Əfv sərəncamı qızıl hərflərlə yazılan dəyərdir

Deputat: “Prezident İlham Əliyevi müxalif fikirli insanların əfv sərəncamı ilə bağlı reallığa uyğun olmayan yanaşması qətiyyən maraqlandırmır”

Azərbaycan Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən başa çatdırılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əfv sərəncamı Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə azadlıqdan məhrumetmə növündə cəza çəkən 198 nəfərə, eləcə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə məhkum edilmiş daha 12 nəfərə şamil edilib. Sərəncamın icrası Ədliyyə Nazirliyi aparatının məsul işçilərinin, Penitensiar Xidmət üzrə Baş idarənin rəhbər əməkdaşlarının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə üzvlərinin, Ombudsman Aparatı, qeyri-hökumət və dövlət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkumların yaxınlarının iştirakı ilə təntənəli şəkildə həyata keçirilib. Qeyd edək ki, indiyə qədər dövlət başçısının imzaladığı 60-dan artıq əfv fərmanı ilə 6 min məhkum azadlığa qovuşub. İnsan hüquq və azadlıqlarının qorunmasına xidmət edən əfv fərmanları və amnistiya aktlarını reallaşdıran gənc müstəqil dövlətimiz barədə artıq beynəlxalq aləmdə özünəməxsus bir fikir formalaşıb. Qəti və birmənalı fikir ondan ibarətdir ki, belə humanist addım dünyanın heç bir ölkəsində qeydə alınmayıb. Lakin bunun əksinə olaraq xarici dairələrin təsiri altında olan bəzi daxili qüvvələr hər vəchlə əfv fərmanlarından siyasi maraqlar üçün istifadə etməyə çalışırlar. Millət vəkili, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti həmişə çalışıb ki, vətəndaşlarına qarşı humanist addımlar atsın. A. Quliyev vurğulayıb ki, hər bir məhbus Azərbaycan dövlətinin ədalətinə və qayğısına etimad göstərməlidir: "Onları yalnız Azərbaycan dövləti, cənab prezident İlham Əliyev əfv edə bilər. Bu dəstəyi başqa yerdə axtaranda, nəticə heç də onların xeyrinə olmur. Azərbaycan Prezidenti həmişə çalışıb ki, vətəndaşlarına qarşı humanist addımlar atsın, məhkumları əfv edərək cəzalarının qalan hissəsindən onları azad etsin. Bu siyasət davamlı şəkildə olub. Dünən də bizi bunun şahidi olduq. Amma, kimsə məhbus məsələsini özünün siyasi maraqları üçün istifadə edirsə və bu məsələni alətə çevirirsə, bu yalnız həmin dairələrin maraqlarına xidmət edir. Yəni bunun heç bir halda adları hallandırılan məhbuslara faydası olmur. Bəzən müxtəlif beynəlxalq qurumlar, şəxslər ölkədəki məhbusların dərhal azadlığa buraxılmasına çağırış edir. Bu isə məsələnin həll yolu deyil. Çünki, Azərbaycana təzyiq etməklə heç bir məhbusun azadlığa çıxmasına nail olunması mümkün deyil. Amma, təəssüflər olsun ki, bəzən xaricdən və daxildən olan yanlış müdaxilələr bir çox hallarda ümumi işə mənfi təsir edir. Bəzi siyahılarda adları keçən məhbusların özləri, onların yaxınları və hüquqlarını müdafiə edənlər də bilməlidirlər ki, dəstəyi xaricdən deyil, dövlətdən istəsələr bu ilk növbədə onların da marağına uyğun olar. Biz özümüz istənilən ağrılı və mübahisəli məsələləri ölkənin daxilində dialoq və anlaşma yolu ilə həll etmək iqtidarında olmalıyıq. Kənar şəxslərin və təşkilatların yersiz müdaxiləsi isə bu dialoqu zədələməyə hesablanıb. Bu reallığı hamı qəbul etsə, yaxşı olar". A. Quliyev qeyd edib ki, "Cənab prezident heç bir halda əfv komissiyasının təqdim etdiyi siyahıdan kimlərisə çıxarmır, əksinə əlavələr edir" haqqında söylədiyim fikri bir daha təsdiq edirəm. Lakin "Azadlıq" qəzeti bilərəkdən bu ifadəni özü bildiyi kimi şərh edib və "insan haqları üzrə işçi qrupu" ilə Prezident yanında əfv komissiyasını səhv təqdim edib. Belə ki, məhbusların əfv haqqında müraciətlərini yalnız əfv komissiyası əsasnaməsinə uyğun olaraq araşdırıb tövsiyə xarakterli qərar qəbul etmək səlahiyyətinə malikdir. Hüquq müdafiə təşkilatları isə istənilən məhbus haqqında təkliflə çıxış edə və onları narahat edən məsələlərin həlli ilə əlaqədar təşəbbüs irəli sürə bilərlər. Bizim bu sahədə normal əməkdaşlıq təcrübəmiz var. Burada hər hansı bir şübhəli məqam axtarmağa və siyasi manipulyasiyaya yol verməyə dəyməz. Bir də niyə bu adamlar 210 nəfər şəxsin əfv olunaraq ailəsinə qovuşmasına bu qədər etinasız yanaşır və bu mühüm qərarı görməzlikdən gəlirlər? Görünür, bunları