Əhalinin sosial rifahı başlıca prioritetdir
Mövcud çətinliklərə baxmayaraq əmək haqqı və pensiyaların artırılması gündəmdədir
13 Yanvar 2016 14:44 SiyasətÖlkədə bir-birinin ardınca baş verən iki devalvasiya, nəticədə manatın Amerika dollarına nisbətdə dəyərdən düşməsi ölkədə müəyyən çətinliklərin yaşanmasına yol açdı. Dolların manata nisbətən bahalaşması ilk növbədə ölkəyə idxal edilən məhsulların qiymətinin artmasına səbəb oldu. Təbii şəkildə baş verən qiymət artımı problemi yaşandığı bir ərəfədə bəzi yerli istehsalçılar da yaranmış vəziyyətdən sui-istifadə edərək süni qiymət artımına yol verdilər. Düzdür, dövlətin müvafiq qurumları süni qiymət artımına qarşı mübarizə aparsa da, işbazlar, möhtəkirlər yenə də öz çirkin fəaliyyətlərini davam etdirməkdədirlər. Yaranmış vəziyyətdən çıxış yolunu müəyyənləşdirən hökumət ilk növbədə maaş və pensiyaların artırılmasını zəruri hesab etdi. Elə ötən həftə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə diqqət çəkdi. Dövlət başçısı çıxışı zamanı bildirdi ki, 2016-cı ildə pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır və bununla bağlı hökumət təkliflər hazırlasın: "Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalı, təkliflər verməlidir". Göründüyü kimi ağır iqtisadi vəziyyət və ciddi böhranın qapıda olmasına baxmayaraq hökumət, xüsusilə dövlət başçısı əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atmaqda davam edir. Əhalinin sosial rifah halının yaxşılaşdırılması isə ilk növbədə əmək haqqları və pensiyaların artırılmasından keçir. Paralel olaraq sosialyönümlü layihələrin icrası bu istiqamətdə qabaqlayıcı addım ola bilər. Baxmayaraq ki, inkişaf etmiş ölkələr bu cür vəziyyətlərdə bütün sosialyönümlü layihələri dayandıraraq kütləvi şəkildə ixtisarlara başlayır, pensiya və əmək haqlarının aşağı salınması istiqamətində islahatlara start verir, ancaq Azərbaycan tamamilə fərqli addımlar atır. Dövlət başçısının Nazirlər Kabinetinin iclasında çıxışından da məlum oldu ki, 2016-cı il üçün nəzərdə tutulan bütün sosialyönümlü layihələrin hamısı icra olunacaq. Bu da bir neçə faktı bir daha təsdiqləmək üçün imkan verir. Birincisi, Azərbaycan iqtisadiyyatı dərin böhran və təlatümlərə baxmayaraq ayaqda durmağı bacarır. Çünki bu iqtisadiyyat şişirdilmiş rəqəmlər deyil, real fəaliyyət, düzgün siyasətə nəticəsində qurulub. İkincisi, Azərbaycan dövləti və onun prezidenti üçün vətəndaş məmnunluğu, onun sosial rifahının yaxşılaşdırılması başlıca prioritetdir. Əgər bunun əksi olsaydı, o zaman Azərbaycanda da inkişaf etmiş Avropa ölkələrindəki kimi kütləvi ixtisarlar baş verər, əhalinin maaş və pensiyalarının azaldılması islahatları aparılardı. Ancaq indiki vəziyyətdə müşahidə edilən mənzərə ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti ölkədə baş verən təbii və süni qiymət artımından əhaliyə dəyən ziyanı konpensasiya etməyi düşünür və bu istiqamətdə ciddi addımlar atmaq iqtidarındadır. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətinin bu addımı beynəlxalq reytinq agentlikləri, iqtisadi tədqiqat mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir, ayrı-ayrı ekspertlərin dəstəyini qazanır.
Millət vəkili Əli Məsimli də deyir ki, mövcud vəziyyətdən çıxış yollarından biri də maaş və pensiyaların artırılmasıdır ki, bunun da anonsunu dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında verdi. Millət vəkili hesab edir ki, dövlət təbii qiymət artımının əhaliyə vurduğu ziyanı kompensasiya etməkdən ötrü əmək haqqı, pensiya və digər ödənişləri artırmalıdır. Əli Məsimli manatın məzənnəsinin dollara nisbətən aşağı düşməsi nəticəsində qiymət artımının qaçılmaz olduğunu da deyib: "Qiymət artımı əvvəlcə xaricdən gələn məhsullar, eləcə də xaricdən gələn xammal və material əsasinda istehsal olunan mallardan başlayır. Amma bir müddətdən sonra həmin meyllərin təsiri ilə yerli malların qiymətləri də xaricdən gətirilən malların qiymət artımı arxasınca sürüklənməyə başladığından, yerli mallar da bahalaşmağa başlayır. Amma avtomatik yox. Bir müddətdən sonra. Bu mənfi tendensiyanın qarşısı isə təbii ki, sosialyönmlü islahatlar nəticəsində alına bilər. Bu istiqamətdə isə ən yaxşı variant təbii ki, əmək haqqlarının və pensiyaların artırılmasıdır". Millət vəkili onu da deyib ki, manatın ucuzlaşmasından dərhal, yəni cəmi bir gün sonra operativ surətdə Azərbaycanın özündə istehsal olunan buğdanın və 21 dekabra qədər artıq anbarlarda olan dərmanların qiymətinin artırılmasını düzgün hesab etmir: "Qiymət artımı 21 dekabrdan sonra haqqı ödənilərək gətirilmiş mallardan başlamalıdır. Yoxsa bütün ölkələrdə neçə faiz devalvasiya olursa, həmin faiz qədər də inflyasiya olardı. Digər ölkələrin təcrübəsinə baxsaq, görərik ki, əslində belə deyil. Yəni əgər ölkədə, məsələn 20 faiz devalvasiya olursa, məhz həmin ölkənin özündə istehsal olunan malların payının təsiri ilə bu heç də 20 faiz səviyyəsində inflyasiyaya, yəni ümumi qiymət artımına səbəb olmur, Belə ölkələrdə 20 faizlik devalvasiya fonunda 6-8 faiz inflyasiya yaranır. Bizdə də monitoriqlərin dairəsi genişləndirilməli, təbii qiymət artımı ilə süni qiymət artımı bir-birindən fərqləndirilməli və süni qiymət artımının qarşısı alınmalıdır. Çünki süni qiymət artımının hər faizinə görə Azərbaycan ailələri ildə öz büdcələrində üst-üstə 180 milyon manat pul itirirlər".
S.İsmayılbəyli