Qərbin ermənilərə dəstək siyasəti

Bu siyasət günümüzdə də davam edir

Tarix boyu Türk dünyasının probleminə çevrilən, türklərə qarşı nifrət hissi ilə yaşayan ermənilər hər zaman imperialist dövlətlər tərəfindən bir vasitə kimi istifadə edilib. Bir növ ermənilər Türkiyə, Azərbaycan, ümumilikdə Türk dünyasına qarşı imperialist güclər tərəfindən təsir vasitəsi rolunu oynayıb. Günümüzdə də Birləşmiş Ştatlar, Qərb, eləcə də digər güc mərkəzləri tərəfindən ermənilər eyni vasitə kimi istifadə edilir. Bu gün də həmin güc mərkəzləri tərəfindən qondarma soyqırım iddiaları Türkiyəyə qarşı bir təzyiq vasitəsi rolunu oynayır. Ümumiyyətlə, ermənilərdən xüsusi olaraq Rusiya, İngiltərə, Fransa və Birləşmiş Ştatlar daha çox yararlanır. Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəyin bu istiqamətdəki araşdırma materiallarında Qərb dövlətlərinin ermənilərə necə dəstək göstərdiyi açıq-aşkar görünür

Rusiyanın ermənilərlə bağlı siyasəti

Özünü güclü bir dövlət mövqeyinə gətirmək istəyən Rusiya, hələ çar I Pyotr zamanında (1682-1725) Boğazlara hakim olmaq istəyinə düşür. Bunun üçün Balkan ölkələrini ələ keçirmək və ya öz rəhbərliyi altına almaq istəyən Rusiya həmin ölkələrdə konsulluqlar quraraq onları Osmanlı dövlətinə qarşı təşkilatlandırır. Lakin Rusiyanın bu siyasəti zaman-zaman İngiltərə və Fransanın mənfəətlərinə zidd olduğu üçün nəzərdə tutulan planlar heç də hər zaman müvəffəqiyyətlə başa çatmır. Aralıq dənizi və Yaxın Şərqdə söz sahibi olmağı, Anadolu torpaqlarını parçalamağı qarşısına məqsəd qoyan Rusiya, bu məqsədlə ermənilərin sıx məskunlaşdığı Ərzurum, İskəndərun xəttini ələ keçirməyə təşəbbüs göstərir. Beləliklə Rusiyanın Osmanlı dövlətindəki erməni kilsələriylə təması və erməni terror ünsürlərini dəstəkləməsinə start verilir. Rusiya, 1828-ci il Türkmənçay müqaviləsi ilə Şərq Ermənistanı özünə tabe edir. İran erməniləri də bu birliyə qatılmaqla nail olduğu yeni bir güclə Osmanlı dövlətinə qarşı hücuma başlayır. 1829-cu ildə Ədirnə müqaviləsi əsasında Rusiyaya köç edən 40.000 erməni sonradan muxtariyyat tələb etdiyi üçün Rusiya ermənilərdən üz çevirir və onların istəyini qəbul etmir.

