Tehran-Ər-Riyad gərginliyinin Qafqaza mümkün təsirləri

Rusiya dilemma qarşısında

Hazırda dünyanın diqqət mərkəzində olan əsas məsələ Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginlikdir. Şiə dini lider Nimr əl-Nimrinin şəriət qanunları əsasında edam edilməsi ilə gündəmə düşən Ər-Riyad-Tehran münasibətləri hər ötən gün özünün yeni bir kritik mərhələsinə qədəm qoyur. Artıq iki ölkə arasında bütün diplomatik münasibətlər, eləcə də iqtisadi əlaqələr kəsilib. Ötən gün isə Səudiyyə kralı İranla bağlı bütün sərmayələri ləğv edib. Bu arada İrandakı Səudiyyə Ərəbistanı səfirliyinə olan hücum isə tərəflər arasında hətta hərbi qarşıdurmanın mümkünlüyünü də gündəmə gətirib.
Ər-Riyad-Tehran münasibətlərinin gərginləşməsi Cənubi Qafqaz regionu, Xəzər hövzəsi ölkələri üçün də yaxşı heç nə vəd etmir. Türkiyə-Rusiya gərginliyinin region ölkələrinə mümkün təsirləri aradan qaldırılmadan ikinci bir problemin meydana gəlməsi bölgə üçün həlli qeyri-mümkün olan problemlərə gətirib çıxara bilər. Elə əksər ekspertlər də belə düşünür.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu hesab edir ki, Səudiyyə Ərəbistanı ilə İran arasındakı qarşıdurma xüsusilə Rusiya hakimiyyətini çətin dilemma qarşısında qoyub. Onun sözlərinə görə, Kreml Suriya prezidenti Bəşər Əsədə verdiyi hərbi dəstəyə görə "şiə bloku"nun - İran, İraq və "Hizbollah"ın yanında yer alıb: "Ancaq məsələ burasındadır ki, Rusiyanın müsəlman əhalisinin əksəriyyəti özünü sünni məzhəbinə aid edir və İrana elə bir rəğbətləri yoxdur. Ona görə də Kreml rəsmi Bakı kimi Səudiyyə Ərəbistanı-İran qarşıdurmasında Tehranın yanında yer tuta bilməz. Elə Rusiya Xarici İşlər Nazirliyinin Ər-Riyad-Tehran qarşıdurmasıyla bağlı son balanslı açıqlaması da bundan xəbər verir". Elxan Şahinoğlu qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik bizim üçün mühüm əhəmiyyət kəsb edən bir sualı da aktuallaşdırıb: "Azərbaycan kiminlədir və ya Azərbaycan bu durumda hansı mövqe tutmalıdır? Rusiyanın televiziya kanalları hazırki qarşdurmadan danışarkən süni və şiə xəritələrini ekrana gətirirlər. Həmin xəritədə isə Azərbaycanı şiə rənginə boyayırlar. Bəli, nisbətə görə şiələr Azərbaycanda çoxluq təşkil edir. Ancaq nə yaxşı ki, bizdə milli mənsubiyyət məzhəb amilindən üstün gəlir. Məsələn, İranda yaşayan farslar da şiədir, azərbaycanlılar da. Ancaq millətçi azərbaycanlılar farsların siyasətindən narazıdırlar. Ona qalsa sünni blokunun lideri sayılan Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir, işğal amilinə görə Ermənistanla diplomatik
münasibətləri yoxdur. Halbuki, şiə İranın işğalçı Ermənistanla münasibətləri var. Bununla yanaşı hələ yeni qaz kəməri çəkməyi də planlaşdırırlar". "Atlas" Araşdırma Mərkəzinin rəhbəri hesab edir ki, bütün bunlara baxmayaraq Azərbaycan dövləti olaraq Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalmalıyıq: "Ən yaxşı halda vəziyyətdən "biz Azərbaycana yaxın olan bu iki dövlət arasında münasibətlərin danışıqlar yolu ilə həllini arzulayırıq" açıqlamasıyla çıxmalıyıq".
Politoloq Nurəddin İsmayılov da hesab edir ki, Səudiyyə Ərəbistanı ilə İran arasında yaranmış gərginlik, eləcə də baş verə biləcək mümkün qarşıdurma region üçün bir çox fəsadlara yol aça bilər: "Nəzərə alsaq ki, İran bizim cənub qonşumuzdur, o halda hər hansı hərbi qarşıdurma minlərlə insanın Azərbaycana köç etməsinə gətirib çıxara bilər. Bu isə onsuz da ağır olan iqtisadi durumumuzu bir qədər də gərginləşdirər. Digər tərəfdən İranın Xəzər dənizi boyunca Azərbaycan, eləcə də digər sahilyanı ölkələrlə sərhəddə yerləşdiyini nəzərə alsaq bu təhlükələrin həmin ölkələrə də gedib çatacağını söyləmək olar. Ən əsası Xəzər dənizi də müharibə ocağının bir obyektinə çevriləcək". Nurəddin İsmayılov hesab edir ki, vaxt itirmədən Tehran-Ər-Riyad münasibətlərinin normallaşması istiqamətində addımlar atmaq lazımdır: "Düzdür, bu istiqamətdə müəyyən təşəbbüslər var. Ancaq görünür bu təşəbbüslər yetərli deyil. Beynəlxalq təşkilatlar, dünyanın güc mərkəzləri Səudiyyə Ərəbistanı-İran gərginliyinin aradan qaldırılması üçün hərəkətə keçməlidir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00