Neftdən asılılıq minimuma endiriləcək
Ölkədə qeyri-neft sektorunun inkişafı üçün kifayət qədər prioritet sahələr mövcuddur
11 Yanvar 2016 12:29 SiyasətDünya bazarında neftin qiymətinin kəskin şəkildə azalması bir sıra ölkələrin iqtisadi tənəzzülü ilə nəticələnib. Daha dəqiq, neftin qiymətinin enməsi dövlətlərin gəlirlərinin azalmasına səbəb olub ki, nəticədə milli valyitalar dəyərdən düşüb. Baş verən proses dünya bazarına inteqrasiya edən Azərbaycana da təsirsiz ötüşməyib. Nəzərə almaq lazımdır ki, ölkəmizin kifayət qədər iqtisadi inkişafa nail olmasına baxmayaraq hələ də bəzi məhsulların istehsalı baxımından xaricdən asılılıq davam etməkdədir. Elə bu səbəbdən də neftin qiymətinin dünya bazarında dəyişməsi Azərbaycanda da öz təsirini göstərir. Məhz bu amilləri nəzərə alan Mərkəzi Bank ölkənin üzən məzənnə siyasətinə keçdiyini elan edib. İndi Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqdan ibarətdir. Buna isə yalnız qeyri-neft sektorunun inkişafı nəticəsində nail olmaq mümkündür. Xatırladaq ki, Prezident İlham Əliyevi Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsəəyə toxunub. Dövlət başçısı 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirib. Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün kifayət qədər potensial mövcuddur. Ötən ildə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində ölkənin qeyri-neft sektorunun kifayət qədər inkişafına nail olunub. Konkret olaraq 2015-ci ilin doqquz ayı ərzində iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4,0 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9 faizdən 69,3 faizədək yüksəlib. Bu isə o deməkdir ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkənin qeyri-neft sektorunu kifayət qədər inkişaf etdirmək mümkündür.
Prioritet sahələr
Məlumat üçün qeyd edək ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən demək olar ki, son illərdə ölkədə qeyri-neft sektorunda artım faizlə deyil dəfələrlə müşahidə olunur. Nəticədə neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib. Maraqlıdır, bəs Azərbaycanda qeyri-neft sektorunun inkişafında hansı prioritet sahələr mövcuddur? Xatırladaq ki, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Statistik məlumatlara görə, son illər ərzində kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil edib. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bankın hesablamalarına görə ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.
İnkişafı təmin edən tədbirlər və proqramlar
Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər proqramlar qəbul olunub. Məhz bu proqramların uğurla icra olunması qeyri-neft sektorunun unkişafına səbəb ola bilər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf səviyyəsi və mövcud potensial beynəlxalq reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Bu isə o deməkdir ki, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. "Qara qızıl"dan əldə edilən gəlirərdən qeyri-neft sektorunun inkişafına yönəldilməsi nəticəsində iqtisadiyyatın neftdən asılılığı aradan qaldırıla, rəqabətədavamlı iqtisadiyyatın dinamik inkişafına nail olmaq olar.
Alim