Qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir
Bu öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürüb
19 Yanvar 2016 12:25 SiyasətAzərbaycanın qeyri-neft sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyduğu, neftdən asılılığın aradan qaldırılması istiqamətində dövlət proqramlarının icra olunduğu bir ərəfədə iqtisadiyyatımız üçün arzulanmayan proseslər baş qaldırdı. Neft kəskin şəkildə ucuzlaşmağa başladı. 2014-cü ilin ortalarından başlayaraq neftin dünya bazarlarında qiymətinin davamlı olaraq aşağı düşməsi qədim neft ölkələrindən biri kimi Azərbaycana təsirini göstərməyə bilməzdi. Düzdür, bu, təcrübədə birinci fakt deyil. Dünya bazarlarında neftin qiymətinin kəskin faza ilə artıb-azalması halları neftin hasil olunduğu tarix boyu dəfələrlə müşahidə olunub.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, iqtisadiyyatı neftlə bağlı olan ölkələr bunu həmişə gözləyirlər: "Lakin məsələ burasındadır ki, neftin qiymətinin bu dəfə qeydə alınan enişi əvvəlkilərdən fərqli xarakterdədir. Bu dəfə proses birmənalı şəkildə siyasi iddiaların təsiri altındadır. Bunu görmək üçün hansısa dərin təhlillərə ehtiyac duyulmur. Mənzərə göz önündədir - Dünya gücləri münasibətlərini aydınlaşdırmağa və gələcək dünya düzəninin konturlarını cızmağa çalışır və bunun üçün bir-birilərinə qarşı bütün mümkün təsir vasitələri və rıçaqlarından istifadə edirlər. Məsələn, İran neftinin ixracına qoyulmuş embarqonun aradan götürülməsi, qırx illik fasilədən sonra ABŞ-ın dünya bazarına neft çıxarmaq iddiasına düşməsi, OPEK ölkələrinə neft hasilatını azaltmağa imkan verilməməsi və s. bu sıradan olan təsir vasitələridir ki, nəticəsi sözsüz ki, bizi - neft ölkəsi olan Azərbaycanı da vurur. Artıq heç kəsə sirr deyil ki, dünyada baş verənlərdən dolayı dövlətimizin gəlirləri nəzərəçarpacaq dərəcədə azalıb və elə məhz bunun nəticəsində də milli valyutamız öz dəyərini itirir. Bu gün ölkəmiz bizdən asılı olmayan səbəblərdən iqtisadi çətinliklər, maliyyə sistemində yaranmış gərginliklərlə üzləşib. Lakin bu o demək deyil ki, bəzilərinin iddia etdiyi kimi, faciə baş verib və xalq olaraq hamımız pessimizmə qapılıb indiyə qədər görülmüş bütün işlərin üzərindən xətt çəkməliyik. Əksinə, bu gün hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməli, dövlətə dəstəyini əsirgəməməlidir. İndi elə bir məqamdır ki, təxribatlara uymaq, siyasi məqsədlərə hesablanmış çağırışlara qarşılıq vermək olmaz". BİAB sədri qeyd edib ki, bəziləri öz siyasi maraqlarından çıxış edərək Azərbaycan hökumətini böyük neft pullarını ölkədə qeyri-neft sektorunun inkişafına yönəltməməkdə günahlandırır: "Əslində isə bu vaxta qədər ölkənin iqtisadi və maliyyə sistemində tamam başqa reallıqlar müşahidə olunub. Azərbaycana böyük neft pulları 2008-ci ildən etibarən daxil olmağa başlayıb. Ancaq Prezident İlham Əliyev bundan 4 il öncə 2004-cü ildə, "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil" demişdi. Bax, Prezident bu fikirləri səsləndirdiyi vaxt indi Azərbaycan hökumətini qeyri-neft sektorunun inkişafına diqqət göstərməməkdə suçlayanlar bu mövzuda ümumiyyətlə danışmırdılar. Həmin ərəfədə onlar boş xülyalarla yenicə seçilmiş gənc Prezidentin öz postunu qoruya, dövləti idarə edə bilməyəcəyinə dair fikirlər yaymaq, insanlarda yalnış təsəvvürlər formalaşdırmağa çalışırdılar. Lakin İlham Əliyevin uğurlu iqtisadi siyasət strategiyası, düşünülmüş sosial-iqtisadi proqramları ölkə əhalisini Prezidentin ətrafında sıx birləşməyə həvəsləndirdi ki, nəticədə xalq dövlətin və dövlət başçısının əsas dayağına, güc mənbəyinə çevrildi. Konkret faktlara diqqət edək: 2008-ci ildən etibarən ölkəyə daxil olan böyük neft pulları ilk növbədə qeyri-neft sektorunun inkişafına gələcəkdə yaxşı zəmin yarada biləcək iri infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldi. Bu, çox düzgün addım idi. Ölkənin fasiləsiz elektrik enerjisi, su, qaz, yol və nəqliyyat problemlərini həll etmədən qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün deyildi. Bu işlər başa çatar-çatmaz artıq 2014-cü il sənaye, 2015-ci il isə kənd təsərrüfatı ili elan edildi. 