Ölkədə struktur islahatlarının aparılması zərurətə çevrilib

Bir-birini təkrarlayan, eyni funksiyaları icra edən qurumların ləğv olunacağı gözlənir

Dünya bazarlında neftin qiymətinin aşağı düşməsi fonunda bir sıra ölkələrin iqtisadi artım tempi azalıb. Beynəlxalq aləmdə baş verən iqtisadi böhran təbii ki, Azərbaycandan da yan keçməyib. Belə ki, neft gəlirlərinin azalması dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəliliyinin artırılmasını labüd edib. Daha doğrusu, əsassız və lüzumsuz xərclərin dondurulması günün tələbinə çevrilib. Belə xərclərdən biri də bir-birini təkrarlayan, eyni funksiyanı icra edən dövlət qurumlarına ayrılan vəsaitlərdir ki, onları da yalnız islahatlar yolu ilə məhdudlaşdırmaq mümkündür. Neftin kəskin dəyərdən düşməsi nəticəsində ölkədə manatın iki dəfə devalvasiyaya uğraması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlar aparmağa məcbur olacağını qaçılmaz edir. Bu prosesin ilk dalğası hələ 2015-ci ilin fevral ayında manatın ilk devalvasiyası zamanı müşahidə olunmaqda idi. Lakin o vaxt hökumətin təcili tədbirlər görməsi nəticəsində struktur dəyişikliyi sahəsində ciddi yenilik edilmədi. Düzdür, Nəqliyyat Nazirliyinin strukturunda ciddi dəyişikliklər edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu, xüsusi xidmət orqanlarında ciddi struktur islahatları və ixtisarlar aparıldı. Lakin bu zaman iş yerlərinin ciddi ixtisarı müşahidə olunmadı. Sadəcə struktur dəyişikliyi ilə vətəndaşların iş yerlərini itirməsi təhlükəsi aradan qaldırıldı. Ancaq etiraf edilməlidir ki, ölkədə baş verən ikinci devalvasiyadan sonra bəzi dövlət qurumlarında istisarların ediləcəyi gözləniləndir. Xatırladaq ki, Prezident İlham Əliyevin hələ ötən il dekabrın 29-da Xəzər rayonunda sakinlərlə görüşündəki çıxışında islahatlarla bağlı mühüm mesaj vermişdi. Dövlət başçısı bildirmişdi ki, gələn il idarəetmə sahəsində islahatlar "yeni formatda" davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını açıqlamasa da, analitiklərə görə, söhbət hakimiyyət sistemində islahatları sürətləndirmək, problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqindən gedir. Çünki neftin 2016-cı il üçün büdcəsində nəzərdə tutulmuş 50 dollarlıq həddən də xeyli ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaradıb. Məlumata görə, hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur. Onu da qeyd edək ki, ixtisarların təkcə təkcə dövlət qurumlarında deyil, eyni zanda özəl sektorda da mümkünlüyü söylənilir. Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayıb. Yeri gəlmişkən, artıq Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun SELEN Elmi-İstehsalat Birliyinin ləğv olunduğu bildirilir. Bəzi iddialara görə, Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin bir qisminin "ASAN xidmət" və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir. Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanması prosesinə start verib. Bildirilir ki, SOCAR artıq müəyyən layihələrin maliyyələşdirilməsinə vəsait ayrılmasını dayandırıb. "Azərenerji", "Azəriqaz", "Azərbaycan Hava Yolları" QSC, Dövlət Dəmir Yolu İdarəsi, "Azərkimya" və digər təşkilatlarda da ixtisarların aparılması yönündə işlər davam etdirilir. Ölkədə qanunsuz fəaliyyət göstərən mənzil istismar sahələrinin ləğvi isə uzun müddətdir ki, müzakirə mövzusudur. Sirr deyil ki, belə ixtisarlar minlərlə insanın işsiz qalması deməkdir. Onu da xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışında iş yerlərinin bağlanmasını ciddi tənqid edərək onun səbəblərinin araşdırılması tapşırığını vermişdi. Dövlət başçısı çıxışı zamanı Azərbaycanda yaranmış yeni, iqtisadi, maliyyə situasiyası dövründə imkanlarımıza, perspektivlərimizə yenidən baxmağa çağırışı etmişdi. Prezident ölkədə açılmış 67 min daimi iş yerinin müqabilində 30 min iş yerinin bağlanması məsələsinin ciddi şəkildə araşdırılması barədə tapşırıq vermişdi. Odur ki, mütəxəssislər hesab edirlər ki, hökumət təcili işsizliyin ölkədə sosial problemə gətirib çıxarmaması üçün ciddi antiböhran tədbirləri barədə düşünməlidir. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, iş yerlərinin bağlanması və yeni iş yerlərinin açılması, neft-qaz sektorunda ixtisarların olması təbii haldır: "Maraqlı olan bunların nisbətidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda demoqrafik inkişaf var, ildə təxminən 100 min insan artır. İş yerlərinin də buna müvafiq açılması mütləqdir. Hazırda qeyri-neft sektoruna önəm verməkdəyiksə, neft-qaz sektoru ilə bağlı sahələrdə ixtisarlar ola bilər. Həmçinin, banklarla bağlı yaranmış problemlərdən dolayı bank sektorunda da ixtisarlar müşahidə edilə bilər. Hansı sektorda olmasından asılı olmayaraq, bu sahə daim dövlətin nəzarəti altındadır. Hesab edirəm ki, məşğulluq idarəsi , İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələni diqqətdə saxlayır". Deputat yeni iş yerlərinin açılması məqsədilə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, turzimin, nəqliyyat sektorunda idarəetmənin optimallaşdırılması və s. mütləq olduğunu qeyd edib: "Turizm sektorunun gəlirli bir sahəyə çevrilməsinə çalışmaq lazımdır. Baxmayaraq ki, bu sahəyə kifayət qədər vəsait ayrılır, amma sahədə hər hansı irəliləyiş hiss olunmur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00