Amerikanın erməni siyasəti

Birləşmiş Ştatların ermənilərə maraq göstərməsi xarakterik olaraq dağınıq bir halda yaşayan ermənilər üçün yeni bir üfüq açır və onların yeni dünyayla daha möhkəm əlaqə qurmasını təmin edir. Amerika-Erməni yaxınlaşmasına təkan verən amillərdən biri də XIX əsrdən etibarən Anadoludan okeanın o tayına ermənilərin toplu şəkildə köç etməsi olur. Bu köçlər, XIX və XX əsrdə bir neçə dəfə davam edir. Həmin dövrdə Birləşmiş Ştatlar da iqtisadi maraqlarını ön planda tutaraq ermənilərdən bir vasitə kimi istifadə etməyə başlayır. Belə ki, hələ 1780-cı ildən etibarən Anadolu və Yaxın Şərq torpaqlarının təbii qaynaqlarla olan zənginliyi və bazar xüsusiyyəti Amerika üçün cəlbedici sayılırdı. 1820-ci ildə etibarən ABŞ missionerləri vasitəsilə Osmanlıya nüfuz etməyə başlayır. Əvvəllər İngilis səfirliyi, daha sonra 1830-cu ildə Osmanlı dövlətiylə əldə etdiyi anlaşma əsasında ticarət əlaqələri qurulur. Beləliklə, Vashinqton və İstanbul arasında əldə edilən 7 May 1830-cu il anlaşmasıyla təbii qaynaqlarla bağlı kapitulyasiya hüquqları ABŞ-a verilir. Müqavilənin üçüncü maddəsinə əsasən Amerika tacirləri Türkiyədə dəllalıq fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Lakin burada bir maraqlı məqam ondan ibarət idi ki, Vaşinqton bu məsələdə də erməni maraqlarını önə çəkir. Belə ki, ABŞ tərəfindən Türkiyə erməniləri də bu prosesə cəlb olunur. Öz ticarət planına uyğun olaraq ABŞ Anadoluda sahil seqmentlərdə rumlardan, daxili seqmentlərdə də ermənilərdən faydalanır. Bunun nəticəsi olaraq da, Anadoluda zəngin bir erməni burjuaziyası ortaya çıxır. Bu arada amerikalı missionerlər də istər Osmanlı, istərsə də Yaxın Şərqdə öz fəaliyyətlərini davam etdiririrlər. Belə ki, amerikalı missionerlər təkcə 1840-cı ildə yalnız Suriyada 6.000.000 səhifəlik kitab çap etdirərək paylayırlar. 1893-ci ilə qədər isə Türkiyədə 624 məktəb, 436 ibadət yeri açırlar. Türkiyədə bu fəaliyyətlər 1317 missioner tərəfindən icra olunurdu. Həmin ilə qədər Türkiyədə 3 milyon İncil, təxminən 4 milyondan yuxarı da digər xristian meyili kitablar paylanmışdı.

Fransanın erməni siyasəti

Almaniyaya qarşı məğlubiyyətini həzm edə bilməyən Fransa 1878-ci ildə Berlin Konqresində Almaniya ilə problem yaşayan Rusiyayla yaxınlaşmağa başlayır. İngiltərə ilə də ümumi razılığa gələn Fransa Rusiyanı da bu prosesə cəlb edərək Osmanlı dövlətinin parçalanması istiqamətində hərəkətə keçir. 1830-cu ildən 1921-ci ilə qədər, Yaxın Şərq və Aralıq dənizindəki tarazlığı pozan Fransa, eyni zamanda Anadolunun işğalıyla bu ərazilərdəki mövqelərini möhkəmləndirməyə çalışır. Bu məsələdə isə Fransaya Osmanlıda yaşayan ermənilər yaxından köməklik göstərirlər.

İngiltərənin erməni siyasəti

1870-li illərdə dəyişən Avropanın siyasi quruluşu, İngiltərəni də dəyişdirir və ingilislər 1877-1878-ci illərdəki Osmanlı-Rus müharibəsinin nəticəsi olaraq imzalanan Ayastefanos və Berlin müqavilələrindən sonra, Osmanlı Dövlətinin ərazi bütövlüyünü müdafiədən imtina edir. Bununla kifayətlənməyərək onu parçalamaq və bu torpaqlar üzərində özünə bağlı dövlətlər qurmaq siyasətini həyata keçirməyə başlayır. İngiltərə də eyni ilə Rusiya və Fransa kimi Osmanlıya daha təsirli zərbə vurmaq üçün ermənilərdən yararlanmağı düşünür. Tezliklə İngiltərə ermənilərin bir sıra üstünlüklər əldə etməsinə imkan yaradır. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, "1915-1916-ci illərdə Osmanlı İmperiyasında ermənilərin vəziyyəti" adlı kitab da məhz 1916-ci ildə İngilis Hökuməti tərəfindən nəşr olunub. Kitabda iddia edilir ki, Osmanlı torpaqlarında yaşayan 1.800.000 erməninin üçdə biri köç əsnasında həyatını itirib. Əsassız təməllər üzərinə qurulan bu kitab təssüflər olsun ki, İngiltərə parlamenti tərəfindən də dəstək qazanıb. Göründüyü kimi, tarixin hər bir dövründə Birləşmiş Ştatlar, Qərb, Avropa öz maraqlarına nail olmaq üçün ermənilərdən maksimum dərəcədə yararlanıb. Onların qurduğu oyunlar isə zaman-zaman Türkiyənin ziyanına işləyib. Təssüflər olsun ki, bu gün də Qərb, Avropa eyni oyunları davam etdirir. Bu dəfə isə hədəfdə Türkiyə ilə yanaşı, həm də Azərbaycandır.

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00