İlham Əliyev: "Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər"
11 Yanvar 2016 22:26 SiyasətAZƏRTAC bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Bu gün biz 2015-ci ilin yekunlarını müzakirə edəcəyik. Eyni zamanda, 2016-cı ildə görüləcək işlər haqqında danışacağıq.
2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əfsuslar ki, mövcud olan münaqişələr 2015-ci ildə öz həllini tapmadı. Əksinə, dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranmışdır. Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada münaqişələr, qanlı toqquşmalar, müharibələr davam edir.
Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki biz də bu regionda yaşayırıq və regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir. Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən artıq qaçqın, köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir. Yüz minlərlə insan həlak olmuşdur. Milyonlarla insan qaçqın, köçkün vəziyyətində yaşayır.
Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik.
Ancaq bu gün Avropada buna miqrant böhranı deyirlər. Mən dəfələrlə demişəm ki, bu, ilk növbədə, vətənini, əmlakını, doğmalarını itirmiş insanlar üçün böhrandır. Onlar indi Avropaya sığınacaq tapmaq, canlarını qurtarmaq üçün pənah gətirirlər. Orada da onları nələr gözləyir, hamımız yaxşı görürük. Bununla bərabər, yaranmış bu vəziyyət istər-istəməz Avropada radikal qüvvələrin, İslamafobiya meyillərinin güclənməsinə gətirib çıxarır. Bu da çox təhlükəli meyildir.
Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə dərin əlaqələr bağlayır. Biz siyasi, iqtisadi, enerji sahələrində, başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və öz nümunəmizi ortaya qoymuşuq. Ona görə bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini göstərsin.
Keçən il Türkiyə-Rusiya münasibətləri gərginləşdi. Təbiidir ki, bu, bizi çox narahat edir. Çünki hər iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət deyil.
Bununla bərabər, bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı münasibətləri həddindən artıq gərginləşdi və diplomatik əlaqələr kəsildi. İran və Səudiyyə Ərəbistanı bizim üçün yaxın və dost ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət birləşdirir, bir çox layihələr birgə icra edilir. Səudiyyə Ərəbistanı bizim üçün çox önəmli tərəfdaşdır. Yaxşı bilirsiniz ki, keçən il mənim Səudiyyə Ərəbistanına rəsmi səfərim yüksək səviyyədə keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox böyük qonaqpərvərlik göstərilmişdir. Müqəddəs Kəbənin qapıları üzümüzə açılmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, nəinki dəstəkləyir, hətta bu münaqişəyə və işğala görə Ermənistan ilə heç bir əlaqə saxlamır, diplomatik əlaqələr saxlamır. Yəni, İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik əlbəttə ki, bizi narahat edir. Çünki hər iki ölkə ilə bizim yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir.
Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin. Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın.
Yəni, budur keçən il müşahidə olunan mənzərə. Mən hələ MDB məkanında baş verən iqtisadi və siyasi hadisələri demirəm. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşmüşdür. Bu, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Yəni, 2015-ci ildə geosiyasi və geoiqtisadi mənzərə çox narahatedici və ağırdır. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq. Əlbəttə ki, bu reallığı nəzərə alaraq öz siyasətimizi bu il və bundan sonrakı illərdə davam etdirəcəyik.
O ki qaldı ölkəmizin inkişafına, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mən keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etmişəm. Xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökumət başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır.
Bu gün burada regionda gedən proseslərlə bağlı öz fikirlərimi bildirərkən, eyni zamanda, ictimaiyyətə çatdırmaq istəyirəm ki, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa çalışacaq. Çalışacaq ki, risklər azalsın, əməkdaşlıq daha da dərinləşsin.
Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir.
Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq.
Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq. Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq.
Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər.
Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır.
2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək. Bu barədə mən bir qədər sonra öz fikirlərimi bildirəcəyəm.
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir.
Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.
Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir.
Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq buna baxmayaraq, 84 min daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Yenə də burada biz müsbət dinamikanı görürük. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Bu gün biz bu barədə də danışacağıq.
Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Ötən il əhalinin sayı 114 min nəfər artıb. Bu, çox müsbət haldır, ümumi iqtisadi inkişafın təzahürüdür. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki bir il ərzində əhalinin sayının 114 min nəfər artması gələcəkdə yeni iş yerləri, bir neçə ildən sonra yeni uşaq bağçaları, yeni məktəblər deməkdir. Biz bunları etməliyik. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, əhali artır. Eyni zamanda, bu, bizim iqtisadiyyatımıza əlavə yükdür. Biz elə işləməliyik ki, iqtisadi inkişaf, açılan iş yerləri, yaradılan sosial infrastruktur demoqrafik inkişafı üstələsin. Bax, hökumət qarşısında bu vəzifə qoyulur və biz bu vəzifəni icra etməliyik.
