Maliyyə və ictimai nəzarət, struktur islahatları
Səmərəsiz xərclərin qarşısının alınması üçün vacib şərtdir
12 Yanvar 2016 13:17 SiyasətBir sıra dövlət qurumlarının dövlət büdcəsindən ayrılan vəsaitlərin qeyri-təyinatı üzrə xərcləməsi barədə söhətlər yenidən gündəmə gəlib. Əslində belə hallar uzun müddət ərzində müşahidə olunub, lakin həmin vəsaitlərin "silinməsi" mexanizmi olduğundan qanun pozuntusunu aşkar etmək bir o qədər də asan olmayıb. Yalnız nəzarət orqanlarının ciddi yoxlamaları nəticəsində baş verən qösanlar ortaya çıxarılıb. Məsələ orasındadır ki, dövlət qurumlarına ayrılan vəsaitdən müxtəlif üsullarla "qənaət" edilməsindən büdcə yox, ayrı-ayrı vəzifəli şəxslər yararlanıblar. Özü də belə hallar az qala əksər dözlət qurumlarında müşahidə olunub. Hesablama Palatasının ötən il həyata keçirdiyi audit tədbirləri nəticəsində demək olar ki, yoxlama aparılan bütün idarə və müəssisələrdə dövlət vəsaitinidən səmərəsiz istifadə halları qeydə alınıb. Palatanın 2015-ci il İş planına uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən beynəlxalq layihə üzrə dövlət büdcəsi və xarici kredit vəsaitlərin auditi, Sahibkarlara Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair Analitik təhlilin, Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin auditi, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin yerli xərclərindən ayrılan vəsaitlərin istifadəsi üzrə keçirilmiş audit, Dövlət büdcəsindən Yevlax şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri deməyə əsas verir ki, fəaliyyətdə olan əksər qurumlarda dövlət vəsaitinin xərclənməsi sahəsində çatşımazlıqlar mövcuddur. Artıq belə halların qarşısının alınması istiqamətində ciddi tədbirlərin görüləcəyi şübhəsizdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sözügedən məsələdə toxunulub. Mövcud nöqsanların mahiyətini aşıqlayan dövlət başçısı onun aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlarını da verib. "Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar". Dövlət başçısının bu açıqlamasında demək olar ki, mövcud vəziyyət hərtərəfli əhatə olunub. Yəni, həm nöqsanların mexanizmi, həm də onların aradan qaldırılması yolları göstərilib. Bu yollardan biri də inzibati tədbirlərdir ki, bunun üçün Hesablama Palatası fəaliyyətini gücləndirməli, hüquq-mühafizə orqanlar ilə birgə tədbirlər həyata keçirməlidir. Heç kimə sir deyil ki, bir çox hallarda dövlət qurumları və şirkətləri vəsaitlərin lazımsız və səmərəsiz sahələrə yönəldilməsində maraqlı olurlar. Belə qurumlar bəzən həyata keçirilən infrastruktur layihələrin sosialyönümlü olmadığını, xərclənəcək vəsaitdən heç bir gəlir əldə edilməyəcəyini bildikləri halda onun istifadəsini reallaşdırılar. Elə hallar olur ki, vakant iş yerlərini gizlədən qurumları həmin iş yerləri üçün vəsait ayırılar. Hansı ki, həmin müəssisələr dövlət üçün strateji əhəmiyyət daşıdığından onların fəaliyyəti üçün kifayət qədər vəsaitin ayrılması təmin edilir. Belə halların qarşısının alınması məqsədilə dövlət başçısı həmin şirkətlərdə islahatların aparılmasını zəruri hesab edib: "Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər". Dövlət başçısının müəyyən etdiyi digər istiqamət ictimai nəzarət mexanizminin yaradılmasıdır ki, bununla da dövlət büdcəsindən ayrılan vəsaitlərin əsassız xərclənməsinin qarşısını almaq olar: "Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır". Dövlət başçısının müəyyən etdiyi digər istiqamət struktur islahatının aparılmasıdır ki, bu zaman əlavə məsrəfləri minimuma endirmək olar. Məlumdur ki, ölkədə bir-birini təkrarlayan, eyni funksiyanı icra edən bir sıra dövlət qurumları mövcuddur. Bu sahədə təkmilləşmənin aparılması ilə həm əlavə işçi ştatlarının sayının, həm də ayrılan vəsaitlərin həcminin azalmasına nail olmaq mümkündür. Dövlət başçısı bildirib ki, bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz: "Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq". Ekspetlər də hesab edirlər ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsini təmin etmək məqsədilə islahatların aparılması vacib şərtdir. Çünki daha operativ və çevik qurumların fəaliyyəti səmərəsiz xərclərin istifadəsinə yaranan şəraiti aradan qaldırmış olur. Paralel olaraq inzibati metodların və nəzarət mexanizminin gücləndirilməsi nöqsanların aradan qaldırılması istiqamətində ən oprimal variantdır.
Alim