2015-ci ilin ikinci yarısından etibarən isə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı açıq müharibə elan edən Prezident azad sahibkarlığın qarşısındakı bütün maneələrin tam aradan qaldırılmasını təmin edən qətiyyətli addımlar atdı. Hər kəs bilməlidir ki, bir neft ölkəsində iqtisadiyyatın neftdən asılılığına 5-6 il ərzində son qoymaq praktiki cəhətdən mümkün deyil və dünya təcrübəsi də belə bir nümunə tanımır. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatın diversifikasiyası üçün illər və bəlkə də on illiklər sərf olunmalıdır. Bu proses bir göz qırpımında deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycan hökuməti də bu yolda öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış" şəkildə gedir". Fikrət Yusifov bildirib ki, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və o öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürüb: "Burada bir faktı da xatırlatmaq yerinə düşər: Prezident İlham Əliyev 2014-cü ilin əvvəlində həmən ili ölkədə sənaye ili elan edəndə dünya bazarlarında neftin qiyməti bir barrel üçün 110 dollar civarında idi və həmin vaxt dünyanın nüfuzlu iqtisadiyyat institutları və maliyyə qurumları belə proqnozlaşdıra bilməzdilər ki, bir müddətdən sonra neft "su qiymətinə" düşəcək. Azərbaycan Prezidenti isə neftin qiymətinin 100-110 dollarlıq həddində belə ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir, addımlar atırdı. İndi hansı haqla Prezidenti qınamaq olar ki, o, qeyri-neft sektorunun inkişafına maraq göstərməyib? Ədalət hissini gərək nə qədər itirəsən ki, "pulu daşa-divara xərclədilər" kimi görülmüş işlərin mahiyyətinə və miqyasına kölgə salan fikirlər səsləndirəsən. Həmin o "daş-divar" məktəb, uşaq bağçaları və ali təhsil ocaqlarının göz oxşayan yeni binalarıdır. Müasir standartlara cavab verən nəhəng filarmoniyalar, konsert və idman arenalarıdır. Teatrlar, istirahət və əyləncə mərkəzləri, park və iaişə obyektləri, zövqlə inşa edilmiş çoxmərtəbəli yaşayış evləri, inzibati binalar və tibb müəssisələridir. Həmin o "daş-divar" yol ötürücüləri, körpülər, yeni yollar, su elektrik stansiyaları, qazlaşdırma və içməli su layihələridir. Bu "daş-divar" Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, "Cənub" qaz dəhlizi, "Şahdəniz-2", TANAP layihələri üzrə görülmüş nəhəg işlərdir. Dedikləri "daş-divar" Ordudur, yeni və müasir əsgər kazarmaları və yeməkxanalarıdır , müdafiə sənayesidir, müasir silahlar, döyüş maşınları, artileriya qurğularıdır. Bütün bu və sadalamadığımız digər irimiqyaslı işlər Azərbaycan vətəndaşları üçündür. Sökülən daxmalara görə aldıqları 100-150 min manat da məhz neft pulları idi. Hər birimizin qohum-tanışı arasında belə insanlar var və biz
onların əvvəlki həyatını da xatırlayırıq, indiki gününü də görürük. Elələri də var ki, yeni mənzildən əlavə maşın da alıb... Ümumiyyətlə, bu ölkədə kiçikdən böyüyə qədər hamı neft gəlirlərindən bu və ya digər dərəcədə bəhrələnib. Hamı bilməlidir ki, bu gün gəlir azalması faktı ilə üzləşən təkcə Azərbaycan deyil. Qərbi Avropanın ən böyük neft ixracatçısı olan Norveç belə bu gün ciddi problemlərlə üzləşib və bu fakt artıq rəsmi səviyyədə etiraf olunur". İqtisadçı hesab edir ki, Azərbaycanda görülmüş işlərin nəticəsdir ki, hazırda qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Onun sözlərinə görə, bu, kifayət qədər ciddi nəticədir: "Bundan başqa, bir çox məhsullara olan təlabatımız yerli istehsal hesabına təmin olunur ki, bunun da nəticəsində ölkəyə həmin məhsulların idxalı xeyli azalıb. Bu gün artıq dövlət səviyyəsində qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində ciddi addımlar atılır. Konkret olaraq son vəziyyətə adekvat tədbirlərə gəldikdə, deyə bilərik ki, Prezidentin rəhbərliyi altında artıq keçən ildən və xüsusilə də keçən ilin ikinci yarısından başlayaraq dünyadakı proseslərin ölkəməzə az təsir göstərməsinə hesablanmış müvafiq proqramların icrasına başlanılıb.
Süleyman