Müxalifət üçün daha bir uğursuz il
Hər ötən il bu düşərgənin ziyanına işləyir
30 Dekabr 2015 12:01 SiyasətArtıq 2015-ci il başa çatmaq üzrədir. Başa vurmaqda olduğumuz il də Azərbaycanın ictimai-siyasi həyatı üçün əhəmiyyətli oldu və il ərzində ölkədə bir sıra mühüm hadisələr baş verdi. Bəs görəsən cəmiyyətin əsas siyasi təbəqəsi hesab edilən siyasi partiyalara bu il necə təsir göstərdi? Ümumiyyətlə, 2015-ci il Azərbaycan müxalifəti üçün nə dərəcədə uğurlu və uğursuz oldu? İl ərzində siyasi səhnədə baş verənlər və həmin hadisələrə müxalifətin təsir mexanizminə nəzər saldıqda əminliklə deyə bilərik ki, 2015-ci ildə də müxalif düşərgədə passivlik müşahidə edildi. Baxmayaraq ki, bu il həm də parlament seçkiləri ili idi, amma buna baxmayaraq sözügedən düşərgədə təmsil olunan partiyaların əksəriyyətinin aktiv seçki mübarizəsi apardığının şahidi olmadıq. Əksinə əvvəlki seçki illərinə nisbətən bu seçkilərdə müxalif düşərgə demokratik mübarizə üsulundan kənarda qaldı. Daha dəqiq desək, müxalif siyasi partiyaların bir qismi seçki uğursuzluğunu öncədən görərək bu prosesə qoşulmaqdan imtina etdilər. 2015-ci il 20 ildən artıq müxalifətdə sanki monopoliya yaratmış Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası üçün arzuedilməz oldu desək yanılmarıq. Bir-birinin ardınca baş verən istefalar, hətta sədr müavinlərinin cəbhəçilərin dili ilə desək xəyanət yolunu tutması AXCP üçün gözlənilməz oldu. Xüsusilə, bu partiyanın ağır artileriyası və qrant mənbəyi hesab edilən Razi Nurullayevin Əli Kərimlinin yanından uzaqlaşması AXCP-yə vurulan sarsıdıcı zərbə idi. Çoxları baş verənlərdən sonra Əli Kərimlinin siyasi mədəniyyət nümayiş etdirərək AXCP sədrliyindən istefa verəcəyini düşünsə də, lakin müxalif monopolist yenə də əvvəlki ənənəsinə sadiq qalaraq kreslosundan iki əlli yapışdı. Ancaq bütün cəhdlərə baxmayaraq ortada olan mənzərə ondan ibarətdir ki, artıq AXCP adlı bir partiya siyasi səhnədən təcrid olunmaqdadır. Və bu təcridolunma siyasətinin əsası məhz 2015-ci ildə qoyuldu. Müsavat Partiyası da 2015-ci ildə uğursuzluq zolağına düşən partiyalardan oldu. Arif Hacılının qurultayda başqanlıq postuna sahiblənməsi çox keçmədən partiyada daxili ziddiyətlərə səbəb oldu. Yeni başqanın idarəçilyindən razı qalmayan müsavatçıların təklif və iradlarının Arif Hacılı tərəfrindən dinlənilməməsi, hətta etiraz edənlərin Müsavatdan qovulma təhlükəsi ilə üzləşməsi nəticə etibarilə bu partiyada da kütləvi istefalara gətirib çıxardı. AXCP-də olduğu kimi Müsavatda da partiyanın ağır artileriyaları sayılan Vurğun Əyub, Qubad İbadoğlu, Səxavət Əlisoy və digərləri uzun illər bir sırada olan müsavatçıları tərk etdi. Həm Azərbaycan Xalq Cəbhəsi Partiyası, həm də Müsavatda baş verən kütləvi istefalar hər iki siyasi təşkilatın parlament seçkilərindən kənarda qalmasına gətirib çıxartdı. Daha dəqiq desək bu partiyalarda cəmiyyət tərəfindən ciddi qəbul ediləcək, deputat kürsüsü uğrunda mübarizədə qalib gələ biləcək biriləri olmadığı üçün həm AXCP, həm də Müsavat Partiyası seçkilərə qatılmadı. Düzdür, müsavatçılar ilkin mərhələdə bu prosesə qoşulsa da, lakin sonradan siyasi güclərinə bələd olduqlarından seçki prosesini yarımçıq tərk etdilər.
Etibar Məmmədovun sədrlikdən getməsindən sonra rəhbərlik baxımından bəxti gətirməyən Azərbaycan Milli İstiqlal Partiyası başa vurmaqda olduğumuz ildə də "ənənəsinə" sadiq qaldı. Belə ki, partiyanın sədri Yusif Bağırzadə gözlənilmədən sədrlik postundan istefa verərək sələfləri kimi AMİP-i başsız qoydu. Parlament seçkilərinin gərgin zamanında baş vermiş bu istefa heç şübhəsiz ki, AMİP-in seçki strategiya və taktikasına mənfi təsirsiz ötüşmədi. Nəticə etibarilə AMİP-də seçkilərdə uğursuzluqla qarşılaşdı.
2015-ci il digər müxalif partiyaları üçün də uğursuzluqla yadda qaldı. Uzun müddət birgə əməkdaşlıq edən Ümid və Azərbaycan Demokrat Partiyası yollarını ayırmalı oldu, parlament seçkilərində birgə iştirakı qarşıya məqsəd qoyan "Azadlıq-2015" seçki bloku elə parlament seçkiləri ərəfəsində parçalandı. Hazırda da müxalifət düşərgəsi düşmüş olduğu depresiyadan çıxmaqda çətinlik çəkir. Bu kimi mənfi tendensiya müxalifətin tədricən, qarşıdakı illərdə siyasi səhnədən silinməsinə gətirib çıxaran amillərdəndir.
Füzuli