Keçən il TANAP layihəsinin inşası başlanmışdır. Bu, ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər. Bu layihənin təşəbbüskarı Azərbaycandır. Əsas iqtisadi yük bizim üzərimizə düşür və biz bu layihəni icra etməyə tərəfdaş ölkələrlə başlamışıq. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub və işlər uğurla davam etdirilir. Bu il artıq kəmərin inşası başlayır.
2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Baxmayaraq ki, Oyunların keçirilməsi üçün cəmi 2 il yarım vaxtımız var idi, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirdik. Bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini, gözəl Bakı şəhərimizi göstərdik. Azərbaycan reallıqlarını 6 min idmançı, minlərlə qonaq öz gözləri ilə görə bilmişlər. Bu reallıqlar bizim nüfuzumuzu daha da artırır və gələcəkdə Azərbaycana qoyulacaq investisiyaların həcmini, Azərbaycana gələcək turistlərin sayını artıracaq. Yəni, Avropa Oyunları sadəcə olaraq, dünyaya bizim təqdimatımız deyildi. Onun çox böyük praktiki nəticələri olacaqdır. Biz müasir idman, xidmət və nəqliyyat infrastrukturu yaratmışıq. Yəni, bütün bunlar Azərbaycan xalqının sərvətidir və bu Oyunlar əlbəttə ki, müstəqil ölkəmizin qüdrətini göstərmişdir. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik. Əlbəttə ki, idmançılarımız da bizi sevindirdilər. Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik. Əslində idman hər bir ölkənin ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman meydanlarında daha çox qələbə qazanırlar. Azərbaycan idman dövlətidir, inkişafda olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə yerinə yetiririk.
2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir. Bütün beynəlxalq rəy sorğuları da rəsmi nəticələri təsdiqləyir. Yəni, bu, çox önəmli hadisədir. Çünki biz demokratiya yolu ilə gedirik, demokratik cəmiyyət qururuq. İnsan haqları, demokratik inkişaf daim bizim prioritet istiqamətlərimizdir. Seçkilər, istənilən seçkilər bu istiqamətdə bir sınaqdır. Biz bu sınaqdan şərəflə çıxdıq. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə ifadə olunmuşdur. Eyni zamanda, aparılan siyasətə xalq tərəfindən yüksək qiymət verilmişdir. Çünki mən seçkilərin nəticələrini belə qəbul edirəm. Bir tərəfdən Azərbaycan dövləti demokratiyaya sadiq olduğunu bir daha nümayiş etdirmişdir, digər tərəfdən, parlament seçkilərinin nəticələri aparılan siyasətə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə görə Azərbaycan vətəndaşlarına minnətdaram və bəyan etmək istəyirəm ki, bundan sonra da biz ölkəmizi inamla irəliyə aparacağıq. Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir.
----------------
10.01.2016
16:11
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirdi. Dövlətimizin başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırdı. Vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirdi. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən prezident İlham Əliyev dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğuladı.
Keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlətimizin başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırdı.
2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən prezident İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirdi. "Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq", - deyən dövlətimizin başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd etdi.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən prezident İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğuladı.
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirdi.
Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğuladı.
Çıxışında TANAP layihəsinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı daha sonra 2015-ci ildə ilk dəfə keçirilən birinci Avropa Oyunlarından danışdı, bu idman tədbirinin bütün dünyaya Azərbaycanın imkanlarını göstərdiyini, ölkədə müasir idman, nəqliyyat və xidmət infrastrukturunun yaradıldığını bildirdi.
Prezident İlham Əliyev parlament seçkilərinin də şəffaf və demokratik şəkildə baş tutduğunu, xalqımızın iradəsini əks etdirdiyini dedi.
Sonra maliyyə naziri Samir Şərifov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Yekun nitqində prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirdi. Azərbaycan prezidenti Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxundu. Bundan əlavə, dövlətimizin başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırdı.
Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.
2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu.
2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışdı, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını dedi.
Dövlətimizin başçısı nəqliyyat dəhlizlərinin səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq dedi ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb və artıq Azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus tırların Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.
Bununla yanaşı, prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni "ASAN xidmət" mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verdi.
Çıxışının sonunda dövlətimizin başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirdi, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etdi.
----------
14:35
"İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər".
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq:
"Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun".
----------
12:56
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.