20 Yanvar – əsarətin son gecəsi

20 Yanvara gedən yol nədən və haradan başlandı? Bu sualın cavabında hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayların hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədər müxtəlifləşən mülahizələr yalnız bir fikirdə yekdil olurlar: belə sonluğu heç kim gözləmirdi. Bəli, doğrudan da o zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər.Yəqin ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi,həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövhük. Amma bəzən Şər də qalib gəlir, qısa müddətə olsa da. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi - qısa bir an. Bu Şərin gəldiyi yol isə bir aylıq, iki aylıq yol deyildi.Bu - çox uzaqdan gələn bir yoldu. Bu yol 1814-cü ilin "Türkmənçay"ından gəlir, bu yol 1828-ci ilin "Gülüstan"ından keçir. Nəhayət, bu yolun bizə ən yaxın döngəsi 1920-ci ilin 28 aprelindən başlamışdı. 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acılarından, 50-60-cı illərin ağır məhrumiyyətlərindən keçib gəlmişdik 20 Yanvara. Bütün bunlar çox uzun və çox üzüntülü bir hekayədir -azadlıqsevər bir məmləkətin, insanpərvər bir millətin, məğrur bir xalqın əsarət hekayəsidir. 20 Yanvar isə bu hekayənin son fəslidir.

O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökümət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atması - onun anti-humanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətinitam aydınlığı ilə ifşa etmiş oldu.Meydanlara öz haqq səsini ucaltmaq, milliheysiyyatını və milli mənliyini qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilər. Amma hələ də heç kim bu gözlənilməzlikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında yaşadığıöz vətəndaşlarına qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyiağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: "Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar, özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin".Lakin inanmaq istədiyimiz xoş sonluqlu ehtimal özünü doğrultmadı. Soyuq 20 yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri- Bakı küçələrində dinc nümayişçilərin gülləbaranıbaş verdi: Azərbaycana, nəyin bahasına olurasa-olsun milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rusqoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı.Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarınıqan gölündə tapdı. Bu - Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.

Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu müqəddəs torpaq hələəsrin əvvəllərində - 1918-1920-ci illərdəVətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər Xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır.O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər "öz ayaqları ilə" şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər.Şəhidlərin məzarları üzərinə sərilmiş milyonlarla qərənfil onların 20 yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı.

Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı.Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən sanki qan damarları ilə axıb gələn vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz -Azadlıqdır!

Qanlı yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin ən faciəvi günlərindən birini yaşayan Azərbaycanın xalqının acısına şərik çıxması - onun öz xalqına olan sonsuz məhəbbətinin ifadəsi idi.Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlıelə ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi -xalqımızın üzləşdiyi ən çətin məqamlarda

Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığınıbir daha sübut etdi.

Cinayətin törədildiyi vaxtdan keçən bir neçə illər ərzində 20 yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacibməsələlərdən biri idi.Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın onun rəhbərliyi tərəfindən verilən göstəriş əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətə və iradəyə malik olmadığı əvvəlcədən məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ Baş hərbi prokurorluğunun hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən faciəli olayların araşdırılması ilə bağlı yaradılmış İstintaq komissiyasının fəaliyyətinin heç bir nəticə və heç bir əsas olmadan dayandırılması isə təəccüb doğurmaya bilməzdi. Bu o zamankı ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi-hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi. Təəssüf ki, daha sonra 1992-ci ilin 19 yanvarında qəbul edilmiş "1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair" Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

20 yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək, axıdılmış günahsız qanların baiskarlarının cəzalandırılması üçün siyasi, hüquqi zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 5 yanvar 1994-cü il tarixli Fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq Qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi tövsiyə edildi.

Beləliklə, 1994-cü ilin martında Azərbaycan Respublikasının Milli Məclisi 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında xüsusi Qərar qəbul etdi. Bu Qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsihərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi.Bununla da, nəhayət ki,qanlı faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi.

Faciədən 26 il keçir."Əbədi, dönməz və sarsılmaz" müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər.Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.Prezident İlham Əliyevin Şəhidlər Xiyabanını ziyarət edərkən vurğuladığı kimi: "Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır."

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00