Azərbaycan yeni bir mərhələyə qədəm qoyur

Bu mərhələdə hər bir Azərbaycan vətəndaşının üzərinə böyük bir məsuliyyət düşür

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eləcə də ötən ilin sonlarından başlayaraq dolların manata nisbətən məzənnəsinin artması ölkədə müəyyən problemlərin meydana çıxmasına səbəb oldu. Bazarlarda baş verən qiymət artımı, bir sıra hallarda işbazların qiymətləri süni yolla qaldırması cəmiyyətdə ciddi narahatçılıq doğuran məsələlərdən idi. Və cəmiyyətin üzləşdiyi problemi, onun narahatçılığını hakimiyyət, xüsusilə də Prezident İlham Əliyev görür, ondan çıxış yolları axtarırdı. Təbii ki, dünya praktikasında belə vəziyyətlərdə iqtisadi və idarəetmə sahəsində islahatların aparılması qaçılmaz xarakter alır. Elə Azərbaycan da mövcud vəziyyətdən çıxış yolunu məhz idarəetmə, eləcə də iqtisadi sahədə islahatlarda gördü.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyev bunun anonsunu verdi.
Əslində buna qədər də dövlət başçısı ölkənin, onun vətəndaşlarının mənafeyinə, sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış bir sıra radikal islahatlara start vermişdi. Xüsusilə idarəetmə sahəsində həyata keçirilən islahatları çərçivəsində ötən il bir neçə dövlət qurumu ləğv edildi. Bundan başqa ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı, lisenziyaların verilməsi qaydaları sadələşdirildi, gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edildi. Xatırladaq ki, bu islahatlar həyata keçirilən zaman ya neftin dünya bazarındakı qiyməti kəskin şəkildə aşağı düşməmiş. ya da ölkədə devalvasiya prosesi baş verməmişdi. Sadəcə yuxarıda da qeyd etdiyimiz kimi məqsəd vətəndaşların sosial rifah halnı daha da yaxşılaşdırmaq, dövlət idarəetmə sistemini təkmillədirmək və şəffaflıq yaratmaq idi. Sadəcə neft və devalvasiya amili bu prosesin daha da sürətlənməsini şərtləndirən amilə çevrildi. Prezidentin islahatlar anonsundan sonra ölkədəki mövcud vəziyyətə müvafiq bir neçə vacib addım atıldı. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olundu, valyuta bazarında özbaşnalığın və süni qiymət artımının qarşısı alındı, banklardan kənardakı valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv edildi. Ən əsası və cəmiyyət tərəfindən müsbət qarşılanan addım olaraq süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı. Bütün bunlar iqtisadi sahənı əhatə edən məsələlər idi. İdarəetmə sahəsində atılan müsbət addımlar sırasında isə Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Bayraq Meydsanı İdarəsinin ləğv olunmasını göstərmək olar.
Göründüyü ki, atılan addımlar və bu qəbildən olan başqa tədbirlər yalnız və yalnız ölkə iqtisadiyyatını mənfi xarici təsirlərdən mümkün qədər qorumaq mədsədi daşıyır. Yaxın vaxtlarda isə ölkədə daha bir neçə mühüm yeniliyin baş verəcəyi
istisna edilmir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə ölkənin iqtisadi və sosial məsələlərinə həsr olunmuş müşavirədə də bunu xüsusi olaraq qeyd edib: "Artıq struktur islahatları ilə bağlı müəyyən addımların atılmasına başlanılıb. Bu tədbirlər daimi olacaq. Bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdiriləcək, ya da ləğv olunacaq". Əslində dövlət başçısının son müşavirədə səsləndirdiyi struktur islahatları ilə bağlı fikirlər ötən ildən başlamış prosesin davamlı xarakterdə olduğuna bir daha əminlik yaratdı. Bütün bunlardan əldə edilən nəticə isə ondan ibarətdir ki, Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə hər bir Azərbaycan vətəndaşının üzərinə böyük bir məsuliyyət düşür. Hər kəs onu bilməlidir ki, Azərbaycanda mövcud sabitliyin pozulması, qarşıdurmanın yaranması, xalqla dövlət arasındakı körpülərin dağılmasında maraqlı olan xarici və daxili qüvvələr var.
Ona görə də heç bir qüvvəyə belə bir imkan yaratmamalıyıq. Əgər bunun əksi olsa Azərbaycan da xaos, anarxiya, insan ölümünün hökm sürdüyü ərəb ölkəlırindən birinə çevriləcək. Odur ki, hər birimiz bunu nəzərə almalı, Azərbaycanı istıməyənlərin dəyirmanına su tökməməliyik. Gördüyümüz kimi mövcud çətinlikləri nizama salmaq, vətəndaşların sosial rifah halına təsir göstərən amilləri aradan qaldırmaq məqsədilə dövlət üzərinə düşəni edir və əminliklə deyə bilərik ki, bundan sonra da edəcək. Buna heç kimin şübhəsi olmamalıdır. Çünki Prezident həmişəki kimi vətəndaşın, xalqın yanındadır.


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00