Qənirə Paşayeva Taylandda Qarabağdan danışdı
7 Yanvar 2016 15:03 SiyasətMilli Məclisin deputatı Qənirə Paşayeva Taylandın dini liderləri ilə görüşdə Qarabağ və Azərbaycanda multukulturaizmdən danışıb. Q.Paşayeva Taylandda "Cherntawan İnternational Center"də dünyada tolerantlığın azalması barədə çıxışı zamanı Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoq barədə geniş məlumatlar verib. Millət vəkili bildirib ki, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: "Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Bu istiqamətdə din xadimlərinin, dini icmaların da üzərinə çox böyük yük düşür. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır". Q.Paşayeva Taylandda bu ölkənin bütün dünyada tanınmış dini liderlərindən, "Vimuttayalaya Institute" qurucusu V.Vajiramedhi ilə görüş və mərkəz üzvlərinin də iştirakı ilə keçirilən tədbir zamanı bu istiqamətdə Azərbaycan xalqının üzləşdiri problemlərdən də danışıb və Azərbaycan xalqının bu bu bəlalardan əziyyət çəkmiş bir xalq olduğunu deyib: "Məhz bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, azərbaycanlılara məxsus məscidlər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi". Q.Paşayeva görüşün sonunda V.Vajiramedhiyə və "Cherntawan İnternational Center"ə Azərbaycanla bağlı kitablar, materiallar və sənədli filmlər hədiyyə edib.