Dövlət idarəetmə sistemi təkmilləşdiriləcək

Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bunun anonsunu verdi

Son aylar ölkənin maliyyə bazarı və iqtisadi sferada baş verən mənfi tendensiya bir sıra sahələrdə, xüsusilə idarəetmə sistemində islahatların aparılmasının zəruriliyini ortaya qoydu. Bir-birini təkrarlayan, əlavə büdcə vəsaitinin xərclənməsinə yol açan dövlət qurumlarının ləğv edilməsi məsələsi haqlı olaraq gündəmə gəldi. Elə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəxifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dolayısıyla bu məsələyə toxunaraq yaxın vaxtlarda dövlət idarəetmə sistemində islahatların aparılacağının anonsunu verdi. Prezident bildirdi ki, dövlət qurumları, dövlət şirkətlərində səmərəsiz xərclərə son qoyulmalıdır: "Dövlət şirkətlərinin idarəetmə qaydaları dəyişdirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum toplantıda çıxışı zamanı dövlət idarəetmə sistemində müəyyən islahatların keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər əslində anti-böhran tədbirlərin bir hissəsi kimi başa düşülə bilər. Təsadüfi deyil ki, prezident İlham Əliyevin bu fikirlərindən sonra bir sıra ekspert və iqtisadçılar islahatların həyata keçirilməsinin zəruri olduğu bəzi dövlət qurumları barədə təkliflərlə çıxış ediblər.
Ekspert Elxan Mikayılov da hesab edir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair son iclasında çıxışı zamanı dövlət idarəetmə sistemi ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə islahatların qaçılmaz olduğundan xəbər verir. Elxan Mikayılov islahatların həyata keçirilməsinin mümkün olduğu dövlət qurumlarının adını da açıqlayıb. Onun sözlərinə görə, indiki şəraitdə iqtisadçılar yalnız tənqid yox, həm də öz təkliflərini verməlidirlər. Çünki təkliflər hansısa problemlərin həlli yollarıdır və özündə çoxlu informasiyalar daşıyır: "Ölkə Prezidenti son çıxışlarında qeyd edib ki, idarəetmə sahəsində islahatlar aparılacaq və bununla bağlı mətbuatda müxtəlif fikirlər səsləndirilir. Qeyd edim ki, verilən təkliflər sadəcə büdcə xərclərininin azaldılması deyil, eyni zamanda səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır. Məlum olduğu kim Azərbaycanda hazırda 19 nazirlik, 11 nazirlik statuslu komitə, 5 dövlət xidməti, 6 agentlik, 2 adminstrasiya və 1 fond mövcuddur. Müqayisə üçün qeyd edim ki, Yaponiyada 17, İngiltərədə 21, İsveçərdə 7, Gürcüstanda 16 və Almaniyada 14 nazirlik statuslu qurum mövcuddur. İndi isə beynəlxalq təcrübə ilə müqayisə əsasında təkliflərimizi verək. Birincisi, Vergilər Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Satınalmalar Agentliyinin və Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə birləşdirilməsi məqbul olardı. Məlum olduğu kimi gömrük və vergi büdcə sisteminin tərkib
hissəsidir və büdcənin gəlirlərinin təmin edilməsinə xidmət edir. Odur ki, Avropa ölkələrində vergi və gömrük adminstrasiyası Maliyyə Nazirliyinin tərkibindədir. Bu mənada mətbuatda gedən Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi təklifi məqbul deyil. Çünki inkişaf etmiş ölkələrdə Vergilər Nazirliyi mövcud deyil. Qiymətli kağızlar isə maliyyə sektorunun tərkib hissəsidir və Maliyyə Nazirliyində sektorun digər elementi olan sığorta bazarına nəzarət artıq mövcuddur. Maliyyə Nazirliyi həm də onsuz da satınalmalar sahəsində aparıcı orqandır və bu səbəbdən Satınalmalar Agentliyinin bura birləşdirilməsi məqsədəuyğundur. İkincisi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin turizm fəaliyyətinin İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi yaxşı olar. Elmlər Akademiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyinin birləşdirilərək Təhsil, Elm və Araşdırmalar Nazirliyinin yaradılması, Dövlət Sosial Müdafiə Fondunun, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazası əsasında beynəlxalq təcrübədə olduğu kimi Əmək və Sosial Məsələlər Nazirliyinin yaradılması məqsədəuyğun olar". Elxan Mikayılov bildirib ki, Energetika Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Naziliyinə birləşdirilməsi optimal variantdır: "Ancaq Kənd Təsərrüfatı Nazirliyinin saxlanılması vacibdir. Çünki Azərbaycan aqrar ölkə olduğundan Kənd Təsərrüfatı Nazirliyinin olması zəruridir. Ancaq Melorasiya və Su təsərrüfatı Səhimdar Cəmiyyəti bu nazirliyə birləşdirilə bilər. Nəqliyyat Nazirliyinin bazasında isə Nəqliyyat, İnfrastruktur və Tikinti Nazirliyinin yaradılması və bütün nazirliklərin tikinti səlahiyyətlərinin alınaraq həmin nazirliyə verilməsi həyata keçirilə bilər". Ekspert hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyi əsasında Mədəniyyət, Gənclər və İdman Nazirliyinin yaradılması, Maliyyə Nazirliyinin dövlət büdcəsinə nəzarət funksiyasının məhdudlaşdırılması, əvəzində Hesablama Palatasının səlahiyyətlərinin geniləndirilməsi, Maliyyə Nazirliyinin maliyyə nəzarəti funskiyasının daxili audit funksiyası ilə əvəz edilməsi islahatlar zamanı nəzərə alına bilər: "Dövlət müəssisələrinin, xüsusilə kommunal xidmət göstərən müəssisələrin Dövlət-Özəl Partyorluğu əsasında özəlləşdirilməsi, Rayon icra Hakimiyyətlərinin səlahiyyətlərinin məhdudlaşdırılması və bələdiyyələrin səlahiyyətlərinin artırılması hesab edirəm ki, məqbul variantlardan biri ola bilər".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00