Davos forumunun Azərbaycan üçün əhəmiyyəti
Forum Azərbaycana xarici investisiyanın cəlbində rol oynaya bilər
19 Yanvar 2016 05:48 SiyasətYanvarın 20-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu öz işinə başlayacaq. ANS PRESS-in məlumatına görə, beynəlxalq tədbirdə prezident İlham Əliyev də iştirak edəcək.
Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun , Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib.
Forum dünyada ciddi maliyyə, miqrant böhranlarının və neftin ucuzlaşdığı bir vaxtda baş tutur. Dünyada baş verən iqtisadi və siyasi proseslər Azərbaycandan da yan keçmir. Maliyyə böhranlarının baş verməsi dünyanın digər dövlətləri ilə yanaşı Azərbaycanı da yeni gəlir mənbələri axtarmağa sövq edir.
Prezident İlham Əliyev dəfələrlə Azərbaycana xarici investorlarının ölkəyə cəlbinin vacibliyini vurğulayıb. İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə də beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyovun sözlərinə görə, forumda prezidentlərin, hökumət nümayəndələrinin, bankların və transmilli şirkətlərin rəhbərlərinin iştirakı Azərbaycan üçün çox önəmlidir.
"Bütün inkişaf edən ölkələrdə maliyyə problemləri var. Təbii ki, prezident İlham Əliyev də çıxışlarda və diskusiyalarda Azərbaycanın problemlərini həll etmək və ölkəyə investisiya cəlb etmək üçün çalışacaq. Davos formunda əsas müzakirə mövzularından biri yaxın zamanlarda dünya iqtisadiyyatının hansı istiqamətlərdə inkişafı olacaq".
Millət vəkili bildirdi ki, ikitərəfli qaydada belə gürüşlərin və diskusiyaların keçirilməsi bilavasitə Azərbaycana xarici investisiyanın cəlbində rol oynaya bilər.
Ötən il "Regionların transformasiyası: Avrasiya" devizi altında Davos İqtisadi Forumunda prezident İlham Əliyevin çıxışı iştirakçıların diqqətini cəlb etmişdi. İlham Əliyev Azərbaycan üçün çox ağır olan 1990-cı illəri xatırlatmışdı. "O zamanlar Azərbaycan dövlətinin qarşısında xeyli çətinliklər yaranmışdı. Əsas məqsəd siyasi sistemin transformasiyasına nail olmaqdan ibarət idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər",-deyə prezident bildirmişdi.
Sessiyada Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu və digər çıxış edənlər də Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu keçdiyini, ölkəmizin qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını bildirib.
Bu il Davos forumu "Dördüncü sənaye inqilabı" devizi altında keçiriləcək. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edəcəklər.
Azərbaycan prezidentinin indiki situasiyada Davos forumunda iştirakı xüsusi önəm daşıyır. Yəqin ki, bu forum Azərbaycana xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq. Hazırda Azərbaycan hökumətinində əsas iqtisadi prinsiplərində biri qeyri - neft sektoruna xarici investisiyaları cəlb etməsidir.