Brüsseldə Xocalı mitinqi keçiriləcək
15 Yanvar 2016 12:51 Siyasət"Brüsseldə keçirilməsi nəzərdə tutulan Xocalı mitinqi Ermənistanın iç üzünün açılması üçün böyük vasitə olacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Asif Kurban Brüsseldə gözlənilən Xocalı mitinqi ilə bağlı fikirlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, XX əsrin böyük soyqırım aktı olan Xocalı hadisəsi Ermənistanın gercək üzünü əks etdirir: "Bu mitinq ermənilərin əməllərinə cavab olacaq. Brüssel Avropa Parlamentinin mərkəzi olduğu üçün, bu mitinqin böyük bir əhəmiyyəti var. Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız mitinqdə iştirak edəcəklər". Asif Kurban ermənilərin beynəlxalq güclərin əlində alət olaraq, Türk millətinə qarşı dəhşətli soyqırım siyasətini həyata keçirdiklərini xatırladıb. "XX əsrdə bir neçə dəfə belə hadisə baş verib. Əslində, dünya birliyinin bu günə qədər susqun vəziyyətdə olması Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsinə rəvac verib. Hazırda Ermənistan bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur və əsassız olaraq işğal etdiyi Qarabağ torpaqlarından çıxmaq istəmir". Xatırladaq ki,Dünya Azəbaycanlıları Konqresinin Xocalı soyqırımı ilə bağlı mitinqi fevralın 26-da Avropa Parlamentinin qarşısında baş tutacaq.