Xalq prezidentə dəstək olmalıdır
Hakimiyyət-xalq birliyi nəticəsində mövcud problemlər yoluna qoyulmalıdır
19 Yanvar 2016 12:21 SiyasətKeçən ilin son aylarından başlayaraq dünyada neftin qiymətinin kəskin şəkildə azalması fonunda manatın dollara nisbətən nəzərəçarpacaq dərəcədə ucuzlaşması ölkədə bir sıra irili-xırdalı problemlərə yol açdı. Bəzən obyektiv, bəzən isə subyektiv səbəblərdən meydana çıxan problemlərin dərhal və yerindəcə həll edilməsi məqsədilə hakimiyyət təxirəsalınmaz tədbirlərə start verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ciddi nəzarəti altında həyata keçirilən tədbirlər qısa zamanda öz müsbət nəticələrini göstərdi. Süni şəkildə artırılan qiymətlər, xüsusilə un və çörəyin qiyməti aşağı salındı, bir sıra mal və məhsullar Əlavə Dəyər Vergisindən məhrum edildi. Eyni zamanda siyasi sahə, idarəetmə strukturunda da vacib islahatlara start verildi. Bununla bir daha Azərbaycan iqtidarı, xüsusilə prezidentinin hər zaman xalqın yanında olduğu, onun səsinə səs verdiyi təsdiqini tapdı. Heç şübhəsiz ki, prezident və onun komandası tərəfindən həyata keçirilən bu islahatlar ictimaiyyət, xüsusilə vətəndaş cəmiyyəti tərəfindən dəstək qazandı. Ümumiyyətlə, dünya praktikasına nəzər saldıqda aydın olur ki, bu kimi çətin vəziyyətlər, böhranlı durumları hakimiyyət və xalq birlikdə, əl-ələ verərək yoluna qoyur. Bir sözlə hakimiyyət məhz xalqın dəstəyi ilə bu və ya digər islahatları həyata keçirir. Hazırda Azərbaycanda da eyni vəziyyət hökm sürür. Dövlət başçısının həyata keçirdiyi iqtisadi və siyasi islahatlar vətəndaş cəmiyyəti tərəfindən dəstək qazanır. Əksəriyyət vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, Azərbaycan Prezidentinə dəstək davamlı olmalı və hakimiyyət-xalq birliyi nəticəsində mövcud problemlər yoluna qoyulmalıdır.
Elə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov da bu qənaətdədir. BMAM rəhbəri hesab edir ki, indi əvvəlkindən daha çox birliyə, bərabərliyə ehtiyac var və xalq Prezidentinin arxasında möhkəm dayanmalıdır: "Bu gün qloballaşan dünyada gedən proseslər ölkəmizə də təsirsiz ötüşməyib. Azərbaycan dünyanın əsas enerji ölkələrindən biri və reğionun aparıcı dövləti olduğundan bu gözlənilən idi. Burada təəccüblü heç nə yoxdur. İllər öncə dünyada yaranmış iqtisadi böhran ölkəmizdə əvvəlki illərdə nəzərəçarpacaq formada hiss olunmadı. Ölkəmiz öz iqtisadi resursları və imkanları hesabına bunun öhdəsindən indiyədək gəlməyi bacardı. Yalnız 2015 -ci ilin sonlarından etibarən neftin qiymətinin süni şəkildə 4 dəfədən artıq aşağı düşməsi nəticəsində dünyadakı iqtisadi böhranın təzahürləri Azərbaycanda da hiss edilməyə başladı". Rufiz Qonaqov onu da bildirib ki, bu gün Azərbaycan əvvəlki Azərbaycan deyildir və Azərbaycan bu gün iqtisadi imkanları yüksək olan, hərtərəfli ehtiyatları, güclü və müstəqil siyasət aparan, qətiyyətli Prezidenti olan ölkədir: "İndiyədək olduğu kimi nə qədər çətin olsa da, xalq və Prezidentin birliyi sayəsində ölkəmiz bu çətinliklərin də öhdəsindən gələcək. Buna heç kimin şübhəsi olmasın. Yetər ki, biz Prezidentimizin arxasında möhkəm olaq". Mərkəz rəhbəri təəssüf hissi ilə qeyd edib ki, bu gün ölkəmizdəki müvəqqəti iqtisadi problemlərdən istifadə edərək varlanmaq istəyən işbazlar, ayrı -ayrı monopolistlər, xarici ölkələrin əlində alətə çevrilmiş 5-ci kalonun nümayəndələri yenə də bu fürsətdən maksimum dərəcədə faydalanmaq istəyirlər: "Ölkəmizdə sosial çətinliklər fonunda yenidən fəallaşan xarici qüvvələrin arzusu bu dəfə də ürəyində qalacaq. Xalq-Prezident birliyi sayəsində Azərbaycana uzanmış əllər yenə də kəsiləcək. Ölkəmiz tezliklə güclü iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, monopoliyanın aradan qaldırılması, azad biznesin və sahibkarlığın inkişaf etdirilməsi sayəsində yenidən iqtisadiyyatını gücləndirəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hökumətin son iclasındakı qətiyyətli və prinsipial çıxışı bunu bir daha sübut edir".
Politoloq Ramiz Alıyev də deyib ki, indiki həssas dönəmdə Azərbaycan xalqı daha çox birlik, bərabərlik göstərməli, hakimiyyətə, cənab prezident İlham Əliyevə dəstək nümayiş etdirməlidir. Onun sözlərinə görə, ərəb baharını Azərbaycana transfer etmək arzusunda olanlar hər vasitə ilə xalqla hakimiyyət arasında uçurum yaranmasını istəyir və bundan da istifadə edərək öz məkrli planlarını reallaşdırmağa çalışırlar: "Ancaq qətiyyətlə bildirmək istəyirəm ki, antiAzərbaycan qüvvələrin bu dəfə də ümidləri puç olacaq. Çünki Azərbaycan xalqı sabitlik, siyasi inkişafın tərəfdarıdır. Azərbaycan vətəndaşları ərəb ölkələrində baş verən vətəndaş müharibəsi, çoxlu sayda insan tələfatının burada təkrarlanmasını istəmir. Buna görə də xalq öz prezidentini dəstəkləyir və onun ətrafında sıx birləşir".
Süleyman