XİN: 2016-cı ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası prioritet vəzifə olacaq

"Ötən il Azərbaycanın iki ölkədə - Slovakiya və Peruda diplomatik ofisləri fəaliyyətə başlayıb".

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.

Bildirilir ki, Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri eyni zamanda Svazilend Krallığında, Braziliyadakı səfiri eyni zamanda Trinidad və Tobaqoda, Malayziyadakı səfiri eyni zamanda Myanmada və Türkmənistandakı səfiri eyni zamanda Əfqanıstanda akkreditə olunub, həmçinin İtaliyanın Kataniya şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib. Həmçinin ötən il Bakıda Əlcəzair və Portuqaliyanın diplomatik ofisləri açılıb.

Qeyd olunur ki, qarşıdan gələn ildə Xarici İşlər Nazirliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaq. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi və mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00