Millət vəkili: “2016-ci ilin “Multikulturalizm ili” elan olunması tarixi əhəmiyyətə malikdir”

"Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2016-ci ilin "Multikulturalizm ili" elan olunması ölkəmiz üçün çox böyük və tarixi əhəmiyyətə malikdir". Bunu deyən Milli Məclisin deputatı Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır: "Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib, Azərbaycan əsl tolerantlıq və inkişaf məkanıdır". K.Əliyevanın dediyinə görə, hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. Millət vəkili bildirib ki, islamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. K.Əliyevanın bildirdiyinə görə, Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında ölkə Prezidentinin 2014-cü il mayın 15-də imzaladığı Fərman ölkəmizin multikulturalizm dəyərlərinin və təcrübəsinin dünyada təbliği istiqamətində atılan mühüm addımdır. Bütün bunlar digər ölkələr üçün də nümunə ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00