Ölkədə biznes mühitinin inkişaf etdirilməsi başlıca prioritetdir

Məqsəd dövlət üçün lazım olan sahələri inkişaf etdirmək, idxalı əvəzləyə biləcək ixrac qabiliyyətli məhsulları yetişdirməkdir

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi hər zaman prioritet vəzifələrdən olub. Neftdən gələn gəlirlərin zamanında məhz qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkə iqtisadiyyatını dərin böhranlardan nisbətən sığortalaya bilib. Keçən ilin son aylarından baş verən devalvasiya prosesi bir daha sübut etdi ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacib istiqamətlərdəndir. Bunun üçünsə əsas addımlardan biri biznes mühitinin yaxşılaşdırılmasıdır. Etiraf etmək lazımdır ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq tədbirlər görülür, müəyyən zəruri addımlar atılır. Təkcə 2015-ci ilə nəzər salsaq görərik ki, ötən il ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Lisenziyaların. icazələrin sayı azaldılıb, bürokratik əngəllər aradan qaldırılıb. Sahibkarlara öz biznesini inkişaf etdirmək üçün dövlət tərəfindən güzəştli kreditlər verilib. Təkcə keçən il iş adamlarına güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilib. Həmin kreditlərin böyük əksəriyyəti isə aqrar sektora, regionlara verilib. Məhz dövlətin biznes sektoruna göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında bir canlanma müşahidə edilir. Ancaq bütün bunlara baxmayaraq görülən işlər heç də kifayətedici sayılmır. Elə dövlət başçısı cənab İlham Əliyev də biznes mühitinin yaxşılaşdırılması istiqamətində daha çox işlərin görülməsini vacib hesab edir. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərində də bu aydın şəkildə öz əksini tapır. Dövlət başçısı iclasda çıxışı zamanı qeyd edib ki, cari ildə də qeyd edilən istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır: "Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq". Prezident bildirib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir:
"Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik. Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazım olan sahələri inkişaf etdirməliyik ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli məhsulları yetişdirək. Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır.
Göründüyü kimi ölkədə biznes mühitinin daha da inkişaf etdirilməsi gündəmdədir. Bunun səbəbi isə aydındır. Çünki biznes mühiti nə qədər inkişaf etdirilsə, sahibkarlar, iş adamları üçün lazımı şərait yaradılsa, yerli istehsal da bir o qədər artar. Nəticə etibarilə ixrac idxalı üstələyər, daxili tələbat yerli istehsal yolu ilə ödənər. Son illərin təcrübəsi, eləcə də respublikanın ayrı-ayrı bölgələrində mövcud olan imkanlar onu deməyə əsas verir ki, bunün üçün regionların resurslarından daha səmərəli istifadə etmək lazımdır. Elə əksər ekspertlər, iqtisadçılar da bu qənaətdədirlər. Milli Məclisin üzvü Əli Məsimli də hesab edir ki, ölkədə, xüsusən də regionların resurslarından səmərəli istifadəyə əsaslanan, həm kənd təsərrüfatı məhsullarının keyfiyyətli emalına, həm də yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının, eləcə də elmtutumlu və innovativ istehsalın genişləndirilməsi istiqamətində sistemli işlər görülməlidir: "Bunun üçün azad sahibkarlığın, xüsusən də kiçik və orta biznesin qarşısındakı bütün maneələrin aradan qaldırılmalıdır. Eyni zamanda prioritet istiqamətlər üzrə əlverişli şərtlərlə kredit, vergi və digər güzəştlər verilməsi yolu ilə azad sahibkarlığa geniş meydan verilməlidir. Bu yolla həm sürətli inkişafa nail olmaq mümkündür, həm də əhalinin güzaranını nəzərəçarpan dərəcədə yaxşılaşdırmaq olar". Millət vəkili qeyd edib ki, Azərbaycanda neft hasilatı yüksəldikcə bu yüksəlişin təsiri ilə neft amilinin aparıcı roluna əsaslanan model formalaşıb: "Azərbaycan iqtisadiyyatına qlobal təsirləri minimuma endirmək, hazırkı vəziyyətdən az itki ilə çıxmaq və bir sıra fundamental problemlərin həllinə nail olmaq üçün sürətli artıma təsir imkanları getdikcə tükənməkdə olan neft amilinin aparıcı roluna əsaslanan modeldən regionların davamlı tərəqqisinə təminat yaradan milli iqtisadi inkişaf modelinə keçmək lazımndır. Yəni Azərbaycanın "üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelinə keçid sürətləndirilməlidir. Azərbaycanın "üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geosiyasi üstünlüklərdən yararlanmaqla inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı texniki-iqtisadi inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabətqabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Biz belə bir modelın əsaslarına hazırlaşırıq".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00