bir hadisə olmadan gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var. Ona görə, insanların məlumatlandırılması vacibdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var. Son müşavirədə cənab prezident vurğulayıb ki, atılan addımlar ölkəyə yeni investisiyaların gəlməsi və iş yerlərinin açılması baxımından vacibdir. Bu istiqamətdə sahibkarlara müraciət edirəm ki, cənab prezidentin çağırışına dəstək versinlər, yerli istehsalın inkişafına kömək olsunlar". Deputat Elmira Axundova bildirib ki, hazırda Azərbaycanda əhali nağd manat kütləsinin dollara çevrilməsində problemlərlə üzləşib. "Mərkəzi Bank valyuta məzənnəsini elan etsə də, banklarda dollar tapılmır. İnsanlar banklarda manatı dollara çevirə bilmir. Lakin "qara bazar"da var. Bu əməliyyatlar dayandırılmalıdır". O, həmçinin gömrük məhdudiyyətlərinin aradan qaldırılmasının sahibklarlığın inkişafı üçün önəmli olduğunu qeyd edib: "Gömrük məhdudiyyətini yenidən qaytardıq. Yenə də gömrük rüsumlarının artırılması ilə bağlı söhbətlər yayılır. Xarici qəzet-jurnallara 18% ƏDV tətbiq edilib. Xarici dillərdə çıxan jurnallara əsasən ziyalılar abunə olur. Ona görə də bu qərarla ziyalı təbəqəsini mənəvi qidadan məhrum edirik". Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov isə bildirib ki, dolların məzənnəsinin 2 - 2,5 manat olacaöı barədə gəzən söz-söhbətlər həqiqəti əks etdirmir. E. Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: "Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq". Bununla MM-in növbədənkənar iclası yekunlaşıb. Xatırladaq ki, iclasda "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" qanunlara, Vergi Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edililib. Həmçinin, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Alim