Dövlətin başçısı xalqın yanındadır
12 Yanvar 2016 14:54 Siyasət"Yəqin cənab Prezidentin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş toplantıdakı çıxışında qaldırdığı məsələlərlə hamımız da olmasaq, çoxumuz tanışıq. Dövlət başçısı möhtəkirlikdən, natəmizlikdən, fürsətcillikdən, məmur bacarıqsızlığından danışdı, buna son qoyulacağını bildirdi. Səni, məni, öz ölkəsini sevən hər kəsi narahat edən problemləri açıq şəkildə dilə gətirdi, hətta bizim bir çoxlarımızın bilmədiyimiz mətləblərə də toxundu. Bir sözlə, göstərdi ki, bu çətin günlərdə o, xalqının yanındadır, bizi narahat edən problemlərin həllinin peşindədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, hər kəs üzərinə düşən vəzifəni ləyaqətlə, dövlət adamına xas bir məsuliyyətlə yerinə yetirsə , yəqin bütün bunları deməyə ehtiyac qalmayacaqdı: "Ancaq nə yazıqlar ki, yetirməyənlər və bunun elə belə də davam edəcəyini düşünənlər var. Belələri bilirsinizmi kimə güvənirlər? Paradoksal təsir bağışlayacaq, ancaq həqiqətdir. Onlar indi ən çox yaranmış vəziyyətlə bağlı haray -qışqırıq salan, adamları meydanlara səsləyənlərə güvənirlər. Bəli, belələlərilə işbaz adlandırılan möhtəkirlər və rüşvətxorlar eyni yuvanın quşudurlar. Biz görmədikmi bəzi nazirlər rüşvətxorluqda ittiham edilib tutulandan sonra özlərini müxalifət adlandıranlar necə onları öz partiyalarına dəvət etməyə başladılar. Nəyə görə? Oğurladıqlarından bir hissəsini ələ keçirmək üçün. Çirkli pulların yuyulmasında ixtisaslaşdırılmış banklar olduğu kimi bizdə bəzi partiya və QHT-lər çirkli imiclərin yuyulmasına müntəzirdirlər. Təki pul olsun. Reallıq budur. Reallıq budur ki, hazırda həyatımızda rast gəldiyimiz mənfilikləri ağızlarına çullu dovşan sığmadan şişirdərək pisləyənlərlə, bu mənfiliklərin baş qaldırmasında suçu olanlar necə deyərlər, eyni bezin qırağı, eyni mənəviyyatın daşıyıcılarıdırlar". Millət vəkili deyib ki, Prezident iİlham Əliyevin yeni cəmiyyət quruculuğu, idarəetmənin daha da təkmilləşdirilməsi, şəffaflığın, halallığını artırılmasına yönəldilmiş siyasəti eyni dərəcədə onların maraqlarına cavab vermir: "Hamımızı narahat edən çatışmazlıqların, möhtəkirliyin, inhisarçılığın, yola ver psixologiyasının daha tez aradan qaldırılması üçün indi bizdən bir şey tələb olunur. Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli, onun siyasətini dəstəklədiyimizi hər addımda öz əməlimiz və sözümüzlə göstərməliyik. Necə ki dövlətin başçısı xalqın yanındadır, xalq da öz Prezidentinin yanında o cür yer almalıdır. Eyni prinsipiallıq və qətiyyətlə".