heç də vətəndaşların hüquqları deyil, aid olduqları dairələrin siyasi maraqları daha çox düşündürür". Hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, əfv fərmanının guya narkomanlara, cinayətkarlara, tüfeylilərə şamil olunması ilə bağlı müxalifət təmsilçilərinin iddiaları həqarətdən başqa bir şey deyil. Çünki məhkum olunan hər bir kəsin vaxtından öncə azad olunma hüququ var. Onun sözlərinə görə, müxalifət təmsilçilərinin əfvlə bağlı səsləndirdiyi iddialar yersizdir və bayram ərəfəsində əfv sərəncamının verilməsi ölkə başçısının humanistliyindən irəli gəlir. S. Məmmədov qeyd edib ki, əfv sərəncamından öncə ictimai sektorda olan bəzi şəxslərin azadlığa çıxacağı ilə bağlı gözləntilər var idi: "Leyla və Arif Yunuslar barədə məhkəmənin humanist qərarından sonra bu şəxslərə də əfv sərəncamının tətbiq olunması gözlənilən idi. Eyni zamanda, bu hadisələrin fonunda beynəlxalq təzyiq artmışdı. Yəni, vahid şəbəkə - ABŞ-dakı bədnam konqresmen Kris Smit, Avropa Şurasının baş katibi Tyorborn Yaqland, xaricdən maliyyələşən ölkədəki bəzi qruplar vahid siqnal əsasında fəaliyyət göstərir və müxtəlif hesabatlar hazırlayırlar. Bu yaxınlarda 93 nəfərlik siyahı və 38 səhifəlik hesabat ortaya çıxdı. Bunların hər biri hökumətə təzyiq, meydan oxuma, ultimatum vermək xarakteri daşıyırdı. Azərbaycan dövləti nümayiş etdirdi ki, kiminsə təzyiqi ilə qərar qəbul etmir. Ümumilikdə isə 210 nəfərə əfv sərəncamının tətbiq olunması humanist addımdır". Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə əfv fərmanı imzalayıb. Bu, hər şeydən əvvəl ölkə başçısının hümanizminin nümunəsi və eyni zamanda vətəndaşlarına verdiyi dəyərin nümunəsidir. Onun sözlərinə görə, əgər dövlət vətəndaşı qanuna tabe edirsə, buna uyğun fəaliyyət göstərirsə, deməli hər zaman da onu müdafiə edir və qoruyur: "Eyni zamanda kimsə qanunsuz əməl törədibsə o, mütləq şəkildə cəzalandırılır. Bununla belə, həmin şəxsin cəzalandırılması ilə yanaşı, dövlətimiz tərəfindən ona qucaq açılır və hümanizm nümayiş etdirilir. İndiyədək dövlət başçısı tərəfindən imzalananan əfv fərmanı ilə 6 minə qədər məhkum azadlığa çıxaraq öz ailələrinə qovuşub. Hesab edirəm ki, bu, bir daha onun göstəricisidir ki, Azərbaycan Respublikasının Prezidenti hamının Prezidentidir və onun üçün əsas məsələ vətəndaşı qorumaq, qayğısına qalmaqdır". Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, Azərbaycan dövlətini, Prezident İlham Əliyevi müxalif fikirli insanların əfv sərəncamı ilə bağlı reallığa uyğun olmayan yanaşması qətiyyən maraqlandırmır. Əfv sərəncamlarının verilməsi isə dövlət başçısının müstəqil siyasətinin fəlsəfəsidir. Deputat vurğulayıb ki, Əfv komissiyasının üzvlərini məhbusun kimliyi maraqlandırmır: "Əfv olunacaq məhkumlar üçün Əfv komissiyasının əsasnaməsinin şərtləri, törətdiyi cinayətin tərkibi, məhkumun cəmiyyət üçün təhlükəli olmaması, zərərçəkənin mövqeyi və cəzasının müəyyən hissəsini çəkməsi əsas götürülür. Əgər bu şərtlərə uyğun gəlirlərsə, nə qədər müraciət edilərsə, o qədər məhkuma əfv şamil olunur. Azərbaycan cəzaçəkmə müəssisələrində siyasi məhbus yoxdur, ola bilməz. Ümumiyyətlə siyasi məhbus anlayışının tərifi varmı? Əlbəttə yoxdur. Çünki, belə bir beynəlxalq konvensiya, qətnamə, deklorasiya yoxdur. Bu anlayış Qərb, Avropa, beynəlxalq təşkilatların Azərbaycan üzərində etmək istədikləri təzyiq eksperimentidir. Azərbaycanda isə siyasi baxışına görə heç kəs təqib olunmur. Ona görə də əfvə düşəcək məhkumlar üçün məhkum və onun törətdiyi cinayət əsas götürülür". Millət vəkili qeyd edib ki, son 10 ildə bu qədər sayda əfv olunan məhkum olmayıb: "Ölkə başçısının bu addımı çox böyük humanistlikdir. Hər dəfə əfv sərəncamının imzalanması cinayət törətmiş və hazırda cəza çəkən insanlar üçün böyük dərsdir. Allah insanı elə yaradıb ki, səhv etməyə, bəzi hallarda cinayət törətməyə meyilli olur. Sonradan törətdiyi əmələ görə peşmançılıq hissi keçirir. Prezident İlham Əliyev ötən gün imzaladığı əfv sərəncamı ilə 210 nəfər məhkuma sağlam həyata inteqrasiya olunmaq üçün şans verdi. Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində verilən əfv sərəncamı qızıl hərflərlə yazılan dəyərdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00